Yenixeber.org: Fevralın 5-də - anadan olmasının ikinci günü çinli bir körpədə koronavirus aşkar edilməsi xəbəri bütün dünyaya yayıldı.
Həmin körpə bu diaqnozun qoyulduğu ən kiçik pasientdir. Artıq xəstəlik 1000-dən çox insanın ölümünə səbəb olub, 40 mindən çox şəxsə koronavirus diaqnozu qoyulub. Ancaq onların arasında uşaqların sayı çox az, demək olar ki, tək-tükdür.
Xəstələnənlərin böyük əksəriyyəti çinlilərdir, ümumilikdə koronavirusa yoluxma halları 30-dan çox ölkədə qeydə alınıb.
"Journal of the American Medical Association" tibb jurnalında dərc edilmiş araşdırmada virusun əsasən 40-59 yaş aralığındakı şəxslərə yoluxduğu, uşaqların nadirən xəsətləndiyi bildirilir.
Bəs, bunun səbəbi nədir?
Simptomsuz xəstəlik?
Bu fenomeni izah edən çox sayda versiya mövcuddur, ancaq ekspertlər virusun uşaqlara nə üçün daha az yoluxduğuna hələ qəti cavab verə bilmirlər.
"Bizə məlum olmayan səbəblərə görə, koronavirus azyaşlılara ya ümumiyyətlə təsir etmir, ya da xeyli yüngül nəticələnir", - Redinq Universitetinin professoru, alim-virusoloq İen Cons belə deyir.
Bəlkə də bəzi hallarda xəstəliyin simptomları ümumiyyətlə müşahidə olunmur və valideynlər uşaqlarını məhz buna görə həkimə aparmırlar.
London Universiteti kollecinin müəllimi Natali Makdermott da bu versiyanı ağlabatan hesab edir:
"Adətən, 5 yaşına qədər uşaqların, o cümlədən, yeniyetmələrin orqanizmləri viruslara qarşı çox yaxşı mübarizə apara bilir. Onlarda xəstəlik daha yüngül keçir, ya da simptomları üzə çıxmır".
Eyni mənzərə 2003-cü ildə SARS virusu epidemiyası yayılarkən də müşahidə olunmuşdu. Onda 800 nəfər - bu virusa yoluxanların 10 faizi vəfat etmişdi. Bu virus da uşaqlara toxunmamışdı.
Səbəb tətildirmi?
Natali Makdermott hesab edir ki, xəsətliyin uşaqlar arasında az yayılması vaxtında tətbiq olunmuş profilaktik tədbirlərlə də izah edilə bilər - epidemiya zamanı bütün məktəblərin və uşaq baxçalarının qapadılması qərarı verilib, epidemiya təzə başlayanda isə ölkədə yeni il tətili olub.
Hazırda Çinin bütün məktəblərində fevralın sonuna kimi tətil elan edilib.
Makdermott həmçinin qeyd edir ki, böyüklərin öz övladlarını virusdan maksimum qorumaq cəhdləri də vəziyyətə təsir edə bilər:
"Böyüklər uşaqları yoluxma təhlükəsindən qoruyurlar, evdə xəstələnən olanda, ondan uzaq tuturlar".
O hesab edir ki, virus yayılmaqda davam edəcəyi halda ona yoluxanlarla təmasdan yayınmaq çətinləşəcək və izolyasiya imkanlarının azalması uşaqlar arasında xəstələnmə hallarının artmasına gətirib çıxaracaq.
Ancaq koronavirusun sürətlə yayılması hələ ki, xəstələnən uşaqların sayını artırmayıb.
SARS epidemiyasıyla müqayisəni davam etdirib demək olar ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzinin araşdırmaçıları 12 yaşdan kiçik uşaqların bu virusa daha az yoluxduğunu və stasionar müalicəyə daha az ehtiyac duyduqlarını bildirmişdi.
Koronavirus daha çox böyüklər üçün təhlükəlidir?
Ancaq ekspertlər qeyd edirlər ki, uşaqlarda koronavirusa qarşı xüsusi immunitet olduğunu iddia etmək olmaz.
Uşaqların bu virusa nadirən yaxalanmasını bu fakt izah edə bilər: xəstəliyin (məsələn, suçiçəyinin) ağırlaşması uşaqlarla müqayisədə böyüklər üçün daha təhlükəlidir. Onlar belə ağırlaşmaları daha pis keçirirlər.
"Bu, uşaqlarda koronavirusa qarşı xüsusi immunitet olmasından daha inandırıcı səbəbdir. Eyni zamanda, bu, onunla da izah edilə bilər ki, həkimlər xəstəlik simptomları müşahidə olunmayan və ya çox az görünən uşaqları müayinə etmirlər", - Kardiff Universitetinin yoluxucu xəstəliklər üzrə eksperti Endryu Friman belə deyir.
Oksford Universitetinin statistik epidemiologiya üzrə eksperti Krist Donelli onunla həmrəydir və Qonkonqun SARS epidemiyasıyla bağlı göstəricilərini nümunə gətirir:
"O vaxt həmkarlarımız belə qənaətə gəlmişdilər ki, balaca uşaqlar o xəstəliyi xeyli yüngül keçiriblər".
Xroniki xəstəlikləri olan böyüklərin immun sistemi virusa qarşı daha zəif mübarizə aparır. Diabet və ya ürək-damar sistemi xəstəlikləri koronavirusun daha ağır keçməsinə və daha kəskin ağırlaşmalara səbəb olur.
İen Cons deyir ki, "Adətən, pnevmoniya (koronavirusun daha tez-tez rast gəlinən ağırlaşmış halı) immun sistemi zəif olan adamlarda müşahidə olunur. Qrip və ya digər kəskin respirator virus infeksiyaları xəsətliklərində də eyni hal baş verir".
Koronavirus diaqnozunun qoyulduğu Uxan xəstəxanasındakı pasientlərin təxminən yarısında xroniki xəstəliklər olduğu aşkar edilib.
Məgər uşaqlar infeksiyalara hamıdan tez yoluxmurlarmı?
İen Djons deyir ki, uşaqlar respirator virus infeksiyalarına daha tez yoluxur və bu xəstəliklərin öz yaşıdları arasında yayılmasına səbəb olurlar.
Ona görə də bizə elə gəlir ki, viruslara qarşı ən zəif yaş qrupu onlardır. Ancaq koronavirus epidemiyasında vəziyət fərqlidir.
Ola bilsin ki, uşaqların immun sistemi daha güclüdür və ya uşaq orqanizmində virus daha az aqressiv olur və xəstəlik simptomsuz keçir deyə valideynləri onları həkimə aparmırlar. Beləliklə də uşaqlar arasında yoluxma hallarının rəsmi statistikası tam mənzərəni əks etdirmir.
Uşaqların koronavirusa qarşı niyə başqalarından dözümlü olmasının səbəbləri yaxın zamanlarda daha aydın olacaq.
Nikolay Voronin, BBC Rusiya Xidmətinin elm və texnologiya məsələləri üzrə müxbiri
Uşaqlarda immunitetin daha güclü olması və onun xəstəliklərə daha asan adaptasiya etməsi məlum faktdır. Qızılca və suçiçəyi kimi xəstəliklər məhz buna görə uşaqlarda asan, yetkin yaşlılarda isə çoxsaylı ağırlaşmayla keçir.
Kanada alimlərinin təxminən iki həftə əvvəl dərc olunmuş araşdırmasında göstərilir ki, körpənin yoluxduğu ilk virus qripinin növü onun orqanizminin respirator virus infeksiyalarına qarşı mübarizə imkanlarını müəyyən edir.
Bu isə o deməkdir ki, hər hansı epidemiya zamanı həkimlər istənilən şəxsin nə qədər təhlükədə olduğunu əvvəldən müəyyən edə bilərlər - doğulduğu ilə və həmin ildə yayğın olmuş virusun növünə görə.
"İnsanların qrip kimi viruslara və ya hətta koronavirusa qarşı ilkin ümmuniteti onların yoluxma riskinə ciddi şəkildə təsir edə bilər. Bu immunitetin insanları xəstəliklərdən necə qoruduğunu və ya əksinə, onlar üçün hansı baxımdan təhlükə yaratdığını anlamaq çox vacibdir. Çünki bu, mövsümi epidemiyalar zamanı və ya yeni xəsətliklərlə bağlı epidemiyalarda hansı qrupların daha müdafiəsiz olduğunu müəyyənlişdirməkdə bizə kömək edər", - araşdırma müəlliflərindən biri, immunoloq Mettyu Miller belə deyir.