Marşal Beriyanı güllələyən marşal –Batitski hökmün icrasının ona həvalə olunmasını özü xahiş edib
Yenixeber.org: Onu əfsanəvi sərkərdə adlandırıblar. Sovet ordusunda hərbi-hava və hava hücumundan müdafiə qüvvələrinin əsasını qoyanlardan biri sayılan marşal Pavel Batitski bütün ömrünü hərbi işə həsr edib. O, orta ixtisas hərbi məktəbini bitirdikdən sonra əvvəlcə Frunze adına Hərbi Akademiyada təhsil alıb, daha sonra Baş Qərargah yanında Hərbi Akademiyanı bitirib.
Milliyətcə ukraynalı olan Pavel Batitski 1910-cu ildə Xarkovda fəhlə ailəsində anadan olub. Uşaqlıqdan həmyaşıdlarından ciddiliyi və bir az da sərtliyi ilə fərqlənən Batitski xidmət etdiyi bütün hərbi hissə və qoşunlarda ən intizamlı və ən məsuliyyətli zabit kimi tanınıb. Müasirlərinin söylədiklərinə görə, onun rütbələri və vəzifələri dəyişsə də, xarakteri sabit qalıb, ciddi, tələbkar, ən başlıcası isə ədalətli.
Pavel Batitski 1941-1945-ci illərdə alman faşizminə qarşı müharibədə ən ağır döyüş bölgələrində xidmət edib, ən mürəkkəb hərbi əməliyyatları uğurla həyata keçirib. Berlin əməliyyatının hazırlanmasında və keçirilməsində Pavel Batitskinin xüsusi xidmətləri olub.
Marşal Pavel Batitskinin adı SSRİ tarixinə təkcə peşəkar hərbçi, xüsusi xidmətləri olan hərbi məmur kimi düşməyib. O, həm də tarixə öz adını marşal Beriyanı güllələyən marşal Batitski kimi yazıb.
23 dekabr 1953-cü ildə SSRİ Ali Məhkəməsinin xüsusi məhkəmə iclasında Lavrenti Beriyaya güllələnmə hökmü oxunduqdan sonra Pavel Batitski hökmün icrasının ona həvalə olunmasını xahiş edib.
Bütün bu proseslərin şahidi olan ehtiyatda olan polkovnik Xijnyak sonralar “Veçernyaya Moskva” qəzetinə hadisə ilə bağlı geniş müsahibə verib. Polkovnikin söylədiyinə görə, Beriya ömrünün son dəqiqələrində heç də çoxlarının dediyi kimi ağlayaraq kimlərinsə ayağına yıxılmayıb:
“Mən həmin prosesin əvvəlindən sonuna qədər iştirak etmişəm. Əvvəlcə mənə tapşırıq verildi ki, gedib Beriyanın evindən ona qara kostyum gətirim. O, elə həbs oldunduğu vaxt əynində olduğu boz rəngli kostyumda idi. Mən onun Kaçalova küçəsində yerləşən mənzilinə yollandım. Qapını tanımadığım bir qadın açdı. Gəlişimin məqsədini dedim, qadın heç nə soruşmadan qara kostyumu mənə verdi. Kostyumu Beriyaya mən geyindirdim, boz rəngli kostyumu isə yandırdım. O artıq hiss edidi ki, onu nəyə hazırlayılar və başa düşürdü ki, əfv olunmayacaq. Sonra mənə göstəriş verdilər ki, eni üç metr, uzunluğu iki metr olan qalın taxtadan lövhə düzəldib güllələnmənin icra olunacağı zirzəmidəki otağın divarana vurum. Bunu da etdim. Daha sonra zirzəmidə olan polad həlqəni həmin taxta lövhənin yuxarı tərəfinə vurdum. Qeyd edim ki, hökm Moskva Hərbi Dairəsinin qərargahının bunkerində icra olunurdu. Beriyanı həmin otağa mən gətirdim. Qolları qandallı deyildi. Yalnız taxta lövhənin qarşısında dayananda mənə əmr etdilər ki, qollarını kəndirlə polad həlqəyə bağlayım. Bu əmri də icra etdim. O, nə ağlayırdı, nə də yalvarırdı. Amma rəngi dəmir rəngindən seçilmirdi, bir də üz hissəsinin sağ tərəfində əzələləri nəzərəçarpacaq dərəcədə titrəyirdi. Mən əvvəlcədən onun gözlərini bağlamaq üçün üz dəsmalı da hazırlamışdım. Adətən, güllələnmə icra olunanda güllələnənlərin gözlərini bağlayırdıq. Onu bağlamaq istəyəndə Batitski qəzəblə mənim üstümə qışqırdı:
- Sən nə etmək istəyirsən?
Mən son dərəcə gərgin olan bu atmosferdə özümdə cürət tapıb Pavel Batitskiyə cavab verdim:
- Gözlərini bağlamaq istəyirəm, adətən...
O sözümü yarımçıq qoydu:
- Lazım deyil, qoy hər şeyi gözləri ilə görsün.
Beriya heç nəyə reaksiya vermirdi. Mən elə düşünürdüm ki, onun bu anlarda ürəyi dayanacaq. Mən geri çəkildim. Məhkəmə üzvləri, Moskva Partiya Komitəsinin birinci katibi Nikolay Mixaylov, Ümumittifaq Həmkarlar İttifaqının sədri Nikolay Şvernik, SSRİ-nin baş prokuroru Roman Rudenko və digər bir neçə nəfər Beriyadan 6-7 metr aralıda dayanmışdılar. Həkim dəvət olunmamışdı. Pavel Batitski isə digərlərindən bir addım irəlidə dayanmışdı. Hər şey hazır idi. Təxminən bir dəqiqə, bəlkə də çox, araya dəhşətli bir sükut çökdü. Bu kiçik zaman kəsiyi bəlkə də iştirak edənlərin hamısı üçün uzun bir vaxta bərabər idi. Pavel Batitski tabel silahını çıxarıb atəş açdı. Güllə Beriyanın burun körpüsünə dəydi. Marşal Lavrenti Beriya qolları bağlanmış polad həlqədən asılı vəziyyətdə qalmışdı...”
Hökmün icrasından dərhal sonra, 23 dekabr 1953-cü il, saat 19.50” tarixli akt tərtib olunub. Akta ilk olaraq hökmün icracısı Pavel Batitski imza atıb.
Marşal Pavel Batitski həmin müdhiş hadisələrdən sonra hələ uzun illər hərbi xidmətini davam etdirib, ən yüksək dövlət mükfatları ilə təltif olunub.
Pavel Batitski 1984-cü ildə 73 yaşında vəfat edib. Marşal Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.(müsavat)
İlham Cəmiloğlu