Səfər Mehdiyev daxili bazarı belə “qoruyur”: -İstehsalçının imtina etdiyi məhsullara “yaşıl işıq”
Azərbaycanda avtomobil qiymətlərinin baha olmasının başlıca səbəblərindən biri məhz gömrük rüsumlarının yüksək olmasıdır.
Yenixeber.org: Bu haqda dəfələrlə deyilsə də, yazılsa da müsbətə doğru hansısa dəyişikliyin şahidi olmamışıq. Digər tərəfdən, dünyanın avtomobil bazarında artıq yenilənmə gedir. Dünya ölkələri həm ekoloji təmiz, həm də qənaətcil avtomillərin istehsal və istifadəsinə keçid edib. Azərbaycanda az da olsa da, elektromobillər var.
Amma Azərbaycanda elektormobil bazarında kütləviləşmə getmir. Baxmayaraq ki, artıq Azərbaycanda elektromobillər üçün infrastruktur qurulur və enerji dolduruması üçün stansiyalar quraşdırılır. Məsələn, “Azpetrol” şirkəti elektromobillər üçün özünün bir çox YDM-lərində elektrik doldurma (elektrik yükləmə) stansiyalarını istifadəyə verib.
Belə ki, “Azpetrol” brendi ilə fəaliyyət göstərən “H.Əliyev prospekti 105”, “H.Əliyev prospekti 108”, “K.Marks”, “Spartak”, “Mayak”, “Mayak-2”, “Babək”, “Nobel”, “Gənclik”, “Mərdəkan”, “Qələbə”, ”Sumqayıt-1”, “Ələt” və “Salyan-2” yanacaqdoldurma məntəqələrində elektromobillərin enerji ilə doldurulması üçün “ABB” şirkətinin İtaliya istehsalı olan “Terra-54” modelli 14 ədəd aparat quraşdırılıb. Təbii ki, bu, yaxşı haldır, ancaq niyə ölkəyə elektromobillər gətirilməsi asanlaşmır? Bu məsələdə önə çıxan əsas problem kimi gömrük rüsumları göstərilir.
Hazırda qüvvədə olan gömrük rüsumları ilə ən ucuz və orta dəyərdəki elektromobillərin qiymətini hesablasaq, görərik ki, ölkəyə sözügedən avtomobillərdən gətirmək üçün əlavə olaraq 30 faizdən artıq xərc çəkib gömrük rüsumu ödənilməlidir.
Məsələn, Çinin SAICGM-“Wuling” müəssisəsi dünyanın ən ucuz elektromobilini istehsal edib. “E 100” adlı elektromobilin qiyməti 5 min dollardır. 2017-ci ildə satışa çıxarılan model 40 at gücündə elektrik aqreqatı ilə təchiz olunub və saatda 100 kilometr sürətlə hərəkət edir. Avtomobil bir dəfə enerji ilə doldurulmaqla 155 kilometr məsafə qət edə bilir. Həmin elektromobili Azərbaycana gətirmək üçün isə bu ödənişlər edilməlidir:
Aksiz vergisi 0.24 AZN;
Mühərrikin işçi həcminə görə tutulan gömrük rüsum 0.54 AZN;
Əməliyyat haqqı 60 AZN;
Vəsiqə haqqı 30 AZN;
ƏDV 1546.34 AZN;
Elektron gömrük xidmətinin göstərilməsinə görə 30 AZN;
Elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV 5.4 AZN;
Cəmi 1672.53 AZN
Göründüyü kimi, 5 min dollar məbləğindəki elektromobil üçün 1672.53 manat gömrük rüsumu ödənilməlidir ki, bu da avtomobilin ümumi dəyərinin 20 faizi deməkdir. Yəni gömrük orqanları heç bir xərc çəkmədən hansısa xarici şirkətin öz istehsal etdiyi elektromobilin gəlirindən daha çox vəsait qazanır.
Azərbaycana daha komfortlu, rahat, təhlükəsiz elektromobil gətirmək istəyənlər isə daha çox xərc çəkməyi gözə almalıdır. Belə ki, 50 min dollar dəyərində elektromobil almısınızsa, əlavə olaraq 15 min manatdan çox vəsaiti Dövlət Gömrük Komitəsinə ödəməlisiniz. 50 min dollar dəyərində elektromobilin gömrük rüsumu aşağıdakı kimi hesablanacaq:
Aksiz vergisi 0.6 AZN
Mühərrikin işçi həcminə görə tutulan gömrük rüsum 1.36 AZN
Əməliyyat haqqı 200 AZN
Vəsiqə haqqı 30 AZN
ƏDV 15341.75 AZN
Elektron gömrük xidmətinin göstərilməsinə görə, 30 AZN
Elektron gömrük xidmətinin göstərilməsinə görə, ƏDV 5.4 AZN
Cəmi 15609.11 AZN
Göründüyü kimi, rüsumlar kifayət qədər yüksəkdir və bu da Azərbaycanda avtomobil bazasının köhnəlməsi deməkdir. Baxmayaraq ki, dünya ölkələri artıq dizel-benzin yanacaqlı avtomobillərin istifadəsindən imtina edir, Azərbaycan bu prosesdən də kənarda qalır. Benzin və dizel yanacaqlı avtomobillərdən imtinayla bağlı proqramı qəbul edən ölkələr sırasında Hollandiya, Almaniya, Fransa, İspaniya, ABŞ kimi dünya ölkələri var ki, artıq adıçəkilən dövlətlərdə 2040-cı ildən sonra bu növ avtomobilləri görmək mümkün olmayacaq. Azərbaycanda isə hazırkı gömrük rüsumlarına istinad etsək, hələ uzun illər yollarda ekologiyaya zərər verən, istehsalçı ölkələrinin imtina etdiyi benzin və dizel yanacaqlı avtomobilləri görəcəyik.
Bəs elektromobillərin Azərbaycanda da geniş yayılması üçün nə etmək lazımdır?
Təklif olunur ki, ekologiyanın qorunması üçün hökumət elektromobillərə tətbiq olunan gömrük rüsumunu ləğv etməlidir. Dövlət Gömrük Komitəsi isə bununla bağlı təşəbbüslə çıxış edə, hökumətə təklif verə bilər. Komitənin sədri Səfər Mehdiyev açıqlamalarında bildirirdi ki, rəhbərlik etdiyi qurumda inhisarçılıq yoxdur və onlar birbaşa daxili bazarı qoruyur. Azərbaycanda elektromobil istehsalı olmadığı üçün Komitənin üzərində belə bir “məhsuliyyət” də düşmür. Ona görə də elektromobillərin gömrük rüsumunun ləğv olunması ölkə adına müsbət addım kimi dəyərləndirilər. Gömrük Komitəsi rüşvət, monopoliyaya dəstək, saxta invoys və digər neqativ hallarla gündəmə gəlməkdənsə, ölkə üçün müsbət addım ola biləcək məsələlərə diqqət yetirməlidir.(Cebhe)