100 faiz səslə seçilən prezident –ABŞ-ın qurucu atası Corc Vaşinqtonun doğum günüdür
Hər il fevralın 22-də Amerika Birləşmiş Ştatlarında ənənəvi olaraq Corc Vaşinqtonun ad günü ümumxalq bayramı kimi qeyd olunur.
Yenixeber.org: Bu ənənə Amerika öz müstəqilliyini elan etdikdən iki il sonra başlanıb. Belə ki, 1778-ci ildə kiçik bir hərbi orkestr Corc Vaşinqtonun qərargahı qarşısında onun şərəfinə bir neçə marş ifa edib. Rəsmi olaraq isə Vaşinqtonun ad günü 1885-ci ildən ümummilli bayram statusunu alıb.
ABŞ-ın ilk prezidenti, amerikalılar tərəfindən “Amerikanın atası” adını almış Corc Vaşinqton haqqında 15 ən maraqlı faktı təqdim edirik.
1. Corc Vaşinqton 57 yaşında, 1789-cu il fevral ayının 4-də keçirilən prezident seçkilərində ABŞ-ın ilk prezidenti seçilib. Vaşinqton yeganə prezident olub ki, seçicilərin 100 faiz səsini qazanıb.
2. Bu gün dünyanın siyasi müstəvisində həmişə diqqət mərkəzində olan Ağ Evin tikilməsi haqqında sərəncamı Corc Vaşinqton imzalayıb. Özündən başqa ABŞ-ın 44 prezidentinin fəaliyyət göstərdiyi iqamətgahın ilk təməl daşını da məhz o qoyub. Corc Vaşinqtona Ağ Evdə işləmək qismət olmayıb. Belə ki, tikinti Vaşinqtonun vəfatından iki il sonra başa çatıb.
3. Amerikanın digər tarixi şəxsiyyətləri kimi Corc Vaşinqtonun şəkli də dollar əskinazlarının üzərində öz əksini tapıb. İlk prezidentin “qismətinə” 1 dollarlıq düşüb. Bunu belə əsaslandırıblar ki, Vaşinqton həyatda çox qənaətcil adam olub, o, hətta mühasibatlıq işini də özü aparıb və pula çox həssaslıqla yanaşıb.
4. Corc Vaşinqton siyasi partiyaların yaradılmasına və fəaliyyətinə maraq göstərməyib. O, yeganə prezident olub ki, heç bir partiya fəaliyyəti ilə əlaqəsi olmayıb.
5. Corc Vaşinqtonun əsas vaxtını dövlət işləri aparsa da, öz əyləncələrinə də vaxt ayırıb. Prezident ən yüksək dövlət ranqında olmasına baxmayaraq, rəqs gecələrində, ballarda rəqs etməkdən özünü məhrum etməyib. Vaşinqton həmçinin teatra da böyük həvəs göstərib, o, sıravi amerikalılar kimi tez-tez teatr salonlarında yeni tamaşaları seyr edib, tamaşadan sonra aktyorlarla fikir mübadiləsi aparıb.
6. Corc Vaşinqton idmanla da ciddi məşğul olub. Prezidentliyi dövründə ölkədə idmanın inkişafına xüsusi diqqət yetirib. O, idmanın güləş növü üzrə mötəbər turnirlərdə bir neçə dəfə qalib adını qazanıb.
7. Corc Vaşinqton heç vaxt Böyük Britaniyaya səfər etməyib, hətta açıq bəyan edib ki, onun ayağının Londona dəyməsi heç vaxt mümkün olmayacaq. Sonralar, 1924-cü ildə Vaşinqtonun abidəsi Londona bəxş ediləndə, onun bəyanatını nəzərə alıblar, abidənin alt hissəsinə Amerika torpağı töküblər. Ancaq buna baxmayaraq, zövqlü və çox səliqəli geyinən Corc Vaşinqtonun geyimləri Londondan gətirilib.
8. Corc Vaşinqtonun övladı olmayıb. O, 1759-cu ildə maddi cəhətdən çox zəngin olan dul qadınla ailə həyatı qurub, Marta Kastisin əvvəlki nikahdan olan qızını və oğlunu övladlığa götürüb. Amma onlar da erkən yaşlarında vəfat ediblər.
9. Amerika Birləşmiş Ştatlarının paytaxtının adı Corc Vaşinqtonun soyadının şərəfinə qoyulub. Bu ərazini paytaxt kimi məhz Vaşinqton özü seçib. Bu şəhərdə onun şərəfinə ucaldılmış monument şəhərin hər bir tərəfindən görünür. Konqresin qərarına görə şəhərdə bu abidədən hündür heç nə tikmək olmaz.
10. Corc Vaşinqton masonluğun Amerika Birləşmiş Ştatlarındakı qurucularından biri sayılır.
11. Amerikanın ilk prezidentinin səhhətində ən ciddi problem dişlərində olub. Hələ gənc yaşlarından dişləri tökülən Corc Vaşinqton prezident şeçiləndə cəmisi bir dişi olub. Ancaq buna baxmayaraq, o, həmin dişinə xüsusi qulluq göstərib və hamıya dişlərini qorumağı tövsiyə edib. Prezident öz xidmətçilərinə bununla bağlı qeyri-adi bir göstəriş də verib ki, onun atlarının dişlərini də hər gün yusunlar.
12. Corc Vaşinqtonun uşaqlıq illərində baş verən bir hadisə bu günə qədər onun ad günü münasibətilə keçirilən bayram tədbirlərində xatırlanır. Belə ki, prezident hələ uşaq olarkən ona kiçik bir balta bağışlayıblar. Vaşinqton həmin balta ilə atasının həyətdə olan ən çox sevdiyi albalı ağacını kəsib. Atası bundan hiddətlənəndə Vaşinqton səhvini etiraf edib və atası tərəfindən möhkəmcə danlanıb. Bu hadisə ilə bağlı hazırda da Vaşinqtonun ad günü münasibətilə keçirilən tədbirlərdə albalı ilə bəzədilmiş və albalı ağacının gövdəsi şəklində olan tort rəmzi olaraq iştirakçılara paylanır.
13. Corc Vaşinqtonla bağlı maraqlı faktlardan biri də onun sahib olduğu böyük əkin sahələri ilə bağlıdır. Belə ki, o, tez-tez əkin sahələrinə çıxıb və ümumi işin gedişi ilə şəxsən maraqlanıb. Bir çox bitkilərlə yanaşı, Corc Vaşinqton öz bağında marixuana da yetişdirib.
14. Amerikanın ilk prezidenti olmuş Corc Vaşinqtonun malikanəsini hər il bir milyondan artıq turist ziyarət edir.
15. 1799-cu ilin soyuq qış günlərində sahələrə çıxanda Vaşinqton möhkəm soyuqlayıb. Tibbin inkişaf etmədiyi bir dövrdə həkimlər soyuqdəyməni çıxarmaq üçün yeganə vasitə kimi qan almağa üstünlük veriblər. Elə bu qanalma nəticəsində də Corc Vaşinqton 14 dekabr 1799-cu ildə, 67 yaşında vəfat edib.(musavat)
İlham Cəmiloğlu