TÜRKİYƏ İLƏ “DÜŞMƏNÇİLİK EDƏN ŞƏRƏFSİZ SİYASƏTÇİ”:Kiprin türk lideri niyə Ankaranın qəzəbinə düçar olub?
Orhan Kemal Çengiz
“Əl-Monitor”, 18.02. 2020
Yalnız Ankaranın dövlət olaraq tanıdığı Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) ziyarət edən Türkiyə rəsmiləri və siyasətçiləri oktyabr ayından bəri prezident Mustafa Akıncı ilə görüşməkdən imtina ediblər. Akıncının Ankaranın siyasətini tənqid etməsi soyuqluğun açıq bir səbəbidir, ancaq digər səbəb Aralıq dənizinin şərqində enerji rəqabəti kontekstində axtarılmalıdır.
Yenixeber.org: Oktyabrın 9-da Türkiyə Suriyanın şimal-şərqində hərbi əməliyyat keçirdikdə, Akıncı Türkiyədəki Ədalət və İnkişaf Partiyası (AKP) hökumətindən və koalisiya ortağı olan sağçı Milliyyətçi Hərəkat Partiyasından (MHP) tamamilə fərqli bir mövqe tutub.
“Sülh çeşməsi” hərbi kampaniyasına Akıncının rəyi buynuz çıxarma kimi yozulub. Türkiyənin 1974-cü ildə Kiprə hərbi müdaxiləsinə toxunan Akıncı deyib: “Əməliyyatı “Sülh” adlandırsaq da, bu müharibədir və 1974-cü ildəki kimi, su yox, qan tökülür. Buna görə də, dialoq və diplomatiyanın ən qısa müddətdə fəaliyyətə başlaması mənim ən böyük arzumdur”.
Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti iki müdaxiləni müqayisə edərək, açıq-aşkar xarici ölkələrdə hərbi əməliyyatların davamlı problemlər yaratdığını söyləməyə çalışıb və Türkiyəni Suriyada digər variantları nəzərdən keçirməyə dəvət edib.
Akıncının şərhlərini veteran siyasətçinin sərhədyanı hərbi əməliyyatların nəticələrini izah etmə kimi yozmaq olardı, lakin Ankara onları Türkiyəyə qarşı, bir növ, düşmənçilik kimi qəbul edib. Prezident Rəcəb Tayyib Ərdoğan, Akıncının “həddini aşdığını” deyib və vitse-prezident Fuat Oktay Kiprin türk liderini açıq şəkildə qınayıb. Şimali Kiprin özündə Akıncı ölüm təhdidləri alıb və məhkəmə istintaqı tələb edib.
Akıncı hansı hədləri aşıb? Niyə onun Suriyadakı digər variantları nəzərdən keçirmə təklifi həddi aşma kimi qəbul edilib?
ŞKTC və xalqının Türkiyəni necə qavradığını bilən hər kəs qəzəbin səbəbini asanlıqla anlaya bilər. Şimali Kiprin Türkiyə ilə münasibətləri rəsmi və geniş şəkildə bu cür qavranmalıdır: 1974-cü ildə Türkiyənin hərbi müdaxiləsi Kipr türklərini adanın Yunanıstana ilhaq edilməsini istəyən Kipr yunanlarının qətliamından xilas edib. Şimali Kipri birbaşa və dolayı yolla maliyyələşdirən Türkiyədir. Buna görə də, Kipr türkləri hər zaman Ankaraya minnətdar olmalıdırlar. Türkiyə “ana”, Şimali Kipr Türk Respublikası isə onun “körpəsi”dir. Bu tabeçilik anlayışından kənara çıxan hər şey status-kvonu təhdid edir.
Akıncınin fevralın 6-da “The Guardian”-a verdiyi müsahibəsində tənqid etdiyi məhz bu anlayış idi. O, Ərdoğanın Türkiyə ilə Şimali Kipr arasındakı əlaqəni “ana və körpə münasibəti” olaraq görmək istədiyini, “müstəqil, qardaşlıq münasibətləri” çağırışına razı olmadığını söyləyib.
Akıncı Kiprin 46 illik parçalanmasına son qoymağa çalışanların tələsməli, yeganə məqbul həll yolunun federal quruluşda yenidən birləşmə olduğunu vurğulayıb. O, Şimali Kiprin Krıma oxşar ilhaqının “dəhşətli” və Türkiyənin öz maraqlarına zidd sayıb. Prezident Avropa İttifaqı daxilində birləşmiş Kipr arzusunu dilə gətirib.
Bir çox Kipr türkünün paylaşdığı fikirləri Akıncınin dilə gətirməsi, “The Guardian”-a söylədiyi kimi, siyasi iki icmalı Kiprə çağırışdır. Bu, türk və ya yunan olmaqdan daha çox ortaq Kipr sakini olma kimliyinə əsaslanır.
Akıncının qeydlərini 2004-cü ildə adanın yenidən birləşməsi üçün qondarma Annan Planını rədd edən yunan Kipri, eyni zamanda, uğursuz referendumun ardından bölünmüş Kipri üzv qəbul edən Aİ-nin tənqidləri kimi də yozmaq olar. Hazırda Aİ qanunu adanın beynəlxalq səviyyədə tanınan hökumətini təmsil edən yunan Kiprinə tətbiq olunur.
Prezidentin söylədikləri Türkiyədə misli görünməmiş təpki dalğasına səbəb olub. MHP lideri Dövlət Baxçalı Akıncını dərhal istefa verməyə çağırıb. “Akıncı və tərəfdarları Kiprin türklərə məxsus olduğunu unutmamalıdır və o, türklərin olaraq qalacaq”.
AKP sözçüsü Ömər Çelik isə Akıncını üzr istəməyə çağırıb, xarici işlər naziri Mevlut Çavuşoğlu isə Şimali Kipr liderinin “Türkiyəyə düşmənçilik etdiyini” və həyatında “bu qədər şərəfsiz siyasətçi” görmədiyini söyləyib.
Hökumətyönlü qəzetlər daha sərt ifadələr işlədib. “Səlibçilərin Akıncısı dərhal istefa verməlidir”; digəri bir qəzet isə Akıncını “düşmən” adlandırıb.
2015-ci ildə Şimali Kiprdə 60.4% səslə prezident seçilən Akıncı əleyhinə çıxış mövcud amillər olmadan tam başa düşülə bilməz.
Keçən il Şərqi Aralıq dənizində enerji qaynaqlarına görə qızışan rəqabət şəraitində, Türkiyə istisna olmaqla, Şərqi Aralıq dənizi Qaz Forumunu quran Kipr, Misir, İsrail və bir sıra digər ölkələrin birgə səyləri ilə, Türkiyənin ciddi bir problemi var. Təşəbbüsün qarşılanması üçün Türkiyə ötən ilin noyabr ayında Liviyanın Tripolidə yerləşən Milli Birlik Hökuməti ilə dəniz zonalarının delimitasiyası haqqında saziş imzalayıb.
Kiprdə baş verən son hadisələr də bu kontekstdə yozula bilər. Türkiyə Şimali Kiprdə hərbi dəniz bazası qurmağı planlaşdırır və türk hərbi dronları artıq Famaqusta hava limanından istifadə etməyə başlayıb.
Bu arada, Şimali Kipr Türk Cümhuriyyətində aprelin 26-da prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Akıncı da namizədliyini irəli sürüb. Onun rəqibi Şimali Kiprin hazırkı baş naziri, Türkiyənin dəstəklədiyi Ersin Tatardır.
Bütün bu inkişafları nəzərə alsaq, prezident seçkisində Kipr türklərinin iki fərqli baxışdan birini seçmək üçün səs verəcəyi, seçkinin, bir növ, referenduma çevrildiyini söyləmək ədalətli görünür. Onlar ya AKP-nin yüksək vəzifəli bir rəsmisinin təsvir etdiyi “Şimali Kıbrıs Türkiyənin bir uzantısı və bir parçasıdır” anlayışını dəstəkləyəcək, ya da, Akıncınin qeyd etdiyi vizyonu dəstəkləyəcəklər.
Başqa sözlə, Kipr türkləri 26 apreldə Şimali Kiprin Türkiyənin “körpəsi” olaraq qalacağına və ya öz taleyini dəyişərək Türkiyə ilə qardaşlıq əlaqəsi qurmasına qərar verəcəklər.
Tərcümə: Strateq.az