“QÜDS” GENERALININ SURİYAYA QƏFİL SƏFƏRİ: İsmayıl Qaaninin Əli Məmlük və Hakan Fidanla gizli görüşündə nələr müzakirə olunub?
Yenixeber.org: Martın 5-də keçirilmiş Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan görüşü artıq tarixin çevrilmiş səhifə olsa da, son yüksək səviyyəli Rusiya-Türkiyə təmasına hələ də əlavələr edilir. İlk növbədə, rəsmi təqdimatdan kənarda qalmış səhnələr.
“Kommersant” bir əlavəni artıq diqqətə çatdırıb: martın 5-də baş tutan görüşün məkanı Moskvanın yerinə Ankara olmalı imiş. Amma Rusiya Konstitusiyasına əlavə və dəyişiklikləri (yəqin ki, səbəbdən daha çox bəhanə idi) əsas gətirən Putin Türkiyə prezidentini ayağına qədər gətirdə bilib.
Ərdoğanı alçaltmaq üçün görüşün bilərəkdən II Yekaterinanın heykəli və Balkan müharibəsi xatirəsi olan məkanda baş tutması da ciddi mübahisələr doğurub. Doğrudur, bu zalda Putin başqa dövlət başçılarını da qarşılayıb, amma əgər Yaxın Şərq üzrə tanınmış rus təhlilçisi (yeri gəlmişkən, “Kommersant”ın şərhçisi Marianna Belenkayanın əri) bu xırdalığa əhəmiyyət veribsə, deməli, daş altında, həqiqətən, şeytanın quyruğu gizlədilibmiş.
“Rossiya 1” kanalı daha bir xırdalığı qabardıb: Ərdoğanın qapıda (həm də rus sərkərdələrinin portretləri asılmış girişdə) gözlədilməsi. “Kommersan” da 2 dəqiqəni adlamış bu məqama diqqət yetirtmişdi: “Birinci Korpusun boş binalarında onu ən azı bir müddət gözlətmək istəyən insanlar var idi”.
Görüşdən sonra Putin doğrudan da Duma fraksiyaları ilə Konstitusiyaya əlavə və düzəlişlərlə bağlı müzakirələr aparıb. “Heç bir xarici siyasət məsəsləsi bundan daha vacib ola bilməz”, – deyə o, parlamentarilərə bildirib. Ərdoğan Türkiyəyə qayıdışından sonra ilk açıqlamasında Moskva təmaslarını bu cür qiymətləndirib: “Müsəlmanın müsəlmanın qanını axıtmasının qarşısını aldıq”.
İdlib böhranında Türkiyə ilə hərbi toqquşma həddinə çatmış Suriya və dolayısı ilə İranın rəsmi mövqeyini açıqlamalardan daha çox 2 başlıca iddia əks etdirir.
Onlardan birincisi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah” – İİKK) yeni təyin olunmuş komandanı, briqada generalı İsmayıl Qaaninin qəfil Suriya səfəridir.
“South Front”-in ilk carçısı olduğu məlumatın sadəcə iddia deyil, gerçək olduğunu fotolar isbatlayıb. Martın 6-da, yəni Putin-Ərdoğan görüşündən cəmi 1 gün sonra Qaaninin Suriyanın şimal-qərbindəki Hələb vilayətinə gəlişi, daha sonra da cəbhə bölgəsinə, xüsusən Səraqib şəhərinə yollanmasını bir neçə İran qaynağı da açıqlayıb.
“Qüds” komandanının görüşdüyü şəxsin kimliyi də bilinib: İran parlamentinin sabiq millət vəkili Seyyid Əli Bozorgvari.
2020-ci ilin yanvar ayında Bağdad hava limanı yaxınlığında sui-qəsdlə öldürülən general Qasim Süleymanidən sonra Qaaninin necə komandan olacağı çoxdan müzakirə mövzusudur. Bir çox Qərb beyin mərkəzləri onu harizmadan yoxsul və fərsiz əməliyyat rəhbəri kimi səciyyələndirir. Görünür, İsmayıl Qaaninin bu rəyi alt-üst etməsi və ya ona möhür vurmasının zamanı məhz indi yetişib.
“Sepah” generalının Suriyaya səfərindən əvvəl Türkiyə ordusu ilə qeyri-bərabər şiddətli döyüşlərdə Livanın “Hizbullah” qrupu da daxil olmaqla, İİKK-yə bağlı əfqan-pakistanlı milislər böyük itkilər verib. 9 üzvünü itirmiş “Hizbullah” və sıralarında 21 nəfəri azalmış İran dəstəkli proksilərlə yanaşı, 1 iranlı könüllünün də öldürüldüyü rəsmən açıqlanıb.
Bu yaxınlarda bir neçə suriyalı müxalif qaynaq İİKK-nin İdlib vilayətində əlavə qoşun yerləşdirdiyini iddia edib. Qaaninin səfəri bunu təsdiqləməsə də, “Sepah”ın bölgədəki türk qüvvələrinə daha çox diqqət yetirməsinin bir əlamətidir.
Xatırladım ki, bundan əvvəl İranın Suriyadakı Hərbi Məsləhət Şurası (“Müharibə Otağı”) Türkiyə hərbçilərinin İdlibdəki qüvvələrinə hücum etməsi və cavab verməyə qadir olduqlarına dair bəyanat yayıb.
İranın bu bölgəyə xüsusi marağının səbəbləri də tədricən aydınlaşır. Hələbdən Dəməşqə uzanan M5 magistral yolu Suriya hökuməti üçün nə qədər həyati vacibdirsə, rus-türk birgə patrulunun fəaliyyətə başladığı, Hələbdən Latakiyaya uzanan M4 magistral yolu da Tehran üçün eyni mahiyyət kəsb edir. İran-İraq dəmir yolunun Suriyaya birləşdirilməsindən sonra icarəyə götürülmüş Latakiya İslam Respublikasına Aralıq dənizinə sərbəst çıxışının təminatçısı olmalıdır.
Bu arada, “əl-Əxbar” nəşri “Qüds” komandanı Qaaninin Türkiyə kəşfiyyatının (MİT) rəisi Hakan Fidanla 2 həftə əvvəl görüşdüyünü iddia edib. Suriyanın şimalında qarşıdurmalarla əlaqədar bir sıra üçtərəfli və ikitərəfli məxfi görüşlərin üzərindən qalın pərdəni çəkən Livan qəzeti Suriya Təhlükəsizlik Bürosunun rəhbəri Əli Məmlükün də bu təmaslarda iştirakını vurğulayıb. İddiaya görə, M5 və M4 magistral yolları gündəliyin əsas maddələrindən biri olub.
Məmlük artıq bir dəfə Moskvanın vasitəçiliyi ilə Hakan Fidanla rəsmən təsdiqlənmiş təmaslarda olub. Qaaniyə gəlincə, o bu cığıra yeni qədəm qoyub.
Ayətullah Xamnəinin müşaviri, sabiq XİN rəhbəri Əli Əkbər Vilayətinin məqsədli şəkildə açıqladığı kimi, mərhum Qasim Süleymani dünyanın bir çox dövlət başçıları, o cümlədən Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanla görüşüb. İsmayıl Qaani “Qüds”ün əfsanəvi generalının layiqli canişini olduğunu təsdqiləməli, yəni təkcə sələfinin başmağını geyməli deyil, həm də yerişini təkrarlaya bilməlidir.
Əziz Rzazadə
Strateq.az