Fəzail Ağamalı Birinci, İkinci, Üçüncü, Dördüncü və Beşinci çağırış Milli Məclisinə deputat olub. Yəni, üst-üstə 25 ildir ki, mandatsız qalmır.
Yenixeber.org: Ana Vətən Partiyasının sədri yenidən seçkiyə qatılmağa və daha 5 il deputatlığa iddialıdır. Görünür, Hacı Madər kimi record qırmağa hazırlaşır və 30 il bir deputatlıq salnaməsi yazmaq niyyətindədir. Hər halda sosial şəbəkə istifadəçiləri belə xarakterizə edirlər.
Onlardan biri - Cahid İmanlı adlı facebook istifadəçisi isə yazıb ki, millət vəkilliyinə yenidən namizəd Fəzail Ağamalının sərvətləri ilə tanış olun. Sərvətlərə nəzər yetirəndə aydın olur ki, 5 dəfə deputat olması məhsuldar keçib.
C.İmanlının yaydığı siyahıda qeyd olunur ki, F.Ağamalının qızı Günay Ağamalının adına “BUTA” özəl uşaq bağçaları, öz adına Novxanıda villa, Novxanıda oğlu Elçinin adına villa var.
Bundan başqa, hörmətli F.Ağamalının Bakının Nərimanov rayonu, M.Əlizadə küçəsində 2 mənzili, M.Araz küçəsində 2 mənzili, eləcə də Çınqıl zavodu, Neftçala rayonunda şadlıq sarayı, “555” nömrəli bahalı avtomobilləri var.
Deputat yorulmaq bilmədən imkanlarını genişləndirib və Ukraynada meyvə biznesi, Atatürk prospektində villası, şəhərin bir neçə yerində təzə binalarda mənzilləri varmış.
Hələ ona məxsus binanı Xətai Rayon Məhkəməsinə icarəyə verib. Onun oğlu tərəfindən idarə edilən boru sexləri, Salyan-Neftçalada istixanaları, obyektləri, torpaqları var. Bunlar hələ məlum olanlardı.
Belə məlumatlar isə dolaşır ki, AVP sədri deputat olmaya bilər. Partiyaya yeni gələn Fikrət Yusifov və Arzuman Əbdürkərimovun şansları dəyərləndirilir.
Onun 5 dəfə deputat olması da siyasi hakimiyyət tərəfindən nəzərə alınaraq, növbəti dəfə mandat veriləcəyi qeyri-müəyyəndir.
Təbii ki, F.Ağamalı dövlətçiliyə sadiq siyasətçi olub. Onu digər biznesmen, milyonçu deputatlarla eyniləşdirmək, oliqarx hesab etmək olmaz.
Lakin C.İmanlının açıqladığı imkanlara nəzər yetirəndə aydın olur ki, siyasi deputat kimi tanınan F.Ağamalı və yaxınları da kifayət qədər özlərinə biznes qura biliblər.
O da var ki, Fəzail Ağamalının deputat olduğu seçki dairəsində kifayət qədər problemlər mövcuddur və onların parlamentdə qaldırılması onun üzərinə düşüb.
Və yaxud millət vəkili kağız üzərində deyil, rəsmi şəkildə sonuncu dəfə nə vaxt seçiciləri ilə görüşərək onların problemləri ilə maraqlanıb – buna hörmətli deputat özü aydınlıq gətirsə yaxşı olar.(cahan)