Yenixeber.org: Los-Ancelesdə (ABŞ, Kaliforniya) yaşayan ermənilərin iyulun 21-də Azərbaycanın Baş Konsulluğu yaxınlığında aksiya zamanı törətdikləri zorakılıqların detalları üzə çıxır.
Həmin hadisə barədə Amerikanın NBC4 kanalının isti-isti yaydığı məlumatda bildirilir:
“Günün ikinci yarısında erməni nümayişçiləri Brentvuddakı (Los-Ancelesdə zəngin rayon- red.) Azərbaycan konsulluğunun yaxınlığında onlara etiraz edənlərlə toqquşublar. Hər iki tərəf xəsarət aldığını təsdiqləyir. Los-Anceles polisinin zabiti də xəsarət alıb. Baş konsul Nəsimi Ağayev deyir ki, nəticədə onun həmvətənlərindən hospitalda yerləşdirilən olub:
– Fikrimcə, Los-Ancelesdə belə şey baş verməməlidir. Hər tərəf dinc şəraitdə öz rəyini ifadə etmək və öz tarixçəsini ortaya qoymaq imkanına malik olmalıdır.
Los-Anceles polis departamentində deyirlər ki, zabitlər etiraz edən tərəfləri qağıtmağa cəhd göstəriblər. Kapitan Rendi Qoddart:
– Çoxsaylı erməni etirazçıları Uilşirin (Uilşir Bulvarı – Azərbaycan Baş Konsulluğunun yerləşdiyi küçə – red.) şimal tərəfinə, rəqiblərinin dayandıqları yerə gəlib onları təxribata çəkirdilər. Son nəticədə bu adamlar bizim küçə boyu düzülmüş polis xəttimizi yardılar”.
Erməni nümayişçilərindən biri deyir: “Onlar (azərbaycanlılar – red.) əsasən Ermənistana qarşı müharibə aparırlar və erməni təşkilatlarına kiberhücumlar təşkil etməklə aranı qızışdırırlar”.
Amerikanın erməni vətəndaşları bildirirlər ki, onlar öz vətənləri əleyhinə yönəldilmiş hərbi əməliyyatlarla bağlı etirazlarını çatdırmaq üçün tədbir təşkil ediblər, amma Los-Anceles polis departamentində dinc nümayişin axıra qədər belə qalmadığı deyilir.
Etiraza gəlmiş ermənilərdən biri Jozef Qazazyan deyir:
– …Təəssüf ki, müəyyən zorakılıq baş verdi və siz bilirsiniz ki, bizim erməni kilsəsinin bir ruhanisi də polis zabitindən sinəsinə zərbə aldı. Odur ki, kifayət qədər şoka salan gün oldu, yumşaq desək”.
Polis bəyan edir ki, öz əməkdaşının döyülməsinə görə naməlum millətdən olan bir nəfəri göz altına alıb. Rendi Qoddart:
– Mənim oradakı adamların dağıdılmasında iştirak edən detektivlərimdən biri hücuma məruz qalıb. Onu gözündən vurublar və bir neçə tikiş qoymağa ehtiyac yaranıb.
İki min nəfərlik kütlə sonda bəyanat qəbul etmədən dağılıb. Rendi Qoddart:
– Son nəticədə, kütlə onu sakitləşdirmək istəyənlərə qulaq asmadan qarşı tərəfi təxribata çəkmək üçün küçəni keçdi”.
Reportajdan göründüyü kimi, ermənilərin törətdiyi cinayəti yüngülləşdirməyə çalışan televiziya kanalı azərbaycanlı nümayişçilərdən, zərərçəkənlərdən birinə də söz vermir. O, hətta həbs olunan yeganə şəxsin milliyətini müəyyənləşdirməkdə “çətinlik çəkir”. Buna baxmayaraq, iğtişaşın kimin törətdiyini malalamaq olmur.
Azərbaycanlı etirazçılardan birinin söylədikləri Los-Ancelesdə gerçəklikdə nə baş verdiyini göstərir (onun adının çəkilməməsinin səbəbini sonda izah edəcəyik – red.):
– …Mitinqə getməyi düşünmürdüm, çünki iş yerimdə bundan məmnun qalmayacaqdılar. Amma cavanlar gedəcəklərini söylədikdən və ardınca zəng vurub artıq orada olduqlarını bildirdikdən, ikilikdə bir neçə yüz adama qarşı dayandıqlarını dedikdən sonra başqa yolum qalmadı.
Mən ora çatanda biz 50 nəfər idik, digər tərəfdə isə iki mindən çox adam var idi və artırdı… Cəmi 8 polis maşınının olduğunu və izdihamın əhval-ruhiyyəsini müşahidə edib, bunun yaxşı qurtarmayacağını anladım.
Bir məqamda polis bizə yaxınlaşdı və aqressiv kütləni dayandırmaq üçün kifayət qədər qüvvəsinin olmadığını bildirdi. Birdən məlum oldu ki, heç kim bizi oradan necə çıxarmaq barədə düşünməyib.
Konsulluğa zəng etdik, dedilər ki, avtobus göndərməyə kömək edəcəklər. Vaxt keçirdi, amma avtobus gəlmirdi. Sonra aramızdan bir nəfər dedi ki, maşınlar gətiriləcək, ancaq biz polis nəzarəti altında bir məhəllə piyada getməliyik. Çox uğurlu plan deyildi, amma avtobus gəlmədiyi üçün başqa seçim də yox idi.
Biz maşınlara tərəf tərpənən kimi müxtəlif əşyalar üstümüzə yağdı. Camaat davaya hazır idi, baxmayaraq ki, qüvvələr astronomik dərəcədə qeyri-bərabər idi.
Arxamızca izdihamın bizi izlədiyini gördük, Los-Anceles polisi onları dayandıqları yerdə saxlamadı, bildim ki, qan töküləcək, qarşı tərəf danışıq istəmirdı.
Bir ara mən izdihamdakılarla söhbət edərkən qrupumuz bir az irəlilədi, ermənilər isə məhəlləni o biri tərəfdən fırlanıb qrupun üstünə hücum çəkdilər. Bunu görən kütlə də irəliyə cumdu və artıq heç bir polis onun qarşısını kəsmirdi, kəsə də bilməzdi. Mən həmin yerə çatana qədər bizimkilərdən bəzilərini artıq tapdalamışdılar. Döyülənlərdən birini götürmək üçün polislə birgə maşına atıldıq, amma yenicə minmişdik ki, polislər nəsə daha ciddi bir şey gördülər və maşından çıxdılar. Mən də düşüb üzü qan içində olan bir nəfərimizi qovğadan çıxarası oldum. Biz getdikcə, izdiham dalımızca gəlirdi. Bir ara onlarla danışmaq üçün dayandım, məni əhatə etdilər və bizimkilər svetofora çatdılar. Oraya bir neçə maşın yaxınlaşdı, bizimkilər içəri doluşdular, mənə yer çatmadı.
Bir neçə məhəllə piyada keçdim, hisslərimi boğa bilmirdim. Heyf, ağlamağı bacarmıram, indi gərəyim olardı.
Bu mitinqi təşkil edənlərin, əslində təşkil etməyənlərin gözünün içinə baxmaq istəyirdim. Soruşmaq istəyirdim ki, niyə qarşı tərəfdən gələnlərin avtobusları, su üçün bu qədər soyuducuları var, bizim tərəfdə isə 50 nəfər məğrur, heç kimə lazım olmayan adam dayanıb? Təcili yardım maşınlarının, xəstəxanaya düşənlərin pulunu kim verəcək? Ümumiyyətlə, suallar çoxdur.
P. S. Şəhər tərəfindən təhlükəsizlik təmin olunmadığına görə kimisə mühakimə etmək lazımdır.
P. P. S. Gəlmək imkanı olan oğlanlar, amma gəlməyənlər özlərinə güzgüdə baxanda, güzgü çatlamayacaqmı?”
Los-Anceles şəhərindəki Baş Konsulluğumuzdan APA-nın aldığı məlumata görə, yerli Azərbaycan icmasının bir qrup üzvü Konsulluq yaxınlığında etiraz tədbiri keçirən minlərlə erməninin qarşısına çıxaraq, “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünə son qoyun!”, “Xocalıya ədalət” şüarları səsləndiriblər. Onların cəsarətindən hiddətlənən erməni nümayişçiləri zorakılığa əl atıblar: idarə etdikləri avtomobillərdən azərbaycanlılara təhqirlər yağdırıblar, avtomobillərini həmyerlilərimizin üzərinə sürməyə çalışıblar.
Ermənilərin artan aqressiyasını görən Baş Konsulluq soydaşlarımızı oradan uzaqlaşdırmaq üçün avtobus şirkətləri ilə əlaqə saxlayıb. Ancaq 15 dəqiqə sonra Los-Anceles polisi icma üzvlərimizin təhlükəsizliyini təmin edə bilməyəcəyindən ehtiyatlanaraq, onları ərazidən çıxarmağa başlayıb. Bu an ermənilər həmyerlilərimizə hücum ediblər, insanlara müxtəlif bədən xəsarətləri yetiriblər. Nəticədə biri qadın olmaqla 7 həmyerlimiz xəsarət alıb. Qadını mühafizə etməyə çalışan polis əməkdaşı da yaralanıb. Azərbaycanlılardan 4 nəfər xəstəxanaya müraciət edib. Baş konsul Nəsimi Ağayev xəstəxanaya gedib, həmyerlilərimizlə görüşüb”.
Baş konsul Los-Anceles polis idarəsinin rəisi Michel Moorla əlaqə saxlayıb və polisin erməni zorakılığının qarşısını ala bilməməsi ilə bağlı ciddi iradını bildirib: “Qeyd olunub ki, Los-Anceles polisi icmamızın keçirdiyi aksiya barədə öncədən xəbərdar edilib və Baş Konsulluğa nümayişçilərin təhlükəsizliyinin tam təmin olunacağına zəmanət verib. Ancaq adekvat tədbirlər görülmədiyindən belə hadisə baş verib. Polis rəisi Baş konsuldan buna görə üzr istəyib, məsələnin ciddi araşdırılacağını, bununla bağlı xüsusi istintaq qrupu yaradacağını deyib.
Baş Konsulluq erməni nümayişçilərinin törətdiyi cinayətlər barədə məsələni Los-Anceles meri və digər rəhbər şəxslər qarşısında da qaldırıb, cinayətkarların məsuliyyətə cəlb olunmaları üçün müvafiq tədbirlərin görülməsini tələb edib”.
Bu məqalədə gətirdiyimiz, faktiki olaraq şahid ifadəsinə bərabər statusu redaksiyamıza təqdim edən xarici mənbə bəlli səbəblərdən hələlik onun real müəllifinin adını çəkməməyi xahiş edib. Eyni zamanda mənbə bizə hadisədən dərhal sonra ermənilər tərəfindən sosial şəbəkələrdə yerləşdirilmiş, amma çox qısa zamanda silinsə də izini itirmək mümkün olmamış bir süjet göndərib. Biz xeyli düşündükdən sonra həmin süjeti yazıya daxil etmək qərarına gəldik. Onun Los-Ancelesdəki Konsulluğumuza da, polisin yaratdığı istintaq qrupuna da, lap elə NBC4 kanalına da gərəkliyi şübhəsizdir.(pressklub)