Nobel mükafatı alan qadınlar – Küridən Malalaya qədər
Onlar dünyanın ən tanınmış qadınlarıdır. Məhz bu 53 qadın dünyanın ən nüfuzlu beynəlxalq mükafatı sayılan Nobel mükafatanın laureatlarıdır.
Yenixeber.org: Nobel mükafatına layiq görülən ilk qadın varşavalı fizik Mariya Küri olub. 1903-cü ildə fizika üzrə Nobel mükafatını alan Mariya Küri, 1911-ci ildə ikinci dəfə kimya üzrə bu titula sahib olub. Küri ikiqat Nobel laureatı olan yeganə qadındır. Süni radioaktivliyin kəşfindən bir neçə ay sonra, 1934-cü ildə Mariya Küri şüalanmanın doğurduğu qan xərçəngindən dünyasını dəyişib. Fizika və kimya elminin bilicisi olmasına baxmayaraq o, radioaktivliyin ziyanlı cəhətlərindən xəbərsiz olub, orqanizm üçün təhlükəli olan radium elementini üzərində talisman kimi gəzdirib.
Nobel mükafatına layiq görülən ən gənc qadın pakistanlı Malala Yusifzaydır. O, 2014-cü ildə hələ 17 yaşında ikən bu mükafata layiq görülüb. Malala Yusifzay hələ mükafatı almamışdan əvvəl qazanacağı 1 milyon 100 min ABŞ dolları olan pul mükafatını Pakistandakı məktəblərə sərf edəciyini bildirib.
Qeyd edək ki, Malala Yusifzay 9 oktyabr 2012-ci ildə məktəbə getmək üçün mindiyi avtobusda hücuma məruz qalıb. Avtobusa minən Taliban silahlısı onun adını soruşub, daha sonra isə ona üç dəfə atəş açıb. Başından yaralanan Malala hücumdan altı gün sonra müalicə üçün İngiltərəyə aparılıb, burada onun başına metal löhvə yerləşdirilib.
Afrikada Nobel mükafatının ilk qadın laureatı Vanqari Mathay olub. O, 2004-cü ildə inkişaf, demokratiya və sülhə verdiyi töhvələrinə görə bu mükafata layiq görülüb.
Ərəblər arasında Nobel mükafatı alan ilk qadın isə Təvəkkül Karmandır. O, qadının cəmiyyətdə rolunun gücləndirilməsinə verdiyi töhvələrə görə 2011-ci ildə Nobel Sülh mükafatına sahib olub.
Ədəbiyyat sahəsində ilk Nobel mükafatını isveçli yazıçı Selma Laqerlof alıb.
Nobel mükafatı laureatı olan qadınlar altı kateqoriya arasında daha çox ədəbiyyat və sülh kateqoriyalarında fərqləniblər.
Nobelin təsis etdiyi altı kateqoriyaya daxil olmayan, sonralar 1969-cu ildən təqdim edilməyə başlanan İqtisadiyyat üzrə Nobel mükafatını alan ilk qadın Elenor Ostrom olub. Amerikalı siyasi-iqtisadçı bu mükafata 2009-cu ildə layiq görülüb.
Statistik göstəricilərə görə, qadın laureatların təmsil olduğu ölkələrdən birinci yeri Amerika Birləşmiş Ştatları, ikinci yeri isə İngiltərə tutur.
Digər bir statistik göstəriciyə görə son 15 ildə əvvəlki illərə nisbətdə Nobel mükafatı alan qadınların sayı artıb.
Nobel mükafatı alan sonuncu laureat qadınlar İqtisadiyyat üzrə Ester Düflo, fizika sahəsi üzrə Donna Striklend, kimya sahəsi üzrə Frensis Arnold, sülh üzrə Nadya Murad və Ədəbiyyat üzrə Olqa Tokarçukdur.
Təəssüf ki, Nobel mükafatı alan qadınların arasında hələ ki azərbaycanlı yoxdur. Yalnız bir azərbaycanlı qadının, Sona xanım Vəlixanın Nobel komitəsində namizədliyi qeydə alınıb.
Qeyd edək ki, Sona xanım Vəlixanın adı Azərbaycan tarixinə ilk ali tibbi təhsili olan və ilk tibb elmləri doktoru elmi dərəcəsi alan bir ziyalı kimi həkk olunub. Onun elmi araşdırmaları, tibb sahəsindəki fəaliyyəti Nobel komitəsinin də diqqətini cəlb edib.
Sona xanım Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirib. 1923-1939-cu illərdə o, Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışıb, 1939-1971-ci illərdə isə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olub.
1946-1960-cı illərdə Sona xanım Vəlixan Azərbaycan Elmi Tədqiqat Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini kimi öz elmi fəaliyyətini bu qurumda davam etdirib.
Onun elmi nailiyyətləri dünyanın bir çox elm ocaqlarında maraqla qarşılanıb, beynəlxalq elmi təşkilatlar Sona xanım Vəlixanın elmi yaradıcılığını yüksək qiymətləndirib.
Ən başlıcası isə Sona xanım Vəlixanın “Endoftalmitin patoloji anatomiyasına dair” məqaləsi Nobel komitəsinin diqqətinin özünə cəlb edib və onun mükafata namizədliyi qeydiyyata alınıb.
Məlum olduğu kimi 2-ci dünya müharibəsi zamanı Nobel komitəsinin fəaliyyətində yaranan durğunluq nəticəsində Sona xanım Vəlixanın elmi işi Nobel mükafatına layiq görülməkdən məhrum olub.(musavat)
İlham Cəmiloğlu