Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

PAŞINYANIN YALLISI… –“Mənim kimi balan ölsün, ay Vətən!”

pasinyan

27 ildən sonra üzləşdiyimiz mənzərə budur – ermənilər sanki atası, qardaşı ölmüş, nəslində bir başı papaqlı qalmayan, sahibsiz və namusu tapdanmış gəlini xatırladan Şuşada yallı gedir, araq, konyak içir, işğalın növbəti ildönümünü qeyd edirlər. O murdar ayaqları və yekə qarınları ilə tapdalayır, ləkələyir, əzirlər Şuşanı. 27 ildir ki, bu mənzərəni seyr edir, susur və ölüb yerə girmirik…

Yenixeber.org: Şuşanın işğalından sonra Ermənistanda dəfələrlə hakimiyyət dəyişib, hər yeni gələn də əvvəlkindən betər yapışıb Qarabağdan, Şuşadan. Bizim bir çox KİV-lərimiz isə neçə illərdir ki, 3 gündən bir “İşğalçı dalana dirənib”, “Ermənistanın son şansı”, “Rusiya Ermənistanı pərt elədi”, “Paşinyanın başqa çıxış yolu qalmayıb…” kimi gic-gic başlıqlarla nağıllar yazırlar, özlərinə yalançı təskinlik tapıb, camaata da təskinlik verirlər. Biri deyir ermənilər səngərdə əyilə-əyilə gəzir, başqası deyir acından qırıldılar, üçüncüsü deyir Ermənistanda erməni qalmayıb, köçüb getdilər və sair…

Amma ermənilərin növbəti, bəlkə də indiyə qədərkilərin içərisində ən həyasızı və sırtığı olan yeni rəhbəri Paşinyan Şuşaya gəlməyi bir tərəfə, əl qaldırıb yallı da gedir, ismarıc verir ki, əlinizi, gözünüzü üzün bu torpaqlardan – sizlik deyil!Görəsən, nədir erməni baş naziri dingildədən, oynadan, kefini kökəldən? Təkcə “zəhərləndiyi” araqmı? Təəssüf ki, yox!

Paşinyanın Qarabağa, Şuşaya gələcəyi və o həyasızlıqları edəcəyi əvvəldən bəlli idi. Ən azından bu səfər öncəsi hansısa tədbirlər görülə, hədələyici bəyanatlar verilə, hansısa formada bu provakasiyanın qarşısı alına bilərdi. Ermənistan müvafiq reaksiya vermədiyi təqdirdə, heç olmasa Şuşanın işğalı günü cəbhədə hərəkətlilik göstərmək, qarşı tərəfə itkilər yaşatmaq, bayramlarını burunlarından gətirmək olardı.

Ancaq biz heç nə etmədik, susduq və baxdıq. Nəhayət, günün sonunda Paşinyanın yeyib-içib dəmləşəndən sonra növbəti dəfə meydan oxumasına cavab olaraq, XİN özündə təpər tapdı – sıradan, “dejurnı” bir bəyanat yayımladı, vəssalam! Deməli, Paşinyan növbəti həyasız açıqlamasını verməsəydi, sadəcə Şuşaya gəlib, yeyib-içib, oynayıb getsəydi XİN heç bu bəyanatı da verməyəcəkdi. Sanki belə də olmalı imiş…

pashinyan_susa

20 ildən çoxdur ki, Azərbaycanın hərbi büdcəsi ilbəil artır, dünyada ölkə qalmayıb ki, oradan silah alındığına dair məlumatlar verilməsin. Hərbi büdcəmizin Ermənistanın ümumi büdcəsini xeyli üstələdiyi, onların hərbi büdcəsindən isə 10 dəfə (!) böyük olduğu bildirilir. Bəs nəticə?

Hərbi büdcə nədir ki, biz generalların sayında da onları bəlkə 10 dəfələrlə üstələyirik. Amma soruşan yoxdur ki, axı hansı nailiyyətimizə görə bu qədər generalımız var, haramıza yaraşır? Az qala baytarlıq idarəsinə başçılıq edənə də general rütbəsi verilib. Bu qədər generalı olan, amma hələ də vətəni tapdaq altında qalan ölkənin düşməni Şuşada qol götürüb oynamasın, neyləsin?!…

Bəs biz bu biabırçılığı, bu ayıbı yaşamamaq üçün nə etmişik? Büdcəmiz böyük, generalımız çox, diplomatiyamız güclü, xarici və daxili siyasətimiz uğurlu, iqtisadi inkişafımız analoqsuzdur… Bəs nəyimiz çatmır, bütün bunların müqabilində necə olur ki, erməni hələ də Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçındadır?…

Serj Sarkisyan son müsahibəsində deyib ki, Azərbaycanda hökm sürən siyasi didişmə, xaos Şuşanı almağa çox kömək edib. Düz sözə nə deyəsən. Biabırçılıq həm də ondadır ki, bu gün həmin vaxtkı didişmənin, xaosun təşkilatçıları, iştirakçıları utanmadan, qızarmadan hələ bir Azərbaycan Xalq Hərəkatı adı ilə yeni təşkilat da yaradıblar. Və onun daxilində yenə də didişirlər, çünki bunlar elə qozbeldilər ki, onları heç qəbir də düzəldən deyil…

Əvvəldən də Şuşaya aid mahnılar az deyildi, amma biz yorulmuruq, yenilərini qoşuruq, yenə də bu mahnılara toylarda əl qaldırıb oynayırıq, hərdən yalançı vətənpərvərlik damarımız da tutur, asıb-kəsirik o toylarda, şeirlər deyirik, Babəki, Koroğlunu, Qaçaq Nəbini “dirildirik”. Toydan sonra da dağılışır hərə öz isti yuvasına… 27 ildir ki, bu toya, bu kefə baxırıq, amma utanmırıq…

Soruşan da yoxdur ki, axı biz hansı üzlə yaşayırıq?

Bir şeirdə deyildiyi kimi:
Mən bilmirəm axşam nədi, gün nədi?
Qız-gəlinin əsir-yesir gündədi,
Şuşam getdi, bir balam var, dinmədim,
Mənim kimi balan ölsün, ay Vətən!

Cəlal MƏMMƏDOV (azpolitika)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam