NEFT BAZARINDA TƏLATÜM NƏ ZAMANA QƏDƏR DAVAM EDƏ BİLƏR? - 18 dollara qədər eniş gözlənilir
Martın 18-də neftin qiyməti son 17 ildə ən aşağı həddə düşüb. CNBC agentliyi yazıb ki, dünya boyunca artan xətlə yayılan koronavirus pandemiyası və gözlənilən qlobal resessiya xofu neftin qiymətinə birbaşa təsir göstərir.
Yenixeber.org: Martın 18-də ABŞ neftinin qiyməti 24.4% və ya 6.58 dollar azalaraq bir barrel üçün 20.37 dollara enib. Bu Texas neftinin 2002-ci ilin fevralından bəri ən ucuz qiymətidir.
"Brent" markasından olan neftin qiymətində 14.1% və ya 4.07 dollar azalma olub və indi bir barrelin qiyməti 24.67 dollardır. Bu isə 2003-cü ildən bəri ən aşağı qiymətdir.
Bu amilin özü əvvəlki bazar böhranları ilə müqayisədə vəziyyətin daha kritik olduğunu göstərir. Beləliklə:
Dekabr 1973 -yanvar 1974: 3 dollardan 13 dollara yüksəlib;
Aprel 1979- iyun1979: 21 dollardan 33 dollara yüksəlib;
Noyabr 1985-fevral 1986: 29 dollardan 16 dollara enib;
İyul 1990- sentyabr 1990: 16 dollardan 32 dollara yüksəlib;
Oktyabr 1997- dekabr 1998: 20 dollardan 9 dollara enib;
Dekabr 1998-avuqst 1999: 9 dollardan 20 dollara yüksəlib;
Sentyabr 2001-dekabr 2001: 26 dollardan 18 dollara enir
Fevral 2007-oktyabr 2007: 57 dollardan 84 dollara yüksəlib;
Yanvar 2008- iyul 2008: 90 dollardan 134 dollara yüksəlib;
İyul 2008-oktyabr 2008: 134 dollardan 72 dollara enib;
Oktyabr 2008- fevral 2009: 72 dollardan 41 dollara enib;
Aprel 2009- noyabr 2009: 50 dollardan 78 dollara yüksəlib;
İyun 2014- yanvar 2015: 108 dollardan 47 dollara enib;
İyun 2015- yanvar 2016: 62 dollardan 30 dollara enib;
Fevral 2020-mart 2020: 58 dollardan 25 dollara enib.
Bu tarixlərin içərisində cəmi bir neçə gün ərzində qiymətin kəskin sıçrayışı yalnız 1973-cü ilin sonunda qiymətin yüksəlməsi istiqamətində olub.
Hazırda neft qiymətləri iki tərəfdən, həm təchizat, həm də tələb istiqamətindən zərbəyə məruz qalır. Dünya boyunca səfərlərin və biznes fəallığının azalması neftə tələbatı azaldıb, digər tərəfdən isə neftin ən böyük hasilatçılarından olan Səudiyyə və Rusiya hasilatı artırmağa başlayıblar.
Bəs neft qiymətləri hansı həddə qədər enə bilər? OPEC və başlıca olaraq Rusiyadan ibarət müttəfiqlər arasında neft hasilatının ixtisarına dair saziş hələ qüvvədədir, lakin gələn ay bu razılaşmanın vaxtı bitir.
18 dollara düşə bilər
"Rystad Energy" firmasından təhlilçi Laus Dikson deyib ki, tələb və təklif arasında balans yarananadək neftin qiyməti bir qədər də düşə bilər. Ekspert bildirir ki, belə qiymət azalması çoxdan bəri görünməmiş hadisədir və neft məhsullarının bütün növlərini -təyyarə yanacağı, benzin və mazutu da əhatə edir.
Ümumilikdə WTI və"Brent" markalarından olan neftin qiymətləri ən pis aylarını yaşayır. Onların qiymətində bu ay ərzində müvafiq olaraq 54 və 50 faiz azalma olub. Martın 17-də "Goldman Saks" ikinci rüb üçün neftin proqnoz qiymətlərini endirib. Bu proqnozlara görə hər iki markadan olan neftin bir barrelinin qiyməti 20 dollara enə bilər.
Ekspertlər bildirirlər ki, 2008-ci ilin maliyyə böhranı da daxil, bündan əvvəlki böhranlardan fərqli olaraq koronavirusla bağlı yaranmış vəziyyətin sonu hələlik naməlumdur. Amma getdikcə daha çox ekspert qiymətlərin bundan sonra da düşəcəyi qənaəti ilə razılaşır.
"Again Capital" firmasından ekspert Con Kilduff deyib ki, OPEC+ razılaşması iflasa uğradıqdan sonra Səudiyyə neft bazarına bir növ “od vurub” və belə bir şəraitdə neft öz optimal qiymətini tapanadək ucuzlaşma bir barrel üçün 18 dollar həddinə də çata bilər.