DTX rəhbəri Abdullayev işdən çıxarıldı və həbs olundu-Prezidentin danışıqlarını dinləyirmiş...
Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən bir neçə gün əvvəl uzaqlaşdırılmış İxtiyar Abdullayevin həbsi barədə xəbərlər yayılıb.
Yenixeber.org: Özbək mənbələri xəbər verir ki, keçmiş baş prokuror, uzun illər DTX-ya rəhbərlik etmiş və xüsusi qəddarlığı ilə ad çıxarmış Rüstəm İnayətovun yerinə təxminən bir il əvvəl təyin edilən Abdullayev həmin vəzifəni bir neçə gün əvvəl tərk edib.
Əvvəlcə onun vəzifədən uzaqlaşdırılmasını səhhəti ilə izah ediblər. Belə ki, Abdullayev son bir ildə onurğasında və gözündə iki çətin əməliyyat keçirib. Lakin daha sonra xəbərlər yayılıb ki, Abdullayev vəzifəsindən uzaqlaşdırılandan üç gün sonra-fevralın 11-də həbs edilib və Daşkənd istintaq təcridxansında saxlanılır. Onun barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilib. Abdullayevin korrupsiya ittihamı ilə saxlanıldığı bildirilir.
“Azadlıq” radiosunun özbək xidmətinin hökumətdəki mənbələri 53 yaşlı Abdullayevn saxlanıldığını təsdiq ediblər və Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında saxlanıldığını deyiblər. DTX-dakı mənbə deyib ki, İxtiyar Abdullayev öz qohumu Əlişir Eşenxacayevin barəsində qaldırılmış cinayət işində fiqurantdır. Eşenxacayev DTX sədrinin müşaviri olub və fevralın 11-də həbs olunub.
Həm Eşenxacayevin, həm Abdullayevin həbsi DTX sədrinin birinci müavini Cahangir Yeqamovun ifadəsi əsasında baş tutub. Yeqamov özü də 2019-cu il fevralın 11-də tutulub.
Adının açıqlanmasını istəməyən DTX zabiti deyib ki, son altı ay ərzində İxtiyar Abdullayev ciddi şəkildə izlənilirdi. Bu izləmənin bir hissəsini Abdullayevin öz sürücüsü vasitəsilə həyata keçiriblər.
Abdullayevin həbs olunduğunu fevralın 12-də Daşkənddən jurnalist Aleksey Volosoviç də özünün AsiaTerra saytında xəbər verib.
Digər mənbə isə “Azadlıq” radiosuna deyib ki, Abdullayev çoxsaylı qohumlarının və DTX-nin bir sıra əməkdaşlarının həbsindən sonra vəzifədən çıxarılıb. O, hakimiyyətdən sui-istifadə, rüşvət alma, rüşvət vermə maddələri ilə ittiham olunur. Abdullayevin barəsində cinayət işi fevralın 8-də Özbəkistan Hərbi Prokurorluğu tərəfindən qaldırılıb.
Radio qeyd edir ki, bu il yanvarın 10-da prezident Şövkət Mirziyayev cinayətkarlığın qarşısının alınmasına dair videoselektor müşavirəsi zamanı güc strukturlarının rəhbərlərini hədələyib, tezliklə onların “ipini yığacağını” bildirib.
Hökumətə yaxın mənbənin dediyinə görə yanvarın 10-dan fevralın 11-nə qədər Özbəkistanda DTX-nin yüzə yaxın əməkdaşlarına qarşı cinayət işləri qaldırılıb və onlar həbs ediliblər.
Habelə mənbələr deyiblər ki, prezident DTX-nın onun və ailə üzvlərinin telefon danışıqlarını dinlədiyini, habelə onları izlədiyini biləndə Abdullayev Mirziyayevin qəzəbinə tuş gəlib. Lakin həmin məlumatı rəsmən təsdiq, yaxud təkzib etməyiblər.
Hökumətə yaxın mənbələrin bildirdiyinə görə Mirziyayev əvvəlcə xüsusi xidmət orqanlarındakı situasiyanı nəzarəti altına almaq üçün tədbirlər görüb. Fevralın 2-də o, kürəkəni Batır Tursunovu KQB sədrinin müavini təyin edib.
O da məlum olub ki, DTX-nin həbs edilən əməkdaşları mənimsəmədə və talançılıqda, hakimiyyət səlahiyyətlərindən sui-istifadə etməkdə, rüşvət almaqda ittiham edilirlər. Özbəkistan Baş prokurorluğu bu həbslərlə bağlı məlumat verməyib.(virtualaz)