Dramaturq Firuz Mustafanın “ SEHRBAZ” əsəri səhnələşdirilib -TƏƏSSÜRAT // VİDEO
BİRİNCİ HİSSƏ:
Yenixeber.org: Etiraf edim ki,Bakı Bələdiyyə Teatrının hazırladığı “Sehrbaz” tamaşısına baxmasaydım, bəlkə elə bu qeydlərimi yazmayacaqdım. Ona görə yox ki, vaxtı ilə bədii yaradıcılıqla, xüsusilə dramaturgiya ilə məşğul olsam da sonradan obyektin və subyektiv səbəblərdən bu sevdiyim sənətdən uzaqlaşdım və daha bu sahə ilə maraqlanmırdım.Əksinə,tez-tez teatrlara gedər ictimai baxışlarda iştirak edərdim.Mən teatra,səhnəyə müqəddəs bir ocaq kimi baxardım və ordakı tamaşalardan sözün həqiqi mənasında böyük məmnunluq duyardım. Amma təəssüf ki,getdikcə bu ocağın şöləsi öləziməyə və sönməyə başladı.Bədii və dramaturji cəhətdən zəif,səhnəyə uyğun olmayan,heç bir məna və mahiyyət kəsb etməyən əsərlər teatra yol aldı.Bu hal artıq Akademik Milli Dram Teatrına da gəlib çatmışdı.Hətta bir dəfə yaxşı tanıdığım və hörmət etdiyim bir nəfər (adını demirəm) gülə-gülə mənə yaxınlaşıb dedi ki, səni Azdramada tamaşama dəvət edirəm,xahiş edirəm imkan tapıb gəl. Əvvəl inanmadım,sonra dəvətnaməni çıxarıb mənə verəndə sanki quruyub yerimdə qaldım.Gözlərim qaraldı. Özümü təhqir olunmuş kimi hiss etdim.Tamaşanın quruluşçu rejissoru isə respublikanın tanınmış sənət adamlarından biri və xalq artisti idi...Bu,mənim Akademik Milli Dram Teatrına axrıncı gedişim oldu...
Həmin dövrlərdə respublikada elə bir vəziyyət yaranmışdır ki,idmana verilən qiymət elmə,mədəniyyətə,sənətə,təhsilə verilmirdi. İnsanlar sanki taleyin ümidinə buraxılmış,mənəvi aşınmalara məruz qalırdılar.Bunu yalnız keçid dövrünün fəsadları ilə bağlamaq düzgün olmaz.Çünki həmin vaxt hər yerdə möhtəşəm idman kompleksləri ucalmaqda idi.Bu ögey münasibət ,biganəlik,etinasızlıq bütün sahələrdə özünü göstərirdi ki,bu da durğunluğun yaranmasına, milli və yaradıcı təfəkkürün erroziyaya uğramasına səbəb olurdu.Belə bir dövrdə mən nəsə yazıb nəyinsə haqqında fikir söyləmək,təhlil etmək,rəy yazmaq həvəsində,iqtidarında deyildim.Ürəkdən gəlməyən söz ürəklərə yol tapa bilməz.Süni,bayağı,kiməsə xoş gəlmək üçün nəsə yazmaq mənlik deyildi.Amma Əməkdar incəsənət xadimi,istedadlı dramaturq Firuz Mustafanın Bakı Bələdiyyə Teatrında tamaşaya qoyulmuş “Sehrbaz” əsəri sanki məni yerimdən oynatdı.
Sözün həqiqi mənasında uzun illər çəkdiyim ağrı-acıları bir anın içərisində mənə unutdurdu.Ürək dolusu nəfəs aldım.Deyim ki,çox sevindim.Bir anlıq mənə elə gəldi ki,dünyanın ən qabaqcıl,ən sivil və ən böyük ölkələrinin teatrlarında “Hamletə” və “Solğun çiçəklər”ə baxıram.Və burda tamaşaçılar da olduqca fərqli,olduqca mədəni,olduqca həssas,hissli və duyğuludurlar.Tamaşa haqqında qısa da olsa öz fikirlərimi deyəcəyəm.Ancaq burda məni ən çox maraqlandıran və deyərdim ki təəccübləndirən tamaşaçılardır. Sözün həqiqi mənasında heyrətimi gizlədə bilmədim.Qəlbim iftixarla döyündü.Sanki özümü Moskvada-Mayakovski Teatrında hiss edirdim.Onda mənim də burda tamaşaya qoyulmuş “Blizkiy meridian” (Yaxın Meridan) pyesimin ictimai baxışına bu qədər insan gəlmişdi.Hamısı Moskvanın tanınmış ziyalıları,sənət adamları idi. Burda da belədir.Aydın hiss olunurdu ki, teatra gələn tamaşaçıların əksəriyyəti ziyalılar, elm və sənət adamları, ictimaiyyətin fəal nümayəndələri idi.Ancaq bir fərqi vardı: orda ruslar idi; burda özümüzünkülər.Bizim tamaşaçıların səviyyəsi heç də onlardan aşağı deyildi:Və mən deyərdim ki, bəlkə də əksinə,bizimkilərin səviyyəsi daha yüksəsk idi:Əgər bu,bir tərəfdən bizim tamaşaçıların yüksək mədəniyyət sahibi olduğunun nümunəsidirsə ,digər tərəfdən tamaşanın necə maraqlı olduğunun əyani göstəricisi idi. Sovet təcrübəsindən görmüşdük ki, tədbirlərə, iclaslara,tamaşalara,konsert salonlarına məcburi insan yığırdılar və bunların əksəriyyəti demək olar ki, büdcədə çalışan və dövlət idarəsində işləyən adamlar olardı.Getdikləri tədbirlərin mahiyyəti məqsəd və məramları onları əsla maraqlandırmazdı. Amma “Sehrbaz”ın tamaşasında gördüyüm mənzərə tamam başqa idi. Onlar məcbur və ya nəyinsə ,kiminsə xatirinə gələn tamaşaçılar deyildi,əsl sənətsevər, yüksək intellek sahibi olan insanlar idi.Sözün həqiqi mənasında teatrda qələbəlik idi. Tamaşa zalında və lojalarda oturmağa yer yox idi. Tamaşaya olan maraq bir çox insanları ayaq üstə durmağa məcbur etmişdi. Mən bunu yalnız Firuz Mustafanın “Sehrbaz” tamaşasına olan böyük marağın, onun müəllifinə olan böyük hörmətin və sevginin məntiqi nəticəsi kimi qiymətləndirirəm. Bunu deməyi özümə borc bilirəm ki, Firuz Mustafa adi bir yazıçı və dramaturq deyil, müstəqillik dövrümüzün ilk illərində dramaturgiyamızın ağırlığını çiyninə alan, onun məsuliyyətini dərk edən, öz peşəkar və samballı əsərləri ilə ona əlavə məna və çalarlar bəxş edən çox az saylı sənətkarlarımızdan biridir. Təəssüf hissi ilə deyim ki, məni həmişə narahat edən, düşündürən bir məsələni xüsuailə vurğulamaq istəyirəm ki, hələ indiyə qədər Akademik Milli Dram Teatrı Firuz Mustafa dramaturgiyasına müracıət etməmişdir. Açığını deyim ki, bu məni çox incidir. Firuz Mustafa sadəcə elə belə pyes yazan və müxtəlif vasitələrlə teatrlara yol tapan müəliflərdən deyil, peşəkar dramaturqdur və 30 cildə yaxın seçilmiş əsərləri çap olunub. Onun bir çox pyesləri respublikamızın müxtəlif dövıət teatrlarında, xarici ölkələrdə və o cümlədən Rusiya və Türkiyənin aparıcı teatrlarında tamaşaya qoyulmuşdur.
Ardı var...(DogruXeber.az)