Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

XALQ ARTİSTİ ARİF QULİYEV:"...əsas odur ki, pul həmişə olsun"

Xalq artisti Arif Quliyev Sputnik Azərbaycan-a müsahibəsində yeni rollarından və onu məyus edən məsələlərdən danışıb.

Yenixeber.org: Müsahibəni oxucularımıza təqdim edirik:

– Arif müəllim, hazırda nə işlə məşğulsunuz?

– Son iki ildir yorulmadan film və serialların çəkilişində iştirak edirəm. Təkliflər çoxdur, sadəcə onların əksəriyyəti ürəyimcə deyil. Təəssüf ki, dövrümün rejissorları çox nadir hallarda məni çəkiblər. Bu, Nəsibə Zeynalova, Rafael Dadaşov və digər aktyorlara da aiddir. Ona görə də onlar çox az filmlərə çəkiliblər. İndi isə gənc rejissorlar çox tez-tez mənə müraciət edirlər. Onu da qeyd etməyə bilmərəm ki, sizin saytın şüarı – “Deyilməyənləri deyirik” çox xoşuma gəlir.

– Deməli, başqalarının susduğu mövzuda sizin deyəcəkləriniz var?

– Mənim ürəyimdə, qəlbimdə demək istədiyim çox söz var. Məni incidən odur ki, bu dünyanı tərk edən korifeylərimizi çox nadir hallarda xatırlayırlar. Əgər belə davam eləsə, gələcək nəsillər onlar haqqında, ümumiyyətlə heç nə bilməyəcək. Hesab edirəm ki, bizim kanallar əyləncəli verilişlərlə yanaşı, Azərbaycan incəsənəti və kinematoqrafiyası üçün çox iş görmüş insanlara həsr olunan proqramlara da yer verməlidir. O da xoşuma gəlmir ki, yaşlı nəsildən olan aktyorlar cavan həmkarlarını dəstəkləmirlər. Hazırda Prezident İlham Əliyev müxtəlif sahələrdəki gənclərə, eləcə də artistlərə böyük dəstək verir. Əgər biz əvvəllər 25 illik yaradıcılıq fəaliyyətindən sonra Əməkdar və Xalq artisti adlarını alırdıqsa, indi gənc artistlər cəmi bir neçə il işləyəndən sonra bu titullara sahib olurlar. Bu, məni çox sevindirir. İnsanlara vaxtında qiymət vermək lazımdır.

– Sizin nəsildən olan aktyorların çoxu film və serial çəkilişlərinə dəvət olunmadıqlarından şikayətlənirlər. Rejissorlar isə bunu o aktyorların böyük həcmdə qonorar tələb etmələri ilə əlaqələndirirlər. Siz bu barədə nə düşünürsünüz?

– Bu, adamdan asılıdır. Məni heç vaxt böyük qonorar maraqlandırmayıb. 40 ildən artıq toylarda çıxış etmişəm və bir dəfə də olsun, qiymət deməmişəm, nə qazanmışamsa, buna görə Allaha şükür eləmişəm. Əsas o deyil ki, pul çox olsun, əsas odur ki, pul həmişə olsun.

– Həyatınızda arzu etdiyiniz hər şeyə nail olmusunuz?

– Heç vaxt qarşıma məqsəd qoymamışam. İndi aktyorlar, müğənnilər səhnəyə məşhur olmaq üçün çıxırlar. Onlar başa düşmürlər ki, bunun üçün istedad və əməksevər olmaq lazımdır. Hər bir insanın istedadı var, amma heç də hamı istedadını üzə çıxara bilmir. Etiraf edim ki, mən də əvvəllər jurnalist olmaq, məqalə yazmaq istəyirdim. Düzdür, arzumu reallaşdıra bildim. “Bakinskiy raboçiy”, “Azerbaydjanskiy uçitel”, “Vışka” qəzetlərində mənim minə yaxın materialım çıxıb. İndiyə qədər onların hamısını qoruyub saxlayıram. Əsasən, teatrdan yazırdım.

– Teatrdan o qədər yazdınız ki, axırda da aktyor olmaq qərarına gəldiniz?

– Ona görə aktyor oldum ki, özümdə bu istedadı hiss elədim. Düşünürəm ki, düzgün seçim etmişəm. Həmişə insanlara acı, göz yaşı əvəzinə sevinc və gülüş bəxş etmək istəmişəm. Mən bu arzumu da həyata keçirə bildim. Bu gün hər dəfə öz obrazlarımın köməyi ilə insanlara gülüş bəxş edirəm. Teatrlarda elə aktyorlar var ki, artıq 30-40 ildir işləyirlər, amma hələ də heç bir fəxri ada layiq görülməyiblər. Təəssüf ki, onlar vaxtında ayıla və başqa peşə ilə məşğul ola bilməyiblər.

Rollarımın hər biri mənim övladımdır. Uşaqlarım mənim fəxrimdir, bu, rollarıma da aiddir. Aktyor olmaq istəyənlərə məsləhət görürəm ki, papaqlarına qabaqlarına qoysunlar və Hamletin məşhur “olmaq, ya da olmamaq” sözləri ətrafında düşünsünlər. Bu, elə müğənnilərə də aiddir. Onlar yağışdan sonra çıxan göbələklər kimi artmaqdadırlar. Nə qədər ki, pul var, bir neçə il səhnəyə çıxırlar, pul qurtaran kimi yoxa çıxırlar. Onları heç kəs xatırlamır. Amma Rəşid Behbudov, Zeynəb Xanlarova kimi ifaçıları həmişə dinləyəcəklər.

– Şöhrətə gedən yolunuzun üstündə çox adam dayanıb?

– Elə adamlar çox azdır. Onlar indi də var. Bu adamlar başa düşmürlər ki, mənə heç nə edə bilməzlər. Taleyimə nə yazılıbsa, o da olacaq. Allah özü mənə aktyorluq istedadını verib və indi də məni paxıl adamlardan qoruyur. Çox adam mənə badalaq vurmağa çalışıb, amma heç vaxt o adamlara cavab verməmişəm. Həmişə öz yaradıcılığımla məşğul olmuşam və istedadımla onların ağzını yummuşam.

– Arif Quliyev üçün milyonlarla insana gülüş bəxş etmək asandırmı?

– İnsanları ağlatmaq güldürməkdən asandır. Mən Xalq artistləri İlham Namiq Kamalın, Afaq Bəşirqızının iştirak etdiyi tamaşalara baxanda gülürəm. Onların yaratdıqları obrazlar həmişə məndə gülüş doğurur. Hərdən şəhərdə gəzərkən görürəm ki, adamlar mənə baxıb gülürlər. Başa düşürəm ki, onlar Arif Quliyevə gülmürlər, oynadığı rollara gülürlər. Bu yaxınlarda küçədə məni bir ailə dövrəyə aldı və etiraf etdilər ki, 30 ildir yaradıcılığımı izləyirlər. Şadam ki, Allah mənə bu qədər insanın sevgisini qazanmaq üçün istedad verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam