ABŞ-ın “tarixi xəyanəti” Suriyada vəziyyəti necə dəyişəcək? –Kürd milislər Türkiyə qoşunlarına müqaviməti və "şərəflə ölməyi" üstün tuturlar
“Əl-Monitor”, 07.10.2019
Yenixeber.org: ABŞ qüvvələri Suriyanın şimalındakı 2 şəhərdən çəkilməyə başlayıb, beləliklə, ərazini türk qoşunları üçün boşldıb. Kürdlər bunu Birləşmiş Ştatların “tarixi xəyanət”i adlandırıb, əslində isə bu, Donald Trampın Suriya siyasətində yaratdığı növbəti qarışıqlıqdır.
Birləşmiş Ştatların dəstəklədiyi “Suriya Demokratik Qüvvələri”nin (SDF) yüksək vəzifəli bir rəsmisi bildirib: “ABŞ qüvvələri Tel-Abyad və Ras əl-Ayn bölgələrindəki mövqelərini boşaldırlar. Türkiyə müdaxilə edərsə, kürdlər yenidən vuruşacaqlar”.
Türkiyə Xarici İşlər Nazirliyi bir açıqlama yayıb: “Hazırkı mərhələdə ABŞ hərbi səlahiyyətlilərinin vədləri yerinə yetirilməyib. Prosesdə ABŞ təhlükəsizlik xidmətləri PYD / YPG ilə əlaqələrini artırıb, ölkəmizlə mövcud müttəfiq münasibətlərinə zidd bir yanaşma sərgilənib”. Bəyanatda Türkiyənin Fəratın şərqindəki ərazini terrorçulardan təmizləyəcəyi və Ərdoğanın Trampla telefon danışığında bunu açıqladığı bildirilib.
Çaşqınlıq içində olan yalnız kürdlər deyil. Prezident Donald Trampın türk qoşunlarına ABŞ tərəfindən qorunan bölgəyə girməsinə icazə verməsi qərarı Pentaqonu da təəccübləndirib. Geri çəkilmə Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığından sonra Bazar günü axşamı qısa bir şərhdə elan edilib.
Administrasiya daxilində qarışıqlıq hiss olunub. Bir səlahiyyətli “hərbi vəziyyətdə heç bir dəyişiklik olmadığını” söyləyib. Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri bu gün keçirdiyi brifinqdə jurnalistlərə türk qoşunlarının müdaxiləsinin “çox pis bir fikir” olduğunu və bəyan ediblər. Bununla belə, Trampa qarşı çıxmayıblar. O, bir sıra tvitlərində Suriyada baş verənlərin artıq ABŞ-ın işi olmadığını və kifayət qədər vergiödəyici pulunun Obama administrasiyasından miras qalan “sonsuz və gülünc müharibələrə” xərcləndiyini deyib. “Əsgərlərimizi evə gətirməyin vaxtı gəlib”, – söyləyən Tramp “vəziyyətin aydınlaşdırılması” üçün artıq Türkiyə, Rusiya, kürdlər və Avropanın səy göstərməli olduğunu söyləyib.
Ancaq bir neçə saat sonra, etirazlar daha da böyüdükdə Tramp “Türkiyə mənim böyük və misilsiz müdrikliyimə qarşı bir şey edərsə, iqtisadiyyatını tamamilə məhv edəcəyəm” təhdidini səsləndirib. O, bununla lirənin məzənnə enişini xatırladıb.
Ankara hələ Trampın hədələrinə cavab verməyib. Ancaq ehtimal ki, bu, Türkiyədəki anti-Amerika düşüncələrini kəskinləşdirəcək və öz növbəsində, Türkiyə hökumətinin öz kürdlərinə qarşı repressiyaları və Rusiya ilə yaxınlaşmasına xalq dəstəyini artıracaq.
İŞİD-in məğlub edilməsində rolu olan Suriya kürdləri israrla türk qoşunlarının ərazilərinə girməsinə icazə verməyəcəklərini söyləyirlər. SDF-lə sıx bağlı olan Demokratik Birlik Partiyasının sədri Saleh Muslim deyib: “Türk qoşunlarının torpaqlarımızı işğal etməsinə icazə verməkdənsə, şərəflə ölmək istərdik”.
Müslim bildirib ki, “Türkiyənin mövcudluğu İŞİD-i gücləndirəcək, çünki onlar müttəfiqdirlər və hamı bunu bilir”.
Ankara uzun müddətdir ki, minlərlə xarici döyüşçünün Türkiyə ərazisindən Suriyaya axışdığına və əsasən Ablyaddan keçdiyinə görə açıq-aşkar günahlandırılır. Həmin qəsəbə 2015-ci ildə ABŞ-ın köməyi ilə Suriya kürdləri tərəfindən tutulub. İndi minlərlə İŞİD döyüşçüsü həbsdədir və SDF onlara nəzarət edən qüvvələri Türkiyə sərhədinə köçürməklə hədələyir.
Hələ keçən ay qüvvəyə minən Ankara və Vaşinqton arasında qurulan təhlükəsizlik mexanizmi Türkiyə qüvvələrinə bir sıra güzəştləri nəzərdə tuturdu. Bura quruda və havada ABŞ-Türkiyə ortaq patrulları da daxil idi.
Tramp tvitlərini paylaşaraq, prezident Barak Obama dövründə ABŞ-ın kürdlərlə deyil, 1984-cü ildən bəri Türk ordusu ilə mübarizə aparan Kürdüstan İşçi Partiyası (PKK) ilə həmfikir olduğunu söyləyib. Türkiyə ABŞ-ın PKK-nın bir qolu olan “Xalq Müdafiə Qrupları” (YPG) ilə tərəfdaşlığına son verməsini istəyir.
Ərdoğan Fərat çayının şərqindən İraq sərhəddinə qədər 35 kilometr dərinlikdəki zonadan YPG-nin çıxması tələbinə əməl etməyəcəyi təqdirdə, kürdlərin nəzarətində olan bölgəni işğal edəcəyi ilə dəfələrlə təhdid edib. Türkiyə ən azı 1 milyon suriyalı qaçqının bu bölgəyə köçürülməsini istəyir.
Kürdlərin fikrincə, bu, ölkənin digər bölgələrindən münaqişə nəticəsində didərgin düşmüş suriyalı ərəbləri yerləşdirərək kürd varlığını əritməyə yönəldilib. Bu həm də Türkiyənin öz qaçqın yükünü yüngülləşdirməsi deməkdir.
Bugünkü brifinqdə Dövlət Departamenti rəsmisi köçürmə planını “yəqin ki, eşitdiyim ən dəhşətli fikir” adlandırıb.
Tərcümə: Strateq.az