TARİX SƏHNƏSİNƏ ÇIXIŞ –Xürrəmilər hərəkatının meydana çıxmasını şərtləndirən əsas səbəblər…-ARAŞDIRMA
Yenixeber.org: Azərbaycan xalqının vahid etnos kimi formalaşmasında Babəkin başçılıq etdiyi Xürrəmilər-babəkilər hərəkatının, böyük fikir adamı İmadəddin Nəsiminin dini cərəyandan dini-siyasi hərəkata çevirdiyi Hürufilik hərəkatının, Şah İsmayıl Səfəvinin on beş yaşında qurduğu və 235 il mövcud olan Səfəvilər dövlətinin, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin təməllini qoyduğu yeni kulturoloji cərəyanın və Məhəmməd Əmin Rəsulzadənin qurucusu olduğu Azərbaycan Xalq Cümhuriyyətinin müstəsna rolu var.
Yolun başlanğıcı
Dərbənddən Həmədana, Göyçə gölünün şimalından Xəzər dənizinədək uzanan ərazinin türk əhalisinin vahid bir etnos kimi formalaşması çoxəsrli proses olsa da, bu prosesdə həlledici mərhələlər var. Fikirimcə, həmin həlledici mərhələlərdən birincisi bəşər tarixində bənzəri olmayan, dövrünün ən böyük dini-siyasi fenomeni hesab olunan Xürrəmilər-babəkilər hərəkatı ilə bağlıdır.
Xürrəmilər-babəkilər hərəkatına kimi Azərbaycan adlı ərazidə çoxsaylı tayfa birlikləri, dövlətlər və hərəkatlar olsa da, onların heç biri Dərbənddən Həmədana, Göyçə gölünün şimalından Xəzər dənizinədək uzanan ərazinin türk əhalisinin vahid etnos kimi formlaşmasında böyük Babəkin rəhbərlik hərəkat qədər önəmli rol oynamayıb.
Xürrəmilər hərəkatının meydana çıxmasını şərtləndirən əsas səbəblər Azərbaycanın ərəblər tərəfindən işğal edilməsi, bədəvi ərəb tayfalarının bu çoğrafiyaya köçürülməsi, islamiyyət adı altında yerli əhalinin assimilyasiya edilmsinə yönəlik əzici dini siyasət tətbiq edilməsi, talançılıq kimi dəyərləndirilə biləcək vergi siyasəti və bunun nəticəsində əhalinin var-yoxdan çıxması olmuşdur.
Azərbaycan 642 ildə ərəblər tərəfindən işğal edildikdən sonra zaman-zaman üsyanlar olsa da, onların hamısı lokal xarakter daşıdığı üçün qan gölündə boğulduğu kimi xalqımızın taleyində dərin izlər buraxmamışdır.
778-779-cu illərdə başlayan Xürrəmilər hərəkatı da təxminən 40 il ərzində lokal xarakter daşımış, yalnız Babəkin hərəkatın başına keçməsindən sonra ərəb işğalına qarşı mübarizənin tamamailə yeni mərhələsi başlamışdır. Xürrəmilər hərəkatının məzmun və mahiyyətçə tamamilə yeni mərhələyə keçməsinin nəticəsidir ki, hərəkat Xürrəmilər-babəkilər adını alır. Babəkə qədər lokal xarakter daşıyan Xürrəmilər hərəkatı bu görkəmli sərkədənin rəhbərliyi altında bütün Azərbaycanı əhatə edən hərəkata çevrilməklə vahid etnosun formalşmasının təməlini qoyur. İlk dəfə Dərbənddən Həmədana, Göyçə gölünün şimalından Xəzər dənizinədək uzanan ərazdəki türk tayfaları ümumi düşmənə qarşı mübarizədə birləşirlər. Bu həm də yadellilərin özləri ilə gətirdikləri dinə qarşı yerli xalqın öz etiqad və dəyərlərini müdafiə prosesinə çevrildiyi üçün vahid etnosun formalşamasını təmin edən amilə çevrilir.
Xürrəmilər-babəkilər hərəkatı əslində Azərbaycanda yeni bir dövlətin yaranması ilə nəticələnib. Tarixçilər bunu görməzdən gəlsələr də, bayraq, taxt-tac, möhür, xəzinə, ərazi, ordu, paytaxt və hakim dini məbəd kimi dövlət atributlarının mövcudluğu həmin dövrdə Azərbaycan türklərinin mərkəzləşdirilmiş dövlətlərinin yaranmasının isbatıdır.
Bizans imperatoru Feofilin Babəklə yazışması, Sünik vilayətinin ərəblərdən xilas olmaq üçün xürrəmilərin hakimiyyəti altına keçməyi qəbul etməsi, hətta Sünik hökmdarının öz qızını Babəkə ərə verməsi də bizə hərəkat kimi təqdim olunan fenomenin əslində müstəqil və güclü dövlət olduğunu təsdiq edir.
Dövrünün ən böyük imperiyasına qarşı 22 ildən artıq bir müddət ərzində uğurla mübarizə aparılması, bu müddət ərzində Ərəb Xilafətinin altı ordusunun darmadağın edilməsi, dövrünün məşhur sərkərdələri olan Yəhya ibn Müaz, Məhəmməd ibn Əbu Həmid, Züreyq ibn Əli ibn Sədəqə əl-Əzdi, Əhməd ibn Cuneyd İskafi, Məhəmməd ibn Humeyd ət-Tusi, Abdullah ibn Tahiri məğlub etməsi Xürrəmilər-babəkilər hərəkatının arxasında əslində tarixçilərin görmək istəmədiyi müstəqil dövlətin olduğunu bir daha təsdiq edir.
Əlbəttə, ərəb və faris tarixçilərinin əsərlərində bunu təsdiq edə biləcək məlumatlar tapa bilməzsiniz. Rus-sovet tarixçiliyi də bu faktı təsdiq etməkdən imtina edərək daha çox ərəb-fars tarixçilərinin təqdimatındakı yanaşmanı təsdiq etmişdir. Hətta Azərbaycan sovet tarixçilərinin ən görkəmli nümayəndələrindən biri olan akademik Ziya Bünyadov da 816-838-i ilərdə Azərbaycanda baş verənləri üsyan adlandırmışdır ki, bu da heç şübhəsiz dövrün siyasi kanyukturasının nəticəsi olmuşdur. Halbuki, Z. Bünyadov da fasiləsiz 22 il davam edən üsyanın necə mövcud ola biləcəyini izah etməmişdir.
816-838-i ilərdə Azərbaycanda baş verən prosesin mahiyyəti saxatalaşdırıldığı kimi Babəkin şəxsiyyəti və Xürrəmilərin ideologiyaları da tamamilə təhrif edilmişdir. Xürrəmilərin dini-siyasi ideologiyası zərdüştilər, məzdəkilər və islamın şiə məzhəbinin elementlərindən yaranmışdı.
Bunu iki məqamla izah etmək olar. Birincisi, bu dini cəryanların hər üçü öncə Əməvi Xilafətinin, daha sonra isə Abbasi Xilafətinin rəsmi dini ideologiyası olan sünni məzhəbinə qarşı çıxış edirdilər. İkincisi, Xürrəmilər-babəkilər hərəkatında zərdüştilər, məzdəkilər və şiə məzhəbinin təmsilçiləri iştirak edirdi. Buna görə də Xürrəmilər-babəkilər hərəkatının dini-siyasi ideologiyası dini etiqaddan daha çox yad ideologiyaya qarşı özünü qoruma vasitəsi idi. Xürrəmilərin dini kitablarının olmamasını bu amillə izah etmək olar.
Məhz yad ideologiyadan qoruyucuya çevrilən Xürrəmilər-babəkilər hərəkatının dini-siyasi ideologiyası Dərbənddən Həmədana, Göyçə gölünün şimalından Xəzər dənizinədək uzanan ərazdəki türk tayfaların vahid etnos kimi formalşmasının başlanğacını, təməlini qoyub.
22 ildən artıq bir müddət ərzində zəfərlərlə dolu və özünəməxsus dini-siyasi ideologiyanın mövcudluğu eyni mənşəli tayfaların vahid etnos kimi formalaşmasının təməlini qoymalı idi və bu baş verdi.
Dövrünün ən qüdrətli imperiyasına qarşı gənc bir döyüşcünün, Babək Xürrəminin lokal müqavimət hərəkatını tarixi fenomenə çevirməsi də bəşər tarixində çox nadir hallarda rast gəlinən hadisədir.
Xürrəmilərin dini-siyasi ideologiyasında əsas təlimlərdən biri olan hülul dünyagörüşü çox maraqlıdır. Hülul təliminə görə yaradıcı varlıq yaratığının cismində təzahür edir. Bu təlimin elementlərinə hurufilik və qızılbaş hərəkatında da rast gələcəyik.
Azərbaycan xalqının tarixinin ən çətin mərhələlərində qurtarıcı qismində meydana çıxmış gənc liderlərin, Babək Xürrəmi, Şah İsmayıl Səfəvi və Məhəmməd Əmin Rəsulzadə fenomenlərin meydana çıxması çox maraqlıdır. Fkirimcə, bu fenomen araşdırma mövzusu olmalıdır.
Xəqani CƏFƏRLİ, Siyasi şərhçi