Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

ABŞ və Çin arasında gərginlik artır-ŞƏRH

 

 Ölkəsinin Çinlə rəqabətini yeni “soyuq savaş” kimi qiymətləndirən dövlət katibi Pompeo SSRİ-nin taleyini xatırladıb: “Azad dünya bu yeni tiraniya üzərində də qələbə çalmalıdır”

Yenixeber.org: ABŞ-Çin geosiyasi və geoiqtisadi rəqabəti getdikcə kəskinləşir. Dövlətlərarası münasibətlər də buna paralel, sürətlə pisləşir. Artıq iki dövlət bir-birinin diplomatik nümayəndəliklərini bağlamağa başlayıb. ABŞ hökumətinin Hyuston şəhərindəki Çin Konsulluğunu bağlamaq qərarından sonra Çin də öz növbəsində Çendu şəhərindəki ABŞ Konsulluğunu qapatmaq qərarına gəlib. 

ABŞ dövlət katibi Mayk Pompeo iyulun 23-də Kaliforniya ştatının Yorba Linda şəhərində yerləşən Nikson Kitabxanasındakı çıxışında Çinin ünvanına çox sərt ifadələr işlədib və SSRİ-nin taleyini xatırladıb. Pompeo bildirib ki, Çin SSRİ-nin bir sıra səhvlərini təkrarlayır. Bu səhvlər sırasında o, qanunun aliliyi və mülkiyyət hüquqlarının rədd edilməsini, yeritdiyi siyasətlə Pekinin digər dövlətləri özündən uzaqlaşdırmasını göstərib. ABŞ dövlət katibi Çin lideri Si Tszinpini “iflasa uğramış totalitar ideologiyanın əsl tərəfdarı” adlandırıb.    

Pompeo ABŞ-Çin rəqabətini müasir “soyuq müharibə” kimi dəyərləndirərək qeyd edib ki, azadlıqların Çin Kommunist Partiyasından müdafiə edilməsi ABŞ-ın müasir dövrdəki missiyasıdır: “Azad dünya bu yeni tiraniya üzərində qələbə çalmalıdır. Əgər azad dünya kommunist Çini dəyişə bilməsə, kommunist Çin yəqin ki, bizi dəyişəcək”.     

Dövlət katibinin sözlərinə görə, Çin ona xoşməramlı münasibətdən yararlanaraq ABŞ-ın açıq və azad cəmiyyətini istismar etməyə çalışıb: “Həqiqət budur ki, bizim və digər demokratik ölkələrin siyasəti Çinin dağılmış iqtisadiyyatını diriltdi, Pekin isə onu yedirən əlləri dişlədi. Artıq ölkələrimiz arasındakı təməl siyasi-ideoloji fərqləri inkar etmək yolverilməzdir. Əvvəlki münasibətlər sistemi iflasa uğradı və ona qayıtmaq olmaz”. 

İyulun 21-də isə M. Pompeo Çin təhdidinə qarşı qlobal koalisiya yaradılması imkanını nəzərdən keçirdiklərini açıqlayıb. Vaşinqton hesab edir ki, digər demokratik ölkələr də Çin təhlükəsini dərk etməlidir. 

Son həftələrdə Avropa paytaxtlarında aparılan müzakirələr və qəbul olunan qərarlar ABŞ-ın nəzərdə tutduğu bu “dərketmə”nin başladığını göstərir. Məsələn, Böyük Britaniya Çinin “Huawei” şirkətini özünün 5G şəbəkələrindən çıxarmaq qərarına gəlib. Britaniyalılar çinliləri yaponlarla əvəzləmək istəyir və bu barədə Tokioya müraciət ediblər. Fransada isə Çində uyğur zülmü ilə bağlı məsələ tez-tez gündəmə gəlməyə başlayıb. Bu ölkə parlamentarları uyğurların hüquqlarının kobudcasına pozulması məsələsini qaldıraraq hökumətdən bu faktlara reaksiya verməsini tələb ediblər. Fransa hökuməti uyğurların ağır təqib-təzyiqlərə məruz qaldığını təsdiqləyərək Çindən bu siyasətə son qoymasını istəyib. 

Maraqlıdır ki, Qərb dövlətləri Çin türklərinin hüquqlarını müdafiə edərkən Türkiyə səssiz qalıb. Ankara Pekinlə münasibətlərinin pozulmasına özünü hazır hiss etmir. Çin şirkətləri Türkiyənin bir sıra infrastruktur layihələrinə yatırım qoyublar. 

Şahin Cəfərli  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam