Xruşovun Amerikada qazlı su aparatı məcarəası –SSRİ rəhbərinin səfəri ölkədə yeniliyə səbəb olub
Yəqin ki, yaşı qırxdan yuxarı olanlar Bakıda, o cümlədən SSRİ-nin digər şəhərlərində küçələrə qoyulan qazlı su aparatlarını yaxşı xatırlayırlar. Mərkəzi küçələrdə, vağzallarda, teatr və kinoteatrların qarşısında, parklarda, əyləncə məkanlarında daha çox rast gəlinən bu aparatların qarşısında uzanan növbələr olub. Xüsusilə yay aylarında insanlar bu aparatlardan daha çox istifadə ediblər.
Yenixeber.org: Heç bir satıcıya ehtiyacı olmayan aparatların işləmə prinsipi çox sadə olub. Müştərinin istəyinə uyğun aparatın qəpik qəbul edən dəliyinə 1 qəpik atdıqda adi qazlı su, 3 qəpik atdıqda isə siroplu qazlı su stəkana süzülüb. Aparatın orta hissəsində stəkan üçün iki yer ayrılıb, sol tərəfdə stəkana qazlı su süzülüb, sağ tərəf isə stəkanın yuyulması üçün istifadə olunub.
Maraqlıdır ki, hər gün minlərlə insanın eyni stəkandan su içməsi heç bir yoluxucu xəstəliyə səbəb olmayıb, nə uşaqlarda, nə də yaşı 65-dən yuxarı olanlarda. Daha maraqlı bir fakt isə odur ki, stəkanlar çox nadir hallarda sınıb və çox nadir hallarda oğurlanıb.
Qazlı su aparatlarının SSRİ-də “peyda” olunmasının çox maraqlı bir tarixçəsi var. Bu aparatlar SSRİ-də 1950-ci illərin sonlarında görünməyə başlayıb. Düzdür, 1930-cu illərin əvvəllərində ictimai iaşə obyektlərində və iri mağazalarda su aparatları olub. Amma bu aparatlardan soyuq, qazlı, sirin siroplu su deyil, adi su götürmək mümkün olub. Yeni aparatlar isə tam fərqlənib. İlk dəfə 1959-cu ilin sonlarında təkcə Moskva şəhərinin küçələrinə 10 minə yaxın avtomat su aparatı qoyulub.
Maraqlıdır, bu cür aparatların kütləvi şəkildə istifadəyə buraxılmasının təşəbbüskarı kim olub?
Bu suala cavab tapmaq üçün qayıdaq aparatların istifadəyə verilməsindən bir neçə ay öncəyə. 1959-cu ilin sentyabrında Nikita Xruşovun Amerika Birləşmiş Ştatlarına səfəri beynəlxalq aləmdə ciddi siyasi bir hadisə kimi qəbul edilib. Belə ki, bu səfər sovet liderinin Amerikaya ilk səfəri olduğundan dünya ictimaiyyətinin böyük marağına səbəb olub.
İki həftəlik səfər çərçivəsində Xruşovu SSRİ-nin rəsmiləri ilə yanaşı, həyat yoldaşı və ailə üzvləri də müşayiət ediblər.
Səfər çərçivəsində SSRİ və ABŞ arasında ayrı-ayrı sahələr üzrə əməkdaşlıqla bağlı bir sıra sənədlər imzalanıb. Xruşovla Eyzenhauer arasındakı şəxsi əlaqə və birbaşa ünsiyyət beynəlxalq gərginliyin zəifləməsinə kömək edib. Liderlər tərksilah məsələsini geniş müzakirə ediblər. Tərəflər arasında razılaşma əldə olunub ki, SSRİ, ABŞ, Böyük Britaniya və Fransanın dövlət başçıları 1960-cı ilin mayında görüşsünlər. Lakin SSRİ səmasında ABŞ təyyarəsinin nəzərdə tutulan görüşdən bir neçə gün əvvəl vurulması SSRİ-nin həmin görüşdə iştirakdan imtina etməsinə səbəb olub.
Rəsmi görüşlərlə yanaşı Xruşov və onu müşayiət edənlər ayrı-ayrı ştatlarada, Amerikanın böyük şəhərlərində olublar, qeyri-rəsmi görüşlər keçiriblər, sadə amerikalılarla ünsiyyətdə olublar.
Kremlin tərcüməçisi Viktor Suxodrev Xruşovun Amerikadakı gəzintilərini, yerli əhali ilə görüşlərini belə xatırlayıb:
“Nikita Xruşov SSRİ-də olduğu kimi, Amerikada da insanlarla ünsiyyətə üstünlük verirdi. İlk dəfə o, şəhər gəzintisinə çıxanda, Amerika haqqında təəssüratlarını bölüşəndə, mənə elə gəlirdi ki, onu heç kim alqışlamayacaq. Sadə amerikalılar Xruşova qeri-adi “obyekt” kimi baxırdılar. Amma Xruşovun qısa nitqindən sonra ətrafa toplaşanlar onu böyük həvəslə alqışlamağa başladırlar. Xruşovun sadəliyi, qeyri-adi yumor hissi və o cümlədən elə qeyri-adi qəzəbi də amerikalıların xoşuna gəlirdi...”
Sözsüz ki, çılğın xarakterə malik Xruşovun Amerika səfərində maraqlı hadisələr də az olmayıb.
Şəhər gəzintilərinin birində Xruşova qazlı su aparatından istifadə etməyi təklif ediblər. Onu müşayiət edən amerikalı əvvəlcə Xruşova aparat haqqında məlumat verib, bildirib ki, aparatda yerləşdirən fotoelement istifadəçini geyiminə görə, onun qadın, yaxud da kişi olduğunu müəyyənləşdirir, qadınlara albalı şirəli qazlı su, kişilərə isə apelsin siroplu su verir. Xruşova aparatdan istifadə etmək üçün xırda sent veriblər. Sovet lideri çox böyük maraqla, təmkinlə aparatın qarşısına keçib, senti aparatın pul qəbul edən yerinə atıb. Nəticə ətrafdakıların gülüşünə səbəb olub. Aparat Xruşova qadınlar üçün nəzərdə tutulmuş albalı şirəli qazlı su verib, yəni fotoelement Xruşovu qadın kimi “tanıyıb”. Hələ ki səbrini saxlayan Xruşov ikinci dəfə aparata pul atıb və yenə də eyni nəticə. Üçüncü cəhddə stəkanına albalı şirəli su süzüləndə Xruşov qəzəbini gizlədə bilməyib:
- Sizin aparatlar da sovet adamını qəbul etmir. Həm də bu insan hüquqlarının pozulması deməkdir. Biz heç vaxt belə şeylərə yol vermərik, çünki SSRİ-də qadın və kişi bərabərliyi hökm sürür.
Əslində qazlı su aparatının Xruşovu kişi kimi “tanımaması” qəsdən təşkil edilməyib. Xruşov adətinə uyğun olaraq Amerika səfərində də enli şalvar və enli pencəkdə olub. Sovet liderinin əyninə geyindikləri o qədər enli olub ki, aparatdakı fotoelement onları qadın paltarı kimi qəbul edib.
Bu hadisə Xruşovun qəzəbinə səbəb olmasına baxmayaraq, aparat onun xoşuna gəlib və SSRİ-də də belə aparatların olmasını göstəriş verib. Amma sovet aparatlarında qadın-kişi ayrı-seçkiliyi olmayıb.(musavat)
İlham Cəmiloğlu