Ermənipərəst konqresmenlər Putinə qarşı birləşib – Rusiya prezidentinə sanksiya qoymaq tələb olunur
Yenixeber.org: Amerika Birləşmiş Ştatlarında həm epidemoloji vəziyyət ağırdır, həm də bu ölkədə növbəti siyasi çalxalanmaya start verilib. ABŞ-ın baş infeksionisti Entoni Fauçi həyəcan təbili çalmaqda davam edir. Məsələb burasındadır ki, ABŞ-da gün ərzində koronavirusa yoluxanların say 50 mini aşır və baş infeksionist bu rəqəmin 100 minə çatacağını bildirir.
“Hamıya çətin olacaq, bunu mən sizə vəd edirəm” deyən Entoni Fauçi ölkənin fəlakətə doğru sürətlə irəlilədiyini vurğulayıb.
Digər problem ondadır ki, ABŞ-ın Cənubi Koreya, Sinqapur və ya Yeni Zellandiyadan fərqli olaraq virusa yoluxanların təmaslarını araşdırması mümkün deyil. Həm ölkə böyükdür, həm də gündəlik 40 və ya 50 min yoluxanın təmaslarını aydınlaşdırmaq və nəzarətə altına almaq fiziki cəhətdən mümkün deyil.
Amerikada infeksiya ilə mübarizə aparanları həm də narahat edən odur ki, ölkədə əksəriyyət nə maska taxır, nə də sosial məsafəni qoruyurlar, üstəgəl dövlətin bir nömrəli şəxsi – prezident Donald Tramp da maska taxmır və bununla başqalarına pis nümunəyə çevrilir.
Ağ Ev sahibinin isə virusla mübarizə aparmaq əvəzinə hələ də günahkar axtarışında olduğunu onun sosial şəbəkədə yazdığı son status da sübut edir: “Virusun yayılmasına görə Çinə qarşı kinim hər keçən gün artır”.
Bu arada, Donald Tramp başqa bir təhlükə ilə də üzləşib. Trampın rəqibləri onu dövlət və milli maraqları diqqətə almamaqda günahladırırlar. Qalqamal “Nyu York Tayms” qəzetində yayınlanan məqalədən sonra başlayıb. Məqalədə göstərilib ki, Rusiya hərbi kəşfiyyatı Əfqanıstanda daha çox amerikalı hərbçiləri öldürmələrinə görə Taliban üzvlərinə pul ödəyirmişlər. Bunu Əfqanıstanda amerikan hərbçilərinin ələ keçirdikləri Taliban üzvləri etiraf ediblər.
Demokratlar Trampı ona görə tənqid edirlər ki, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya ilə Taliban arasındaki gizli əlaqələri Ağ Ev sahibinə məruzə edib, ancaq o Rusiyaya qarşı heç bir tədbir görməyib. Demokratlar hesab edirlər ki, Donald Tramp Amerikanın maraqlarını Rusiya ilə yaxınlaşamaya satıb.
Donald Tramp və Respublikaçılar Partiyası qəzet məqaləsindəki məlumatların saxta olduğunu iddia edirlər. Pentaqon generalları da Rusiya kəşfiyyatı ilə Taliban hərəkatının ABŞ hərbçilərinə qarşı gizli sövdələşməsi barədə məlumata malik olmadıqlarını bildiriblər.
Buna baxmayaraq, prezident seçkisində Trampın əsas rəqibi olan demokrat Cozef Bayden əlinə düşən fürsətdən istifadə etməyə çalışır. Baydenin fikrincə, Donald Tramp ona verilən məlumatlara baxmayaraq Moskvaya qarşı sanksiyaları sərtləşdirməyib.
Bayden onu da deyib ki, vitse-prezident olduğu illərdə Vladimir Putinlə bir neçə dəfə təkbətək görüşləri olub: “Kreml sahibi ilə açıq danışıqlarım olub, ona görə Putin mənim ABŞ-ın növbəti prezidenti olmağımı istəmir”. Bayden hesab edir ki, Tramp Putinlə əlaqələrini zəiflətməmək üçün ona verilən kəşfiyyat məlumatlarını heçə sayıb.
Demokratların nəzarətində olan Konqresin Nümayəndələr Palatası da Trampa qarşı hərəkətə keçib. Nümayəndələr Palatası ötən il çox çalışdı ki, Ukrayna məsələsinə görə Trampa qarşı impiçment proseduruna başlanılsın. Alınmadı. Respublikaçıların nəzarətində olan Senat Nümayəndələr Palatasının qərarını təsdiq etmədi. Nümayəndələr Palatası prezident seçkisi öncəsində Trampa növbəti zərbəni vurmağa hazırlşır və bu işin başında ermənipərəst konqresmenlər dayanırlar. Nümayəndələr Palatasının erməni təəsübkeşi olan Nensi Pelosi vaxt itirmədən Rusiyaya qarşı yeni və sərt sanksiyaların tətbiqinə çağırıb.
Ona digər ermənipərəst konqresmen Bob Menendes dəstək verib. Menendesin hərbi büdcəyə qəbul etdirdiyi düzəliş Rusiya prezident Vladimir Putinə qarşı sanksiyaları nəzərdə tutub.
Beləliklə, Pelosi-Menedes ikilisi Ağ Ev sahibi ilə yanaşı Rusiyanı və Vladimir Putini hədəf seçiblər. Bob Menendesin fəallığını Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov belə şərh edib ki, hazırda Vaşinqtonda anlaşılmayan çox hadisə baş verib.
Qəribə mənzərədir. Nensi Pelosi və Bob Menendes Ermənistanın Azərbaycan əleyhinə işğalçı siyasətini dəstəkləyirlər. Ermənistan isə Rusiyanın bölgədəki strateji müttəfiqidir. Nensi Pelosi və Bob Menendes eyni zamanda həm Ermənistanın dostu, həm də Rusiyanın düşmənidirlər. Eyni zamanda ermənipərəst konqresmenlərin dəstəyindən faydalanan Ermənistan amerikalı dostlarının Rusiyaya qarşı səlib yürüşünə səssizdir. Görəsən, Kremlin dəhlizlərində araşdıran varmı ki, Moskvanın siyasi, iqtisadi və hərbi dəstək verdiyi Ermənisanın Amerikadakı dostları niyə Rusiya əleyhinə qərarlar qəbul edirlər? Bəlkə buna görə Ermənistandan hesabat istənilməlidir?
“Atlas” Araşdırmalar Mərkəzi