Onlar 20 ildən artıqdır yüksək vəzifə tutur –Siyahı
Prezident İlham Əliyevin təqaüd yaşına çatmış məmurlara “könüllü istefa mesajı”ndan sonra ictimaiyyətin diqqəti iqtidar komandasındakı +70 yaşlı məmurlara fokuslaşıb.
Yenixeber.org: Təqaüd yaşına çatmayan, lakin uzun illərdir yüksək vəzifələrdə çalışmaqda davam edən məmurlar isə yaddan çıxıb.
Həmin məmurlardan daha populyar olanlarının siyahısını təqdim edirik.
Elman Rüstəmov – 24 il
1995-ci ildən Mərkəzi Bankın sədridir. Elman Rüstəmovun sədr olduğu müddətdə bankın adı bir dəfə dəyişib. Milli Bank Mərkəzə Banka çevrilib.
Əbülfəs Qarayev – 25 il
1994-cü ildən nazir vəzifəsindədir. O, 1994-cü ildən 2001-ci ilə qədər Gənclər və idman naziri, 2001-ci ildən 2006-cı ilə qədər Gənclər, idman və turizm naziri, 2006-cı ildən 2018-ci ilə Mədəniyyət və turizm naziri və 2018-ci ildən Mədəniyyət naziridir. Beləliklə, Əbülfəs Qarayev nə az, nə çox düz 25 ildir ki, nazirdir.
Vasif Talıbov – 24 il
1995-ci ildən Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədridir.
Kəmaləddin Heydərov – 24 il
1995-ci ildən 2006-cı ilə qədər Dövlət Gömrük komitəsinin sədri, 2006-cı ildən isə Fövqaləda Hallar naziridir. Artur Rasizadənin Baş nazir olduğu dövrdə Kəmaləddin Heydərovun bu post uğrunda mübarizə apardığı barədə mediada vaxtaşırı məlumatlar dərc edilirdi.
Cahangir Əsgərov – 23 il
1996-ci ildən “Azal”ın prezidentidir. İqtidar komandasının odioz fiqurlarından hesab edilir. Cahangir Əsgərovun rəhbərlik etdiyi sahə vaxtilə Nəqliyyat Nazirliyinin tabeliyində olsa da, o heç vaxt Ziya Məmmədovu nazir, “Azalı” isə Nəqliyyat Nazirliyinin alt qurumu hesab etməyib.
Eldar Quliyev – 26 il
1993-cü ildən “Azərittifaq”ın sədridir. O, həm də 2000-ci ildən deputatdır.
Əhməd Əhmədzadə - 26 il
1993-cü ildən 2004-cü ilə qədər Nazirlər Kabineti yanında Meliorasiya və su təsərrüfatı komitəsinin sədri, 2004-cü ildən 2006-cı ilə qədər Kənd təsərrüfatı nazirinin birinci müavini, eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət meliorasiya və su təsərrüfatı agentliyinin baş direktoru, 2006-cı ildən isə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədridir. 26 ildir yüksək vəzifədə təmsil olunan Əhməd Əhmədzadə həm də təqaüd yaşını keçib. Onun 74 yaşı var.
Ramiz Zeynalov – 25 il
Polis general-mayoru Ramiz Zeynalov 1994-cü ilin avqust ayından Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.
Zakir Qaralov – 19 il
2000-ci ildən Baş prokuror vəzifəsində çalışır.
Fikrət Məmmədov – 19 il
2000-ci ildən Ədliyyə naziri vəzifəsində çalışır. Nazir olduğu 18 il ərzində bir neçə dəfə onun istefaya göndərilməsi ilə bağlı təkliflər səsləndirilib.(yenisabah)