İslahat qisaslı serial yanğınlar-Yanğın müxalifəti...
Yenixeber.org: Əvvəllər müxalifət iqtidarın "od tayasına od vurardı", yəni bir neçə qolçomaq yığışıb, yeni qurulan, yenicə özünə gələn, yenicə islahata əl atan hökumətdən, iqtidardan qisas alardı... İslahat qisası... Olsun. Ötən əsrdə ən böyük yanğınlardan çıxan Bakı... bu gün sakitdir. Amma ötən əsrin əvvəllərində Ulyanov Markaryan adlı bir erməniyə 50 min qızıl pul verdi ki, durma get, türklər gəlməmiş Bakıya od vur, yansın. Neftdən güclü fitil yoxdur... Amma maraqlıdır, bu yanğınlar görəsən hardan yaxşı görünür?.. Yəni hansı nazirlikdən baxanda, hansı oliqarxın villasından baxanda yaxşı və aydın görünür?..
Ötən iki il ərzində Bakıda 4,5 milyard dollarlıq avadanlıq yanıb. Ticarət obyektlərində üst-üstə 2 tondan artıq (məlumata görə) narkotika yanıb... 15 min insan işsiz və çörəksiz qalıb.
Azərbaycanda adət olub: - istintaqı səhv etmirəmsə yandıranın özünə verirlər ki, durma, istintaqı sən apar...
Ona görə də nəticə yoxdur... Əvvəl ticarət mərkəzləri yandı. Sonra Binəqədidəki hündürmərtəbəli bina yandı... Sonra 8-ci KM-in bazarı yandı. Sonra “Diqlas” Ticarət Mərkəzi yandı... Sonra Dərnəgül yandı... Sonra Sumqayıt yolundakı ticarət mərkəzi yandı... Sonra 3 nömrəli bazar yandı... Bir azdan Şaxta Baba, Qar Qıza qoşulub özünü yandıracaq... Bu mümkündür. Və istintaqı da müxalifətdən olan Şaxta Baba aparacaq. Özü də Milli Şuranın üzvü Qar Qızla saunada...
Azərbaycanda yeni bir müxalifət cəbhəsi yarandı: - Yanğın müxalifəti...
Kütləvi yanğınlarla dövləti zəiflətmək və yaxud onun islahatlarını saxlamaq, hakimiyyəti dəyişmək mümkündürmü?.. Mümkündür. Amma Azərbaycanda yox. Çünki araşdırma materiallarına görə Cənubi Amerika ölkələrində kütləvi yanğınlarla yeddi dəfə hakimiyyət dəyişib... Avropa ölkələrində 18 dəfə seçki pozulub... Beş dəfə üç günlük matəm olub...
“Bizim Market” ticarət mərkəzinin qabağında limon satan 83 yaşlı qadın həmişə yanğın olanda, qışqırır:
- Ay NKVD-i başına dönüm, hardasan?..
Amma qoca qadın bilmirdi ki, birinci elə onun dediyi “NKVD”-i yandı. Arxiv yandı, agentlər öz qovluqlarını götürüb, aradan çıxdı...
Düşünürəm: - görəsən yenə yanğın ola bilər?..
Olar – özüm-özümə dedim. Bu dəfə deyəsən, maşın bazarına od düşəcək... yanında da Neftayırma zavodu... Çünki oralar yanmayıb. Hər şey bizdə planladır.
Rövşən Novruzoğlu,
politoloq