“Diqlas”ın külləri altından nə çıxacaq: Fövqəlnazirin səriştəsizliyi, gizli kasetlər, yoxsa klanlararası hesablaşma?
Yenixeber.org: Azərbaycan Novruz bayramı tətilinin son günündə yanğın xəbərlərilə sarsıldı. Budəfəki qara xəbər “Diqlas” ticarət mərkəzindən gəldi. Hələ ki, rəsmən təsdiqlənməyən ilkin məlumatlara görə, yüzlərlə xırda ticarətçinin bütün əmlakını külə çevirən yanğın yaxındakı dönərxanada qaz balonunun partlaması nəticəsində baş verib. Məlumatın həqiqəti nə dərəcədə əks etdirib-etdirmədiyi istintaq qrupunun araşdırmaları sonucunda aydın olacaq. Hələlik isə hadisənin əsl səbəbi barədə müxtəlif mülahizələr irəli sürülür.
Ən çox üzərində durulan versiyalar hadisənin təxribat məqsədilə törədilməsidir. Təxribat versiyalarını qüvvətləndirən arqumentlər isə az deyil. Başlıca arqumentlərdən biri ölkəmizdə tez-tez bu cür yanğın hadisələrinin baş verməsi və yetkililərin bundan lazımi dərsləri almaması, önləyici tədbirlər görməməsidir. Xüsusilə iri ticarət mərkəzlərinin millətin gözü qarşısında vaxtaşırı cayır-cayır yanması, yüzlərlə kiçik və orta sahibkarın iflas etməsi, dövlət orqanlarının isə onlara sahib çıxmaması nəticəsində sosial narazılığın geniş vüsət alması təxribat mülahizələrinin inandırıcılığını artırır. Son yanğın hadisəsində də narazı salınan vətəndaşların zərərinin ödənilməyəcəyi Fövqəladə Hallar nazirinin mətbuata verdiyi açıqlamalardan aydın oldu. Jurnalistlərin suallarını cavablandıran Kəmaləddin Heydərov onun vəzifəsinin yanğın söndürmək, kompensasiya ödəyib-ödəməməyə qərar verəcək orqanların isə başqa qurumlar olduğunu xatırlatmaqla yanaşı, zərərlərdən yayınmağın ən qısa yolunu da göstərdi: “Bura özəl obyekt, özəl ticarət mərkəzidir. Burada ticarətlə məşğul olan hər bir mal sahibi öz dükanını, mallarını sığortalamalıdır" (ONA).
Fövqəlnazirin bu tövsiyyələrindən çıxan nəticə isə, sözsüz ki, kompensasiyaların ödənməyəcəyidir. Bu isə ölkənin ən həssas dövründə narazılar ordusuna yeni qüvvələrin cəlbinə yol aça bilər ki, bəlkə də “Diqlas” yanğınını törədənlərin başlıca məqsədlərindən biri də elə buna nail olmaqdı. Nəzərə alsaq ki, bundan əvvəl də bir çox yerlərdə müxtəlif yanğın hadisələri çıxmış və hamısının əsas səbəbləri arasında yanğından mühafizə tədbirlərinin yetərli qədər alınmaması da mühüm yer tutmuşdur, müvafiq qurumların baş verənlərdən düzgün nəticə çıxarmaması ortadadır. O da mümkündür ki, kimlərəsə “fövqəlnazir”in səriştəsizlik imici lazımdır və rəqibinə zəif nöqtədən zərbə vurur. “Diqlas” yanğınının Kəmaləddin Heydərovun səriştəsizliyi, yoxsa Kəlaməddin Heydərova qarşı təxribat niyyətindən qaynaqlandığı bu məsələnin ciddi araşdırılması nəticəsində ortaya çıxacaq və ölkənin əksər jurnalistləri kimi, biz də bu müzakirələrdə bacardığımız qədər iştirak etməyə çalışacağıq.
Yanğının zamanlaması da xeyli müəmmalarla doludur. Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı təbrikində yaxın zamanlarda hüquqi, siyasi, iqtisadi islahatlara gedəcəyini açıqlamışdı. Hər kəs islahatlara start veriləcək vaxtın bayramdan sonra olacağını düşünür və səbrsizliklə tətillərin bitişini gözləyirdi. Bayram tətilinin son günü isə məlum yanğın hadisəsi baş verdi. Bunun köhnə qvardiyanın ölkə başçısına “atəşin” xəbərdarlığı olması ehtimalını istisna etmək üçün əlimizdə hələ ki kifayət qədər əsas yoxdur. Zaman keçdikcə, bu müəmma üzərindəki sirr pərdəsi qalxacaq, hər şey ölkə başçısının islahat vədini nə dərəcədə həyata keçirib keçirməyəcəyindən asılı olacaq. Məsələ burasındadır ki, Prezident İlham Əliyev hər dəfə mühüm addımlarla bağlı anons verəndə bu cür xoşagəlməz hadisələr yaşanır və hər şey qeyri-müəyyən vaxta təxirə salınır. Bunun ən bariz örnəyi ilə biz TANAP layihəsinin işə salınması zamanı qarşılaşdıq. Xatırlayırsınızsa, ötən ilin iyun ayının 12-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Ukrayna prezidenti Petro Poroşenko, BP şirkətinin baş icraçı direktoru Robert Dadli və energetika nazirləri, enerji şirkətlərinin rəhbərləri və digər rəsmilərin iştirakı ilə TANAP layihəsinin açılışı olmuşdu. Türkiyənin Əskişəhər şəhərində keçirilən təmtəraqlı toplantıda İlham Əliyev TANAP-ın əhəmiyyətindən danışaraq demişdi:
““Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Cənub Qaz Dəhlizinin önəmi məhz bundadır – enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaqdır. “Cənub Qaz Dəhlizi” həm yeni yollar, həm də yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında, enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir”.
Üzərindən 4-3 həftə keçməmiş Mingəçevir Su Elektrik Stansiyasında məlum partlayış hadisəsi yaşanmış və sanki Avropanın enerji təhlükəsizliyinə təminat verən Azərbaycana ilk növbədə “öz başının çarəsinə bax” mesajı verilmişdir. Daha sonra isə Gəncə icra başçısı güllələnmiş və ölkədə ciddi narahatlıq yaranmışdı. İlk baxışdan bir-birindən ayrı kimi görünən bu 3 faktı analiz edərkən onlar arasında üzvü əlaqələrin olduğunu vurğulamış və bunu Rusiyanın enerji strategiyası ilə əsaslandırmışdıq. Nədən ki, nə qədər açıq etiraf olunmasa da, TANAP Rusiyanın Avropanı öz qazından asılı vəziyyətə salmaq siyasətinin alternatividir və ABŞ yetkililəri də bunu dəfələrlə etiraf ediblər.
“Diqlas”ın sahibinin kimliyi barədə irəli sürülən versiyalar da ciddi suallara yol açır. Zira ticarət mərkəzinin sahibi kimi ən müxtəlif insanların adı hallanır. Musavat.com-un bildirdiyinə görə, ticarət mərkəzinin sahibi keçmiş MTN şefi Eldar Mahmudovdur. Azinforum.az isə digər bir iddia ilə çıxış edib. Saytın etibarlı mənbələrdən dəqiqləşdirdiyi məlumatlara görə obyektin şəriklərindən biri həqiqətən də Eldar Mahmudovun oğludur. Ancaq “Diqlas”ın heç də bütün səhmləri Anar Mahmudovun əlində deyilmiş: “Həmin obyektin rəsmi şəriklərindən biri də Şahmar Vəliyev adlı iş adamıdır. Xatırladaq ki, Şahmar Vəliyev Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin və hərbi prokuror Xanlar Vəliyevin qardaşıdır. Son ana kimi həmin ticarət mərkəzinə rəhbərliyi Şahmar Vəliyev tərəfindən təyin olunan Rasim Məmmədov adlı şəxs edib. Rasim Məmmədovun keçmiş polis işçisi olduğu bildirilir. Qeyd edək ki, Şahmar Vəliyevin bu obyektə şəriyliyinin 2016-cı ildən sonra başlandığı bildirilir”.
Maraqlıdır ki, Azinforum.az-ın bu iddiası Vəliyevlərin adını yenidən ön plana çıxarır. Hansı ki, TANAP layihəsinin işə salınmasından sonra alnından nişan alınan icra başçısı da Vəliyevlər qardaşlarından biriydi. Həmin hadisədən sonra hərbi prokuror olan digər qardaş Xanlar Vəliyev bu hadisənin arxasında Rusiyanın dayandığını açıq-aşkar elan etmişdi. Əgər “Azinforum”un məlumatı doğrudursa, görünən budur ki, ikinci Vəliyev nişangaha gətirilib. Elə bu faktın özü də yanğının təxribat hadisəsi olduğu barədə ehtimalları gücləndirir.
Amma bizim əldə etdiyimiz rəsmi məlumatlar “Azinforum”-un bu iddiasını təsdiqləmir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seria MA № 0072763 saylı Çıxarışına görə, “Diqlas”ın tək bir sahibi var: Mahmudov Anar Eldar oğlu. Özü də bu obyekt Eldar Mahmudovun digər obyektləri kimi başqalarının əlindən alınmayıb. 2010-cu ildə 5 manatlıq nizamnamə kapitalı ilə sabiq MTN şefinin oğlu tərəfindən təsis olunub. Başqa sözlə desək, onun “halal” şirkətidir. Eldar Mahmudov vurulandan sonra çörək ağacı kimi yalnız “Diqlas”ı qoruya bilməsi də, görünür, bu “halal”lıqla bağlı imiş.
Bununla belə, “halal” mal olması “Diqlas” yanğınında təxribat ehtimalını nəinki azaltmır, əksinə artırır. Həmin təxribat Eldar Mahmudovdan alınan qisas da ola bilər, obyektinin əlindən alınacağını düşünən sabiq nazirin öz əməli də. O da mümkündür ki, kimlərsə Eldar Mahmudovun son tikəsinə əl uzatmaqla onu qəzəbləndirib əlindəki işfaedici faktları sosial şəbəkələrə sızdırmağa vadar etsinlər. Hətta Eldar Mahmudovun əvəzinə başqaları tərəfindən də bu məlumatların sızdırılma ehtimalı var. Necə olsa, şübhə onun üzərində qalacaq və sabiq nazir bunun bədəlini ağır ödəyəcək. Məhz bundan sonra sabiq MTN şefinin yaxınlarının əlində cəmlənən bütün sandıqlar açılacaq və içərisindən hansı kirli pambıqlar çıxacaq, indidən kəsdirmək mümkün deyil.
Qısası, “Diqlas” yanğını bütün hallarda bir təxribat əsəri təsiri bağışlayır. Onun külünün altından kimin cəsədinin çıxacağını isə zaman göstərəcək. Bu cəsəd Kəmaləddin Heydərovun bacarıqlı kadr imici də ola bilər, MTN şefinin özü də. Küllər altından sirr dolu kasetlərin çıxması ehtimalı da istisna edilməməlidir. Hansı ehtimalın doğrulmasından asılı olmayaraq, “Diqlas” yanğını yeni siyasi mərhələnin başlağıcı kimi tarixə düşə bilər.(“Hürriyyət”)
Heydər Oğuz