Bazar ertəsi günortaya olan məlumatlara əsasən, dünyada koronavirusa yoluxduqları təsdiq olunmuş insanların sayı 341 000 nəfərə çatıb, onlardan 99 000 nəfəri sağalıb və 14800 nəfər ölüb.
Yenixeber.org: Ayrı-ayrı ölkələrdə koronavirusla bağlı vəziyyət necədir və hansı tədbirlər həyata keçirilir?
İtaliya
Bazar günü İtaliyada COVID-19 koronavirusuna yoluxan insanların sayı 59 min nəfəri ötüb; 5,5 minə yaxın insan virusun qurbanı olub.
Koronavirusa yoluxanların sayına görə İtaliya Çindən sonra ikinci yerdədir, ölüm sayına görə isə dünyada birinci yerdədir.
Bazar ertəsi Rusiyanın İL-76 markalı yeddi hərbi-nəqliyyat təyyarəsi İtaliyaya hərbi mütəxəssislər və koronavirus ilə mübarizə aparmaq üçün avadanlıq gətirib.
Rusiya İtaliyaya virusologiya və epidemiologiya sahəsində mütəxəssislər, həmçinin həkim briqadaları daxil, ümumilikdə 100 nəfərdən ibarət bir qrup, diaqnostika və dezinfeksiya avadanlığı göndərib.
ABŞ
Ötən həftəsonu təsdiqlənmiş yoluxma hallarının sayına görə üçüncü yerdə ABŞ olub - orada koronavirusa 33 mindən çox insan yoluxub. Ən ağır vəziyyət New York şəhərində yaranıb.
Dünya üzrə koronavirus infeksiyasına bütün yoluxma hallarının təxminən 5 faizi New York şəhərinin payına düşür.
Bazar günü məlum olub ki, şəhərdə asayişi təmin edən 100-ə yaxın polis bu virusa yoluxub.
İspaniya
Aşkar edilmiş koronavirus hallarının sayına görə dünyada dördüncü yerdə İspaniyadır.
Şənbə günü ölkənin Baş naziri Pedro Sanchez bildirib ki, Avropada ən sərt karantin rejimi İspaniyada həyata keçirilib.
Ötən həftə İspaniya, insanların hərəkətini məhdudlaşdıraraq növbəti iki həftəlik müddətə yüksək hazırlıq rejimi tətbiq edib. Bazar günü məlum olub ki, hökumət bu rejimin aprelin 11-dək uzadılması üçün ölkə parlamentinə sorğu göndərə bilər.
Almaniya
Dünya üzrə ən çox yoluxanların sayına görə Almaniya beşinci ölkədir. Almaniya hökuməti ölkədə iki nəfərdən artıq qruplara toplaşmağı qadağan edib.
Bu tədbir barədə bazar günü Almaniya kansleri Angela Merkel elan edib. Brifinqdən dərhal sonra onun özü də karantin rejiminə keçməli olub, çünki məlum olub ki, cümə günü ona profilaktik peyvənd vuran həkim də koronavirusa yoluxub.
Rusiya
Rusiyada bazar günü koronavirusa yoluxmuş insanların sayı 367-ə çatıb. İstirahət günlərində Moskva metropoliteni bildirib ki, bir il əvvəlki rəqəmlərə nisbətən sərnişinlərin sayı təxminən 40% azalıb, Mədəniyyət Nazirliyi isə kinoteatrların martın 23-dən etibarən bağlanmasını tövsiyə edib.
Şənbə günü Moskva meri Sergey Sobyanin koronavirusa görə metronun bağlanacağı barədə şayiələri cəfəngiyat adlandırıb. O bildirib ki, metro istənilən vəziyyətdə işini davam etdirəcək.
Moskva Times qəzetinin yazdığına görə, zəngin ruslar koronavirusdan xilas olmaq üçün süni nəfəs aparatları almağa çalışırlar.Nəşrin həmsöhbətlərindən birinin bildirdiyinə görə, 1,8 milyon rubl (təxminən 38 min manat) qiyməti olan bu aparatlar üçün yaranmış növbədə gözləmə vaxtı səkkiz ay çəkə bilər.
Bu cür aparatlar əsasən Çin, İtaliya və Almaniyada istehsal olunur.
Britaniya
London nəqliyyatını idarə edən Transport for London (TfL) şirkəti istirahət günlərində London sakinlərinə göndərdiyi məktubda, onlara ictimai nəqliyyatdan istifadə etmədiklərinə görə təşəkkürünü bildirib və başqalarını da eyni addım atmağa çağırıb.
Ölkənin bütün sakinlərinə evlərində qalmaq və ictimai nəqliyyatdan yalnız zəruri hallarda istifadə etmək barədə çağırış edilib.
Britaniya qəzetləri ölkənin Baş naziri Boris Johnson-un faktiki olaraq britaniyalılara ultimatum təqdim etdiyindən yazır: ya onlar hakimiyyətin tövsiyələrinə qulaq asırlar, ya da onları Fransa, İspaniya və İtaliyada tətbiq edilən sərt məhdudiyyətlər gözləyir.
Şənbə günündən etibarən ölkə daxilində pablar, barlar, kafe və restoranlar işləmir, cümə günü məktəblər qeyri-müəyyən müddətə bağlanıb. Lakin ötən həftə sonu britaniyalıların çoxu parklarda və digər ictimai yerlərdə gəzintiyə çıxıb.
Hökümət insanları bir-birindən iki metr məsafədə durmağı tövsiyə etsə də, bu göstərişə heç də hamı əməl etməyib.
Baş nazir Boris Johnson xəbərdarlıq edib ki, "insanlar parklardan və uşaq meydançalarından məsuliyyətlə istifadə etməsə və ikimetrlik məsafə qaydasına riayət etməsə", daha ciddi tədbirlər görülə bilər.
Times qəzetinə görə, Britaniya hökumətindəki yüksək rütbəli məmurlardan biri bu cür inkişafı labüd hesab edib.
Türkiyə
Türkiyənin səhiyyə naziri Fahrettin Koca dünən gecə Türkiyədə koronavirüs epidemiyası səbəbiylə ölənlərin sayının 30-a çatdığını açıqlayıb.
Koca ölənlərin hamısının yaşlı olduğunu bildirib.
Aşkar edilmiş koronavirusa yoluxanların sayı isə ötən gün Türkiyədə 30,5 faiz artaraq 1236-ya çatıb.
BBC Türkce DHA agentliyinə istinadən bildirib ki, Çindən koronavirus diaqnozunun müəyyən edilməsi üçün alınan 2 milyon ədəd sürətli tibbi test dəstinin ilk hissəsi bazar ertəsi səhər saatlarında Türkiyəyə çatdırılıb.
Bu tibbi avadanlıq koronavirus diaqnozunu 15 dəqiqə ərzində müəyyən edə bilir.
Ermənistan
Ermənistan Səhiyyə Nazirliyi Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin martın 23-nə olan məlumatına görə, Ermənistanda Covid-19 virusuna yoluxanların sayı 194-ə çatıb.
Məlumata əsasən, pasiyentlərin əksəriyyəti özünü yaxşı hiss edir, 14 nəfərdə sətəlcəm aşkar edilib, onların 6 nəfərin intensiv terapiyaya ehtiyacı var, onlar Nork yoluxucu xəstəxanasının reanimasiya şöbəsində nəzarət altındadırlar.
Pasiyentlərin ikisi sağalıb. Onlardan birinin yanında 21 gün qalan anasında Covid-19 virusu aşkar edilməyib. Həkimlər ehtimal edirər ki, ya qadın virusa yoluxmamışdı, ya da tez sağalıb.(BBC)