Vilnüsdə faşist gestaposunun və sovet “NKVD”-sinin türməsi olmuş bina – bura düşənlərin üçdə ikisi güllələnib
Yenixeber.org: 1940-cı ildə Baltikyanı respublikalar, Litva, Latviya və Estoniya SSRİ-nin tərkibinə daxil edildikdən sonra, Kreml üçün bu bölgə siyasi baxımdan ən narahat məkanlardan birinə çevrilib. Baltikyanı respublikaların vətəndaşlarındakı antisovet ruhu bütün sahələrdə özünü göstərib, gizli təşkilatlar yaradılıb, kommunist rejiminə qarşı ardıcıl təbliğat işləri aparılıb, hətta açıq şəkildə Moskvanın mövqeyini sərt tənqid edənlər də olub. Məhz 1940-1950-ci illərdə “meşə qardaşları”nın fəaliyyəti də sovet rejiminə qarşı mübarizəyə yönəlib.
Təbii ki, mövcud vəziyyətdən SSRİ-nin rəhbərləri də xəbərdar olublar və Baltikyanı respublikalarda sabitliyi bərqərar etmək üçün bütün mümkün vasitələrdən istifadə ediblər.
İosif Stalinin hakimiyyəti dövründən Mixail Qorbaçovun baş katib olduğu illərə qədər Baltikyanı respublikalar Moskva tərəfindən ciddi nəzarət altında saxlanılıb. Bu respublikaların ayrı-ayrı sahələrinə rəhbər işçilərin təyinatı Kremldə xüsusi müzakirə mövzusu olub. “NKVD”, sonralar DTK, Daxili İşlər Nazirliyi isə bu bölgəyə ən peşəkar əməkdaşlarını göndəriblər.
Baltikyanı respublikalarda “NKVD”-nin ilk rəsmi fəaliyyəti 1940-cı ilin payızında Litvanın paytaxtı Vilnüs şəhərində başlayıb. “NKVD”-nin idarəsi şəhərin Gediminas prospektində yerləşib. Bina 1899-cu ildə tikilib və Rusiya imperiyasının Vilenski quberniyasının “ədalət sarayı” adlandırılıb.
II dünya müharibəsi zamanı almanlar Litvanı işğal edəndə bina alman gestaposunun ofisinə çevrilib. 1944-cü ildə SSRİ xüsusi xidmət orqanlarının əməkdaşları öz fəaliyyətlərini yenidən burada davam etdiriblər.
Uzun illər yerli sakinlər şəhərin mərkəzində yerləşən bu binanın zirzəmisində türmə olduğunu bilməyiblər. “NKVD” əməkdaşları binanın zirzəmisindən məhz türmə kimi istifadə ediblər və öz aralarında 50-yə qədər kamerası olan bu türməni “narazıların həbsxanası” adlandırıblar.
Şahidlərin söylədiklərinə görə, bu “məxfi türmə”yə düşənlərin 70 faizindən çoxu geri qayıtmayıb.
Vilnüsdəki “məxfi türmə”də xüsusi işgəncə metodlarından istifadə olunub. Kameralar o həddə qədər səsə qarşı izolyasiya olunub ki, tək-tək saxlanılanlar bir-neçə gündən sonra yaranmış sükutdan dəli olmaq vəziyyətinə düşüblər.
Sibirin həbs düşərgələrindən geri qalmayan bu türmədə saxlanılan şəxslərə heç bir tibbi yardım göstərilməyib. Onların gündəlik qida rasionu 400 qram su, 200 qram qara çörək və bir də yalnız su və xarab olmuş kələmdən hazırlanmış şorbadan ibarət olub.
Vilnüs türməsində saxlanılanlar doğmaları ilə görüş hüququndan məhrum ediliblər, o cümlədən məktub yazmaq, yaxud göndərmək, sovqat qəbul etmək də qadağan olunub.
Türmənin sakinləri əsasən siyasi məhbuslar, rejimlə barışmayan elm, incəsənət və ədəbiyyat nümayəndələri olublar. İstintaq binadan kənara çıxmadan türmənin xüsusi kamerasında aparılıb. Müstəntiqlərlə razılaşmayanların ömrü uzun çəkməyib.
Maksimum bir həftədən sonra ittihamnamələrində nə yazıldığından asılı olmayaraq, onlar terroçu damğası ilə zirzəmidəki güllələnmə kamerasında güllələniblər. Elə müstəntiqlərlə razılaşanların da aqibəti xoşluqla birməyib. Bu türməyə düşən 3 nəfərdən ikisi ölüm cəzasına məhkum edilib.
1940-cı illərdə Litva “NKVD”-sində çalışan, sonralar Amerikaya mühacirət edən dövlət təhlükəsizliyi mayoru Mixail Koçetov öz xatirələrində Vilnüs türməsini belə xatırladıb:
“O dünyada cəhənnəm adlı bir məkanın olmasına şübhə etməyin. Cəhənnəm adlı bir yer var, amma o dünyada yox, bu dünyada. Bir neçə saat Vilnüs türməsində olmaq kifayətdir ki, cəhənnəmin nə olduğunu anlayasan. İnsan öz hüququnu, öz azadlığını tələb edirsə və bunun müqabilində ən ağır cəzalara, işgəncələrə məruz qalırsa, bu artıq cəhənnəm deməkdir. Mən bunların canlı şahidi olmuşam. Vilnüs türməsində saxlanılan insanlara insan kimi yox, heyvan kimi baxırdılar. İstintaq zamanı verilən ifadələrdən, günahının olub-olmamasından asılı olmayaraq, bu təcridxanada insanı məhv etmək, içgəncə vermək adi hal idi. Moskva belə tələb edirdisə, belə də olmalı idi...”
1959-cu ilə qədər Vilnüs türməsi qeyri-rəsmi fəaliyyət göstərib. Yəni, nə türmənin, nə də türmədə işləyən əməkdaşların adı “NKVD”-nin Litva idarəsinin sənədlərində əks olunmayıb.
Yalnız 1959-cu ildə “məxfi türmə” rəsmi olaraq istintaq təcridxanası kimi fəaliyyətini davam etdirib. Adı dəyişsə də, təcridxana əvvəlki “qanun”ları ilə işləyib.
1992-ci ildən bina “Azadlığın işğalı və mübarizəsi” adı altında muzey kimi fəaliyyət göstərir. Kameralarda hər şey olduğu kimi qalır. Divarlarda yüzlərlə insanın dəmir parçası ilə yazılmış qeydləri də olduğu kimi durur. Bir əsrdən artıq yaşı olan bu bina kommunist rejiminin dəhşətlərini özündə əks etdirən tarixi bir kompleks kimi də qiymətləndirilir.(musavat)
İlham Cəmiloğlu