QUL BAZARI, ÖLÜM DÜŞƏRGƏSİ VƏ “QƏBİR ƏZABI” ÇƏKƏN QAÇQINLAR…-Qəddafidən sonrakı Liviya cəhənnəmi
Lenta.ru, (Rusiya)
Liviyalı feldmarşal Xəlifə Xaftar və əsgərləri paytaxt Tripoli uğrunda şiddətli döyüşləri davam etdirir. Milli Ordunun komandanı ölkəni islamçılardan təmizləməkdə israrlıdır. Xaftara görə, Liviyada xaos və qanunsuzluğu məhz onlar yaradıblar.
Yenixeber.org: Terror, qul bazarı, ölüm düşərgəsi, Avropaya getməyi arzulayan qaçqınların üzləşdikləri qarət, təcavüz və qətllər – bütün bunlar bugünkü Liviyanın acı reallığıdır.
«Kiməsə yerqazan lazımdır? O böyük və qüvvətlidir, qazmağı çox yaxşı bacarır”, – deyə Tripolinin qul bazarındakı satıcı qışqıraraq qaradərili köləyə müştəri axtarır. Və nəhayət onu 600 Liviya dinarına (təqribən 440 ABŞ dolları) satır. Kölə yeni sahibinin ixtiyarına verilir. Bütün bunlar 21-ci əsr üçün ağılasığmaz görünsə də, Liviya şəhərləri üçün adi haldır.
Ölkədə kölə ticarətinin mövcudluğu və çiçəklənməsi yeni xəbər deyil. Bu barədə hələ 2017-ci ilin aprelində sənədlə təsdiqlənmiş məlumatlar üzə çıxmışdı. Qul bazarları Liviyanın bir sıra şəhərlərində açıq şəkildə fəaliyyət göstərir. Satışa çıxarılan kölələr isə Mərkəzi Afrika ölkələrindən gələn və Avropaya pənah aparmaq üçün Liviyaya üz tutan qaçqınlardır.
İnsanların köləyə çevrilməsi mexanizmi sadədir. Miqrant vasitəçiyə müraciət edir və Avropaya səyahət üçün ona bəlli vəsait ödəyir. Adətən məbləğ 3-5 min dollar arasında dəyişir. Qaçqınlar vasitəçiyə son pullarını verirlər. Lakin Liviyaya çatanda onlara verilən məbləğin kifayət etmədiyi, əlavə ödəniş etməli olduqları bildirilir. Qaçqın əlavə pul verməkdən imtina edəndə onu ya döyür, ya zorlayırlar. Bundan sonra qurban hərraca çıxarılır və satılır.
Liviyalılar üçün afrikalıların ticarəti adi haldır. “Bu ölkədə zəncilərə qarşı ayrıseçkilik və irqçilik kök salıb. Burada qaradərililərin ticarəti 1940-cı ilədək mövcud idi. İndi Liviyada ayrı-ayrı qruplaşmaları təmsil edən silahlı döyüşçülər, silahlı müxaliflər, müxtəlif cinayətkar klanlar ağalıq edirlər. Onlar kölə ticarətini gəlirli biznesə çeviriblər”, – Tunisdən olan sosioloq Monsef Ouan deyir.
«Bizi kibriti qutaya doldurduqları kimi yığırlar. Yata bilmirik. Çoxu xəstəlikdən əziyyət çəkir. Yemək çatmır, aylardır çimmirik. Buradan qurtulmasaq, hamımız öləcəyik. İnsanların yerdə yatdığı, sidik və nəcisin buxarlanmasından boğulduğu bir yerdə yaşamaq dözülməzdir”, – deyə Avropa İttifaqının tələbilə qaçqınlar üçün yaradılmış düşərgədə yaşayanlardan biri mənzərəni təsvir edir.
Hazırda Liviyanın Qanunsuz Miqrasiyaya qarşı Mübarizə Departamentinin (DCIM) siyahısında 19,5 min nəfər var. Halbuki cəmi iki ay əvvəl siyahıdakı qaçqınların sayı 7 mindən çox deyildi.
Mühafizəçilər mütəmadi olaraq qaçqınları qəddarlıqla döyürlər. Bəzən elektroşok da tətbiq olunur. Buna qaçqınların qida, su və tibbi yardım istəmələri səbəb olur. Qaçqın qadınlardan biri danışır ki, bir dəfə onu düşərgədən çıxararaq üç kişinin olduğu bir evə aparıblar: “Mənə təcavüz etdilər. Onlardan biri DCIM əməkdaşı idi”.
Bütün bu düşərgələr Avropaya qaçqın axınının qarşısını almaq üçün qurulub. Liviyalı məmurlar sərfəli biznes tapıblar. Qaçqınları rüşvət müqabilində azad edir və onları bura gətirənlərin yanına göndərirlər. Miqrantlar olan qayıq neytral sulara çıxan kimi işə Liviyanın sahil mühafizə xidməti qarışır. Qayığı saxlayırlar və miqrantlar yenidən düşərgəyə qayıdır.
BMT müşahidəçiləri bu ayın əvvəlində Tripolidə qaçqınların saxlanıldığı bir neçə mərkəzə baş çəkiblər. Rastlaşdıqları mənzərədən dəhşətə gələn müşahidəçilər gördüklərini rəsmi hesabata da daxil ediblər.
«Minlərlə əldən düşmüş, şikəst olmuş kişi, qadın və uşaq elementar şəraiti olmayan yerlərdə saxlanılır. Vəziyyət əvvəl ağır idisə, indi faciəyə çevrilib. Artıq beynəlxalq ictimaiyyət Liviyada miqrantların üzləşdiyi bu dəhşətlərə göz yuma bilmir. Və yalandan deyə bilmir ki, saxlanma şəraitini düzəltməklə hər şey yoluna girəcək”, – deyə insan haqları üzrə ali komissar Zeyd Raad əl-Hüseyn bildirib.
Miqrasiya məsələləri üzrə Avropa komissarı Dimitris Avramopulos Brüsseldəki mətbuat konfransında BMT-nin məlum dəyərləndirməsini diqqətə alacaqlarını bəyan edib.
Bəzi miqrantlar qaçmağa nail olurlar. Pulsuz və sənədsiz qalan bu insanlar Liviyadakı çoxsaylı cinayətkar dəstələr üçün asan yemdilər. Bu dəstələrdə əsasən İŞİD-ə bu və ya digər şəkildə bağlı şəxslər cəmləşib.
Ötən ilin dekabrında Sirt şəhərinə hücumdan sonra radikal islamçılar üzərində qələbə qazanıldığı təntənəli şəkildə elan edildi. Lakin bunun ardınca qəribə olaylar yaşanmağa başladı. Məsələn, bu ilin yanvarında ABŞ bombardmançıları Sirtin 45 kilometr cənub-şərqində İŞİD-in mövqelərinə zərbələr endirdilər.
Liviya prokurorluğunun vəzifəli əməkdaşı Sadiq Əl-Sur etiraf etməli oldu ki, Liviya səhrasında İŞİD-in təlim düşərgələri yerləşir. Onun sözlərinə görə, faktiki olaraq söhbət, liviyalı döyüşçü Əl-Maxdi Salem Danqunun (Abu Barakat adı ilə tanınır) rəhbərliyi altındakı səhra ordusundan gedir.
«Bura üç briqada daxildir. Bu ordu Sirtin azad edilməsindən sonra yaradılıb. Onlar hətta Sirtə gedən yolda nəzarət buraxılış məntəqəsi də qurublar”, – Sadiq Əl-Sur bildirib.
«Cənubi Liviya özünün nəzarətsiz əraziləri ilə birlikdə Afrikadan şimali Liviya və və Avropaya miqrasiya üçün əsas marşrutdur”, – deyə Şimali Afrika üzrə ekspert Valid Namane bildirir: “Bu, İŞİD-ə bir tərəfdən qaçqınları qorxudub ələ almaq, digər tərəfdən də onları asanlıqla əsir götürüb kölə bazarındakı hərracçılara satmağa imkan yaradır”.
Yaranmış vəziyyətə kəskin etiraz bildirənlər arasında Qvineya prezidenti Alfa Konde də var.
“Hökuməti olmayan bir ölkədən qaçqınların qarşısında baryer yaratmaq necə istənilə bilərdi? Bu məsuliyyətsizlikdir. Bunu edənlər bilirdilər ki, Liviyada hakimiyyətsizlik hökm sürür. Və miqrantlar üçün ləyaqətli şərtlər təmin olunmur. Əsas günahkarlar buradadır (Avropada) və bizim dostlarımız (avropalılar) səhvlərini etiraf etməlidilər”, – Konde “France 24” kanalının efirində deyib.
Liviyada qaçqınlarla bağlı durum o səviyyəyə çatıb ki, BMT presedenti olmayan addım atıb. Eriteriya, Efiopiya və Sudandan olan qaçqın qrupu Liviyadan çıxarılaraq Nigerə göndərilib. Amma onların ümumi sayı 25-dir ki, bu da dənizdə damla deməkdir.
Avropa isə səhvini etiraf edib adekvat addımlar atmağa tələsmir. Məsələn, Böyük Britaniyanın Müdafiə Nazirliyi sadəcə onu təklif edib ki, Liviya sahil mühafizəsinin əməkdaşları təlimə cəlb olunmalıdır. Liviya hökuməti də vəziyyətdən məmnun görünür. Stabil maliyyə yardımı Tripolidəki islamçı qruplaşmaların qaçqınların hesabına varlanmasını təmin edir.
Bu arada, general Xəlifə Xaftarın nəzarətində olan silahlı qüvvələr aprelin 4-də “Tripolinin azad edilməsi” adı altında genişmiqyaslı əməliyyat başladıb.
2011-ci ildə Müəmmar Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsverməsi nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Faiz Al-Sərracın rəhbərliyi ilə Milli Barışıq Hökuməti isə ölkənin qərbində – Tripolidə yerləşir. Avropa İttifaqı və BMT Milli Barışıq hökumətini dəstəkləyir.
Tobrukdakı hökumət general Xəlifə Xaftarın ordusu ilə birgə radikal islamçılara qarşı mübarizə aparır. İl başlayandan Xaftarın ordusu neft yataqları ilə zəngin rayonları ələ keçirərək islamçıları oradan qovub. Nəticədə Tripolidə vəziyyət hədsiz dərəcədə pisləşib. Sakinlər pulsuzluqdan, işsizlikdən, korrupsiyadan təngə gəliblər. Belə olan təqdirdə də parçalanmış ölkənin bir çox sakini sərt, qanlı, lakin stabil olan Qəddafi dönəminin həsrətini çəkir.
Tamamilə mümkündür ki, Xaftar “inqilab lideri” imicindən ilhamlanır və ölkəyə tam nəzarəti ələ keçirməyə ümid edir. Lakin Xaftar unutmamalıdır ki, ölkəni vətəndaş müharibəsinə Qəddafinin məhz diktator üslubu sürükləmişdi. Və Liviyada uğurlu gələcəyi BMT-nin himayəsi altındakı – bütün (radikallar istisna olmaqla) münaqişə tərəflərini əhatə edən sülh prosesi təmin edə bilər…(strateq.az)
Tərcümə etdi: G.Hüseynova