DÖVLƏTİN MİLYONLARI ALIŞANOVU “TORPAQ KRALI”NA NECƏ ÇEVİRDI? – Sabah qalmaqallı məhkəmədir...
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Neftçala rayonunun keçmiş icra başçısı İsmayıl Vəliyevin qanunsuz əməlləri ilə bağlı yaydığı məlumatda nələr yox idi? Dövlət əmlakının talan edilməsi, büdcə pullarının ələ keçirilməsi, bütün dövlət qurumlarından, sahibkarlardan, fermerlərdən rüşvət yığılması və nəhayət, rayonun perspektivli torpaqlarının zəbt olunması...
Yenixeber.org: İsmayıl Vəliyev həmin ərazilərdə eşşək ferması, müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan təsərrüfatlar yaradaraq, külli miqdarda gəlir əldə edib. Sirr deyil ki, büdcə hesabına varlanan əksər məmurlar çirkli pulların bir hissəsini ölkədən çıxarır, bir hissəsini də rayonlarda torpaq sahələri almağa, biznesə və daşınmaz əmlaka yatırırlar.
““Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Alışanov həbs olunan məmur həmkarlarından geri qalmayıb, ələ keçirdiyi külli miqdarda vəsaitin bir hissəsini torpaq sahələri almağa yönəldib”. Bu sözləri keçmiş sədrin şikayəti əsasında həbs edilmiş Şamaxı sakini Şücayət Əkbərovun qızı Cəmilə Tağıyeva bildirir.
O, qeyd edir ki, A. Alışanov sədr olduğu 13 il ərzində təkcə Şamaxı rayonunda 355 hektar torpaq sahələri almağa müvəffəq olub, həmçinin başqa bölgələrə də “investisiya” yatırmağa fürsət tapıb : "Məsələn, 2014-cü ildə Kürdəmir rayonunun Karrar kəndindən 28.350 hektar torpaq sahəsi alıb. “Torpaq kralı” olmaq üçün keçmiş sədrin əli heç zaman “daş altında” olmayıb. Mətbuatdan oxumuşam ki, onun AzTV-yə rəhbərlik etdiyi müddətdə büdcədən dövlət televiziyasına birbaşa və dolayı yollarla 2 milyard manata yaxın vəsait ayrılıb. Belə desək, həmin dövrdə mənim də əməkdaşı olduğum dövlət kanalı neft pullarından ən çox bəhrələnən təşkilatlardan biri olub.
Əlbəttə, bu vəsaitləri rahatca pay-püş etmək A. Alışanov üçün çətin olmayıb. İşlədiyi müddətdə qılıncının dalı da, qabağı da kəsən sədr, vəsaitlərin bir hissəsini müxtəlif yollarla şəxsi biznesinə yönəldib. Və bunu bütün dövlət qurumlarının gözü qarşısında, nümayişkaranə şəkildə edib”.
Xatırladaq ki. A. Alışanov adı daim qalmaqallarda hallanıb. Onun biznes fəaliyyəti barədə mətbuatda dəfələrlə geniş araşdırmalar dərc olunub. Xüsusən, AzTV-də tenderlərin necə keçirilməsi, dövlət satınalmalarında yol verilən külli miqdarda maxinasiyalar barədə detallı məlumatlar yazılıb.
Şamaxı sakinləri də mediaya dəfələrlə bildiriblər ki, onlara məxsus pay torpaqları Arif Alışanov tərəfindən alınıb. Maddi imkansızlıqdan təklif olunan şərtlərlə razılaşmağa məcbur olan kənd sakinlərinin bir qismi indi Bakıda, Rusiyada işləyib ailəsini dolandırmağa çalışdıqlarını deyiblər. Əl-ayağı tutmayanlar da təqaüdün ümidinə qalıb, onların sahib olduqları torpaqlarda Alışanovun adamları əkin-biçinlə məşğuldurlar.
Cəmilə Tağıyevanın sözlərinə görə, AzTV-nin keçmiş sədri ən çox Şamaxının 2 kəndindən - Qızmeydan və Nağaraxanadan torpaq sahələri alıb: “Qızmeydan kəndindən ümumilikdə 101, Nağaraxanadan isə alınan 198 hektar torpağın hamısı kənd təsərrüfatı təyinatlıdır.Torpaq sahələri Hacı Babayev - Alışanovun sürücüsü, Arzu Muradova - bacısı, Nilufər Cəfərova - bacısı qızı, Mehriban Alışanova - keçmiş həyat yoldaşı, Dəyanət Cəfərov - bacısı oğlu, Camal Nəbiyev AzTV-nin təsərrüfat şöbəsinə rəhbərlik etmiş şəxs, Fərid Aşurbəyov- keçmiş kürəkəni, Nigar Alışanov - qızı, Aynur Alışanov - qızı və Habil Alışanov - qardaşının adlarına sənədləşdirilib. Notarial sənədlərə görə, rayonda 42.08 ha torpaq sahəsi təkcə keçmiş AzTV sədrinin sürücüsünün adınadır.
Nağaraxana kəndinin torpaqları Şamaxıda ən bahalı ərazilər sayılır. Notarius sənədlərindən görünən odur ki, Alışanovlar həmin illərdə Qızmeydan kəndində torpağın hektarını 1000-1500, Nağaraxana kəndində isə 4000-5000 manatdan alıb. Hazırda həmin ərazilərdə torpağın qiyməti olduqca bahadır. Satış elanlarındakı qiymətlərlə hesablasaq, təkcə iki kəndə Alışanovların 30 milyon manat dəyərində torpaq sahələri var".
Arif Alışanovun bölüşdürdüyü torpaq paylarına gəldikdə, Cəmilə Tağıyevanın verdiyi məlumata görə, keçmiş həyat yoldaşı, Hesablama Palatasının auditoru Mehriban Alışanovanın adına Qızmeydan kəndində 30 hektar 28 sot torpağı var: “Arif Alışanovun kiçik qızı Nigar Alışanovanın da adına Şamaxının Qızmeydan kəndindən 15 hektar, Əhmədli kəndindən isə 6 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi alınıb. Alışanovun böyük qızı Aynur Alışanovanın adına xeyli torpaq sahəsi rəsmiləşdirilib. 2009-cu ildə Şamaxının Əhmədli kəndindən 1 hektar, 2017-ci ildə isə Nağaraxana kəndindən 9 hektar 12 sot torpaq alıb.
Aynur Alışanovanın keçmiş həyat yoldaşı Fərid Aşurbəyov da vaxtıilə qayınatasından nəsibini alıb. 2009-cu ildə Qızmeydandan 27 hektar, 2015-ci ildə isə Nağaraxana kəndindən 11 hektar torpaq sahəsi alıb. Eşitmişəm ki, boşanmadan sonra torpaq sahələrini ondan geri alıblar”.
C. Tağıyevanın sözlərinə görə, Arif Alışanovun qardaşı Habil Alışanovun adına cəmi bir sənəd var: “O, 2016-cı il fevralın 18-də Şamaxının Nağaraxana kəndindən 3 hektar 37 sot torpaq sahəsi alıb. H. Alışanov eyni zamanda Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinin rəis müavinidir”.
Xatırladaq ki, Cəmilə Tağıyevanın atası Şücayət Əkbərov Arif Alışanovun iddiası əsasında 2017-ci ilin yanvar ayında həbs edilib. O, AzTV sədrinə qarşı su-qəsd təşkil etməyə cəhd etməkdə və dələduzluqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmədə ittihamları rədd edən Ş.Əkbərov, keçmiş sədr haqqında sensasiyalı ifadələr verib. Onlardan biri də Alışanovun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın əlaqələrə malik olması ilə bağlıdır.
İttihama görə, Ş. Əkbərov A. Alışanovun 4 milyon 641 min manatlıq əmlakını ələ keçirib. Əkbərov bu ittihamların hər ikisini rədd edib. Cəmilə Tağıyeva bildirib ki, A. Alışanovatasını həbs etdirməklə kifayətlənməyərək, onun adına Şamaxı rayonu, Çuxuryurd kəndində olan 5.066 hektar torpaq sahəsini bacısı qızı Nilufər Cəfərovanın adına keçirib: “Həmin kənddə anam S .Sadıqovaya məxsus 6.5 hektar torpaq sahəsi də zorla eyni şəxsin adına rəsmiləşdirilib. Bundan başqa Nağaraxana kənində ona məxsus 194.4 kv.m yaşayış evi də əlindən alınaraq N.Cəfərovanın mülkiyyətinə keçirilib. Yeri gəlmişkən, anam bu evdə qeydiyyatdadır, onun razılığı olmadan ev necə başqasının adına keçirilə bilər? Rayonun Mədrəsə qəsəbəsi, N. Gəncəvi küçəsi 26 ünvanında 022. hektar torpaq sahəsinin üzərində yerləşən, sahəsi 271 kv.m olan ev isə Arif Alışanovun digər qızı Aynur Alışanovaya verilib. Alışanov daha sonra Samux rayonunda yerləşən, anama məxsus olan 1.24 hektar torpaq sahəsini də Nilufər Cəfərovanın adına rəsmiləşdirilməsinə nail oldu”.
Ş. Əsgərovun keçmiş həyat yoldaşı Səlimə Sadıqova da məhkəmədə bildirib ki, ittihamın əksinə, Arif Alışanov onun əmlaklarını ələ keçirib. O, əmlakların geri qaytarılması tələbi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edib.
Səlimə Sadıqova iddia ərizəsində qeyd edib ki, keçmiş əri Şücayət Əkbərov həbs edildikdən 2 gün sonra polis gücünə bölməyə aparılıb və orada AzTV-nin işçisi Camal Nəbiyevin adına etibarnamə verməyə məcbur edilib. Bu etibarnamə əsasında isə Şücayət Əkbərovdan boşanmadan ona qalan bütün əmlak Alışanovun bacısı qızı Nilüfər Cəfərovanın adına keçirilib. S.Sadıqova qeyd edib ki, əslində bütün əmlak Alışanovun nəzarətinə verilib. Nərimanov rayon Məhkəməsi mübahisə predmeti olan əmlakların üzərinə həbs qoyub.
C. Tağıyevanın sözlərinə görə, martın 10-da Nərimanov rayon Məhkəməsində anası Səlimə Sadıqovanın cavabdehlər Arif Alışanov, Nilufər Cəfərova və Camal Nəbiyevə qarşı iddiası üzrə məhkəmə prosesi davam etdiriləcək: “Anam AzTV-nin keçmiş sədri tərəfindən zorla əlindən alınan əmlakın və torpaq sahələrin onun mükiyyətinə qaytarılmasını tələb edir. İş Nərimanov rayon Məhkəməsinin hakimi Vüqar Quliyevin icraatındadır. Arif Alışanov bizə zülm edib, atamı şərləyərək həbs etdirib, bütün əmlakımızı, torpağımızı ələ keçirib. Atam açıq ürək əməliyyatı keçirib, hazırda səhhəti ağır olsa da həbsdə saxlanılır. Anam atamdan çoxdan boşansa da əmlakı polis gücünə zorla, təhdidlə notarius vasitəsi ilə əlindən alınıb. Mən mətbuat vasitəsi ilə dəfələrlə Prezident, cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Zakir Qaralova, Daxili işlər naziri Vilayət Eyvazova müraciət etmişəm. Ölkə rəhbərliyindən xahiş edirəm ki, bizi Arif Alışanovun zülmündən qurtarsın, onun diqtəsi, sifarişi ilə çıxarılan məhkəmə qərarlarına yenidən baxılsın, haqq-ədalət yerini tapsın. Hüquqi dövlətdə yaşayırıqsa, bir ailə korrupsioner məmurun tapdağı altında qalmamalıdır, dövlət rəhbərliyi qanunun aliliyinin təmin olunması üçün iradə göstərməlidir”.
C. Tağıyeva daha sonra qeyd edib ki, Nefçalanın, Ağıstafanın korrupsioner icra başçılarının ifşa olunması onları çox sevindirib: “Dövlətə, vətəndaşa qarşı cinayətlər törədən bütün məmurlar onların aqibətini yaşamalıdırlar. O cümlədən, Arif Alışanov. Dövlət onun yaxasından tutub AzTV-yə sədrlik etdiyi dövrdə sahibləndiyi milyonlarla dollarlıq əmlakın, yüz hektarlarla torpaqların hansı vəsaitlə alındığını soruşmalıdır. Ailəmizə qarşı həyata keçirilən repressiyanı, qanunsuzluğu sorğulamalıdır, bu işdə rolu olan istintaqçılar, notarius, məhkəmə hakimləri də qanun qarşısında cavab verməlidirlər. Martın 10-da Nərimanov rayon Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə anamın şikayətinə baxılacaq. Mən ümid edirəm ki, Vüqar müəllim bu cinayətdə Arif Alışanovun əmrlərini yerinə yetirmiş hakimlərin davamçısı olmayacaq. Hazırki vəziyyəti düzgün qiymətləndirəcək, şəffaflığın, hüququn aliliyinin təmin olunması istiqamətində dövlət iradəsinin nə qədər qətiyyətli olduğunu görüb işə ədalətli baxacaq”.(azpolitika)
E.Rüstəmov