“Canavar imkanı”-...haram pullar, sərvət...
Yenixeber.org: “Ölümə məhkum edilmiş” ağır ifadədir. Yaşadığımız məmləkət haqqında bunu işlətməyə çətinlik çəkirik. Baxmayaraq ki, burada müəyyən qədər həqiqət payı var. Öz geosiyasi durumu və zəngin sərvətilə başqalarına “mane olan” gələcək varlığı da hələlik şübhə altındadır. O, tarixdə qala bilər. Hər şeyini itirmiş, dinini, imanını girov qoymuş, parçalanıb-dağılmış, didilib-tökülmüş... və nəhayət, sərvəti əlindən alınmış... talan olmuş, mənəvi dunyasına basqın edilmiş bir millət... kimi tarixin hansı bir günündəsə yaşaya bilər. Ona da imkan versələr... Çünki bu millətin əlində-ovcunda qalan təkcə imkanıdır. İqtisadi və siyasi hadisələrin formalaşdırdığı imkan. Neftlə zəngin olan Küveytdə Şeyx Əmir Saleh qəbiləsindən olanlar belə imkanlara “Canavar imkanı” adı veriblər. Şeyx neftlə zəngin olan torpaqları hərraca qoyanlara qarşı mübarizədə aciz qaldığından və bu yolda iki oğlunu itirdiyindən ortancıl oğlu Əbdül ibn Salehə vəsiyyətində yazır: “...Bu canavarlar səni məhv edəcək. Bir damcı neftə qurban verəcək. Çəkil yoldan. Qoy onlar bir-birlərini didsinlər, öldürsünlər. Biz zülmə və istibdada məhkum millətik. “Məhkum” və “zülm”ün ərəb lüğətində mənasına bax. O, bizim taleyimizə neftlə birgə gəlib. Onları bir-birlərindən ayırmaq çətindir...”
Vəsiyyətin bir yerində isə Şeyx xatırladır ki, neft sərvətindən gələn gəlirləri oğurlayıb daşıyanların, günlərini eyş-işrətə sərf edənlərin bitib-tükənməyən harın bir imkanı var: “Canavar imkanı”. Məhz bu baxımdan, yəni Fars körfəzi ölkələrinin xarici və yerli iş adamları tərəfindən talanması, gəlirlərin oğurlanıb xarici banklara “daşınması”, xalqın milli və mənəvi sərvətlərinin viranə qalmasından narahat olan Birləşmiş Ərəb Əmirliklərinin Baş Qərargah rəisi general Şeyx Məhəmməd neft ölkələrinə müraciət edir: “...Təcili, nəyin bahasına olursa-olsun, Fars körfəzi ölkələrini təmin edə biləcək “Regional təhlükəsizlik Doktrinası”nın yaradılması, bizim sabahkı faciəmizin qabağını ala bilər. Oğurlanmış haram pulları qaytarmaq vaxtıdır. Müsəlman mənafeyi milli mənafe olmalıdır. Bu mənafeni xaricilərə satmaq və yaxud bağışlamaq ən azı cinayətdir...”
Xatırladaq ki, general Şeyx Məhəmməd neft ölkəsinin on illik müddətini əhatə edən “Neft strategiyası və təhlükəsizlik problemləri Doktrinası”nın müəllifidir. O, bu doktrinada neft sənayesində “hərbi iqtisadi kəşfiyyatın” əsasını qoyur.
Fars körfəzi ölkələrində, eləcə də XX əsrin sonunda özünün zəngin yanacaq ehtiyatları ilə öz qapılarını dünyaya geniş açan Xəzər regionu respublikalarının neft strategiyasında “Canavar imkanı” termini də yenidir. Bu termin nəinki əyintilərə və haram tikəyə, əxlaqını mənəvi dəyərlərini satan bəzi iş adamlarına da, həmçinin, Bakının neft və qaz sənayesinə yatırım qoyan xarici neft şirkətlərinə də aiddir.
Neft və təbii sərvətlər diyarında belə bir imkan kimlərə verilib? Ümumiyyətlə, Azərbaycanda “Canavar imkanı” deyilən bir imkandan istifadə olunurmu?
Azərbaycandan çıxarılan haram və oğurluq pullar Dünya Bankının Strateji Araşdırmalar Mərkəzinin hesabatında geniş şərh edilir. Hesabatda göstərilir ki, Azərbaycanda bir nəfər nüfuz sahibinin və yaxud güc strukturunda işləyən bir məmurun, eləcə də bir şirkətin siyasəti və şəxsi maraqları naminə hökumət adamları, ayrı-ayrı nazirliklər pulla asanlıqla ələ alınır (?). DB-nin ekspertləri iqtisadi kəşfiyyat üçün iki mühüm siyasi terminləri açır: a) “Dövlətin ələ keçirilməsi”, b) “İqtisadiyyatın ələ keçirilməsi indeksi” termini.
Azərbaycanda “DÖVLƏTİN ƏLƏ KEÇİRİLMƏSİ” kodu altında ayrı-ayrı güc nazirliklərinin yüksək rütbəli məmurların oğurluq və yaxud haram pulları, bank hesabları, aldıqları rüşvətlər... nəhayət, dövlətdə hegemonçuluq iddiası. Nəticədə Azərbaycandakı bu hadisələri müşahidə edən, ABŞ-ın neft sahəsində məşhur tədqiqatçı qrupu – (Kembric – Massaçusets) “Btetşl qrup”unun başçılarından olan Filip Verleqer ölkənin ticarət, maliyyə və energetika nazirliklərindəki kəşfiyyat xidmətinə ünvanladığı hesabatda göstərir:
“...Biz Azərbaycanda ciddi problemlərlə üşləşirik... (haram və oğurluq bank hesablarını xatırladır). Ola bilsin, bu problemlər kəskinləşsin və nəzarətdən çıxsın...” (?)
Bundan sonra ABŞ Energetika Nazirliyi tələm-tələsik Bakıda Müstəqil Energetika Mərkəzi yaratdı. Bunun da əsasında iqtisadi kəşfiyyata xidmət dayanır (Direktoru Çikaqo Universitetinin professoru Vundt Hreqordu).
Bəzilərinin fikrincə, bank sirri abonentlə bank arasında açılmaz qalır. Lakin kəşfiyyata bu sirrin də açılmasının öz texnologiyası var. İşin digər maraqlı cəhəti də budur ki, bu adamların bir qismi “Dövlətin ələ keçirilməsi” terminini artıq özlərinin fəaliyyətində proqram sənədi kimi hazırlayıblar. Hər şeydən əvvəl, onlar bu proqramları həyata keçirmək üçün “Gobbels Piramidası”ndan – yəni təbliğatın super variantından istifadə edirlər. Məsələnin də mahiyyəti aydındır: baş verəcək hər hansı hakimiyyət dəyişikliyində, dövlət çevrilişində haram pullar asanlıqla yuyulub, təmizə çıxarılır (?). Buna qədər isə haram pul sahiblərinin təbliğat maşınları dövlətin iqtisadiyyatındakı əyintiləri qabardır, qaçqın şəhərciklərində ruh düşkünlüyü yaradan informasiyalar yayır, ölkə başçısı haqqında yayılan şayiələrin mənbələrinə qol-qanad verir, ordu ilə kütlə arasında uçurumu dərinləşdirir, müxalifətlə gizli əlaqələr qurur.. prezident üçün “aktual və operativ strateji informasiyalar” hazırlayır. Nəhayət, dövlətin bütün qurumlarındakı balansı pozur. Azərbaycanda haram pulların xarici banklarda yerləşdirən məmurların, vəzifə sahiblərinin 74 faizi “Dövlətin ələ keçirilməsi” planı ilə “nəfəs alır” (?).
Şübhəsiz Azərbaycanda görülən işlər onun korrupsiya və rüşvətə qarşı mübarizə modeli bütün bunları rədd edir. Təəssüf ki, biz bu mübarizədə özümüzü təbliğ edə bilmirik.
Məsələn, ölkənin hüquq-mühafizə orqanlarında, məsələn, Prokurorluq və Ədliyyə sistemində, Daxili İşlər Nazirliyinin Təhlükəsizlik, İqtisadiyyat Nazirliyinin qurumlarında son illər aparılan islahatları inkar etmək ədalətsizlikdir. Xüsusən bu strateji mərkəzlərə işə qəbul məsələsində irəli sürülən islahat prinsipləri qiymətləndirilməlidir. Məsələn, hələ də Orta Asiya regionlarında bu istiqamətdə işə qəbul prinsiplərində islahat alınmır. Göstərici çox aşağıdır.
Korrupsiya və çirkli pulların yuyulması istiqamətində Avropada, ABŞ-da, bir sıra Qərb və Şərq ölkələrində mövcud olan və qarşısı çətin alınan faktları misal çəkdik. Faktlar göstərir ki, Qərb Azərbaycanı bu istiqamətdə tənbeh etməyə cəhd edir, amma özü bu siyasi bəladan xali deyildir.
Amerika iqtisadi kəşfiyyatının tanınmış simalarından olan Sam Paul göstərir ki, rəsmilərin sənədlərin təsdiqini yubatması və rüşvət vermək üçün şərait yaradır.
Beləliklə, əgər başqa bir alternativ xidmət mənbəyi və müraciət etməyin effektiv metodu yoxdursa, süründürməçilik yaratmaq cəhdləri çox asanlıqla rüşvətə yol aça bilər.
Azərbaycanda biri-birinin ardınca qırmızı xəttdən kənar çıxan kimliyindən asılı olmayaraq, cənab Prezident tərəfindən cəzalanıb, yəni öz vəzifələrindən uzaqlaşdırılıblar. Sıraya baxaq: Ziya Məmmədov, Fazil Məmmədov, Tağı Əhmədov,... və çıxan digər nazirlərin hər biri haqqında, onların indiyədək dövlətə və millətə məlum olmayan cinayətləri haqqında nəşrə hazırladığım kitabda geniş bəhs olunacaq. Ola bilsin adlar, ünvanlar şərti olsun, lakin hamı tez tanınacaq... Amma həmin şəxslərin yığdıqları haram pullar, sərvət... gündən-günə alovlanır, tüstülənir, qızışır... Bu haram sərbəst hara istiqamət götürəcək, bununla bağlı kitabda ciddi açıqlamalar var. Hər kəs öz adı ilə çağrılacaq. Kitab artıq hazırdır.
Rövşən Novruzoğlu,
politoloq, Milli Təhlükəsizlik məsələləri üzrə eksper