Hökumətdə pensiya yaşını keçənlərin siyahısı –Kim istefa verəcək?
Baş nazirin müavinləri Əli Həsənovla Hacıbala Abutalıbovun postlarını tərk etmələri təqaüd yaşına çatmış digər məmurların da işdən çıxarılmasını gündəmə gətirib.
Yenixeber.org: Bununla bağlı sosial şəbəkərlərdə qızğın müzakirələr aparılır. Mövzunun aktuallaşması həm də ölkə başçısı İlham Əliyevin Əli Həsənovla Hacıbala Abutalıbovu qəbul edərkən təqaüd yaşına çatmış digər məmurlara da istefa ərizəsi yazmaq barədə mesaj verməsi olub.
“Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”, - deyə ölkə başçısı bildirib.
Azərbaycanda təqaüd yaşı 65 yaş müəyyən edilib. "Dövlət qulluğu haqqında" Qanuna görə dövlət qulluqçuları üçün ən son yaş senzi də 65 yaşdır. 65 yaşı tamam olan dövlət qulluqçusunun qulluq müddəti icra hakimiyyətinin müvafiq orqanılarının rəhbərləri tərəfindən hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər . Dövlət qulluğunda olmaq müddətinin uzadılmasına beş ildən artıq icazə verilmir.
Bəs hakimiyyət komandasına Əli Həsənovla Hacıbala Abutalıbovdan başqa təqaüd yaşına çatmış daha hansı məmurlar var?
Yenisabah.az bununla bağlı kiçik araşdırma aparıb. Bəlli olub ki, hazırda hakimiyyət komandasında ən yaşlı məmur Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadədir. Onun 89 yaşı var. “Dövlət qulluğu haqqında” Qanuna görə o, artıq dövlət qulluğunda olmaq müddətinin uzadılması limitini də keçib.
İkinci sırada Prezident Admnistrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev gəlir. PA rəhbəri 1938-ci il təvəllüdlüdür.
Baş nazirin birinci müavini Yaqub Eyyubov da Əli Həsənovla Hacıbala Abutalıbovdan nümunə götürməli məmurlar kateqoriyasına aiddir. 74 yaşlı Yaqub Eyyubovun bu addımı atıb-atmayacağını zaman göstərəcək.
Təqaüd yaşını ötmüş məmurlardan biri də Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadədir. O, Yaqub Eyyubovla həmyaşıddır.
Səhiyyə naziri Oqtay Şirəliyev isə artıq 70-i haqlayıb.
Ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin təqaüd yaşını 3 ildir ki, ötüb. Generalın artıq 68 yaşı var.
Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı bu il təqaüd yaşına çatıb. Onun müavini Səyyad Aranın 67 yaşı var.
Ombudsman Elmira Süleymanova və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə məmur korpusuna aid olmasalar da, onların da təcili istefa mədəniyyəti nümayiş etdirmələrinə ehtiyac var. Bir azdan 82 yaşlı Elmira Süleymanova ilə 85 yaşlı Akif Əlizadənin istefa ərizəsi yazmağa belə halları qalmayacaq.