ABŞ-ın İran sanksiyaları və Cənub Qaz Dəhlizi –Tramp Azərbaycan üçün niyə “yaşıl işıq” yandırdı? TƏHLİL
Rəsmi Vaşinqtonun İrana qarşı sanksiyalar bərpa etməsinin əks-sədası davam edir. Bir sıra böyük dövlətlər, o cümlədən Avropa İttifaqı ölkələri çətin vəziyyətlə üz-üzə qalıblar. Hazırda supergüclər arasında bu sanksiyalarla bağlı müzakirələr davam edir. Avropanın bir sıra şirkətləri İranı tərk edirlər. Bəziləri isə bütün risklərə rəğmən, orada qalırlar.
Yenixeber.org: Rusiya ənənəvi olaraq bu sanksiyalara qoşulmur. Türkiyə-ABŞ münasibətlərində də İrana qarşı sanksiyalar daha təsirli rol oynamağa başlayır. Bütövlükdə Yaxın Şərq bu addımın ciddi təsiri altında düşməkdədir. Və bu, yalnız iqtisadi sahə ilə məhdudlaşmır. İndi ekspertlər təhlükəsizlik istiqamətində də gözlənilməz addımların ola biləcəyini istisna etmirlər. Bir sıra mətbu nəşrlər bu bağlılıqda İsrailin Baş naziri Benyamin Netanyahunun gizli surətdə Misirə gələrək dövlət başçısı Əbdülfəttah əl-Sisi ilə görüşməsini vurğulayırlar. Bütün bu proseslərin fonunda Amerika Prezidenti Donald Trampın xüsusi qeydlə Cənub Qaz Dəhlizini sanksiyalardan kənarda saxlaması son dərəcə ciddi əhəmiyyət kəsb edən tarixi hadisədir. Mütəxəssislər bunun iqtisadi, siyasi, geosiyasi və təhlükəsizlik aspektlərini analiz edir, müəyyən proqnozlar verirlər. Biz məsələnin bu aspekti üzərində geniş dayanmağı lazım bildik.
İrana qarşı: Amerika yeni müharibəyə başlayıb
ABŞ-ın avqustun 6-da İranın nüvə proqramına dair beynəlxalq sazişdən – Hərtərəfli Birgə Fəaliyyət Planından (HBFP) çıxması ilə əlaqədar Tehrana qarşı sanksiyaları bərpa etməsi bütün dünyanı silkələməkdədir. Bu addım demək olar ki, bütün ölkələrin iqtisadiyyatına təsir edir. İlk növbədə, Avropa İttifaqı, Yaxın Şərq, Rusiya və Çinin iqtisadiyyatı üçün yeni şərait meydana çıxır. Sanksiyaların birinci hissəsində İran avtomobil sənayesinə, qızıl və digər qiymətli metallara, alüminium və polada, qrafit və kömür alqı-satqısına, eləcə də İranın ABŞ-a ixrac etdiyi xalça və ərzaq məhsullarına qarşı məhdudlaşdırıcı tədbirlər nəzərdə tutulub. Noyabrın 4-də başlayacaq ikinci mərhələdə isə İranın energetika sənayesi, neft sazişləri, habelə İran Mərkəzi Bankı ilə tranzaksiyalar hədəfə alınacaq.
Maraqlıdır ki, Vaşinqton yuxarıda vurğulanan saziş imzalanana qədər olan sanksiyalardan daha güclü məhdudlaşdırıcı tədbirlər həyata keçirməyi planlaşdırır. Burada başlıca məqsədin İranın neft gəlirlərini sıfıra endirməkdən ibarət olduğu ayrıca qeyd edilir. Bunlar o deməkdir ki, Amerika İrana qarşı əsl iqtisadi müharibə aparmaq fikrindədir. Prezident Donald Tramp da bəyanatlarında mövqeyinin çox ciddi olduğunu ifadə edir. Belə təəssürat yaranır ki, ABŞ rəhbərliyi qəti şəkildə antiiran kursunu yeritmək niyyətindədir.
Mütəxəssislər bu kimi məqamları vurğulamaqla dünyada vəziyyətin çox gərgin olduğunu ifadə etməyə çalışırlar. Doğrudan da, indi Avropa, Yaxın Şərq ölkələri tutacaqları mövqenin üzərində düşünürlər. Xüsusilə Aİ üzvləri İranla münasibətlərin yenidən necə qurula biləcəyi üzərində baş sındırırlar. Tehranın onlardan gözləntiləri az deyil. İran Prezidenti Həsən Ruhani bəyan edib ki, Avropa proseslərə qəti münasibətini bildirməlidir. Ancaq hələlik konkret bir nəticə yoxdur.
Rusiyanın mövqeyi aydındır. Rəsmi Moskva İrana qarşı sanksiyalara qoşulmur. Türkiyə faktoru ekspertlərin daha çox marağına səbəb olub. Ankara bəyan edib ki, İranla əlaqələri davam etdirəcək və heç bir qüvvə onu bu mövqeyindən döndərə bilməz. Pekin də dolayısı ilə ABŞ-ın sanksiyalarına neqativ münasibətini bildirib. Çin Rusiya və Türkiyəyə dəstək verməklə faktiki olaraq İranı müdafiə etdiyini göstərir.
Bütün bunlar bir reallığı ortaya qoyur – ABŞ-ın İrana qarşı sanksiyaları iqtisadi-energetik aspektlə yanaşı, geosiyasi müstəvidə də ciddi qlobal problemlər meydana çıxarmaqdadır. Hazırda dünya iqtisadi sistemi bu səbəbdən yeni böhranlara sürüklənməkdədir. O cümlədən Azərbaycana qonşu olan Türkiyə və Rusiya ilə bağlı mürəkkəb vəziyyət yaranır. Bu proses hələ də davam edir.
Belə bir şəraitdə D.Trampın xüsusi qayda ilə Cənub Qaz Dəhlizini sanksiyalardan kənarda saxlaması əhəmiyyətli geosiyasi hadisədir. Mütəxəssislər bununla bağlı öz fikirlərini bildirirlər. Onlar “Cənub Qaz Dəhlizi” layihəsinin daha önəmli olduğunu xüsusi vurğulayırlar. Məsələ həqiqətən də çox ciddi geosiyasi məqamlara bağlıdır. Amerika tərəfi “Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın enerji təchizatında mühüm rol oynadığını daim vurğulayırdı. Yayılan informasiyalara görə, BP şirkəti Cənub Qaz Dəhlizinin təbii qaz mənbəyi olan Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə sanksiyaların tətbiq edilməməsini istəyib. “Şahdəniz” layihəsində İranın “NICO” şirkəti də 10 faizlik paya sahibdir. D.Trampın qərarında isə belə bir qeyd vardır: “təbii qaz layihəsi istisna olmaqla”.
Deməli, Vaşinqton İran şirkətinin də bu layihədə pay sahibi olmasına baxmayaraq, onu sanksiyalardan kənarda saxlayır. Səbəb nədir? Aydındır ki, Vaşinqtona Cənub Qaz Dəhlizi o səviyyədə önəmlidir ki, Amerika üçün onun reallaşmasında hansı dövlətin iştirak etməsinin elə bir əhəmiyyəti yoxdur.
Müstəqil mövqe: qazanan və lider olan Azərbaycan
Ancaq burada məsələnin daha əhəmiyyətli bir aspekti də var ki, bu da Azərbaycan rəhbərliyinin həyata keçirdiyi xarici siyasətin, o cümlədən enerji siyasətinin məzmunu ilə bağlıdır. Ekspertlər üçün bu fakt daha əhəmiyyətlidir. Çünki Cənubi Qafqazda müstəqil siyasətin müsbət geosiyasi, iqtisadi və energetik nəticələri baxımından bu məqamın ayrıca mənası vardır.
Şübhə yoxdur ki, ABŞ rəhbərliyinin Cənub Qaz Dəhlizini sanksiyalardan kənarda saxlamasının başlıca səbəbi rəsmi Bakının reallaşdırdığı uğurlu enerji siyasətidir. Azərbaycan rəhbərliyi konkret proqramları, qarşıya qoyduğu məqsədləri və atdığı addımları ilə sübut edib ki, həm etibarlı tərəfdaşdır, həm də qarşılıqlı faydalı əməkdaşlıq prinsipinə ciddi əməl edir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən hər bir layihə vurğulanan məqam baxımından böyük əhəmiyyət kəsb edir.
Cənub Qaz Dəhlizi üzrə beynəlxalq əməkdaşlıq qrupu yaradılıb. Qrupa bir neçə dövlət daxildir. Onları birləşdirən yeganə məqsəd isə iştirakçıların hər birinin mənfəət götürməsindən ibarətdir. Bundan başqa, Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, “Cənub Qaz Dəhlizi” layihəsindən regionun bütün xalqları faydalana bilər və o, başlıca olaraq insanların rifahı üçün nəzərdə tutulub.
Digər tərəfdən, “Cənub Qaz Dəhlizi” layihəsinin sanksiyalardan kənarda qalması rəsmi İrəvanın yeritdiyi antiazərbaycan siyasətinin tamamilə əsassız olduğunu bir daha təsdiq edir. Məsələ ondan ibarətdir ki, illərdir Ermənistan Azərbaycanı gözdən salmağa xidmət edən təbliğat aparır. İrəvan hətta dünya dövlətlərini Azərbaycanla əməkdaşlıq etməməyə də çağırır. Səbəb kimi isə Azərbaycanda demokratik mühitin olmaması, insan haqlarının pozulması və sivil münasibətlər qura bilməməsini göstərməyə çalışırlar. Lakin, təbii ki, bunların hamısı iftiradır, böhtandır, Azərbaycanı ləkələmək üçün müəyyən məlum dairələrin apardığı ədalətsiz informasiya savaşının tərkib hissəsidir.
Bunu böyük dövlətlərin, o cümlədən Amerikanın Azərbaycana münasibəti tam təsdiq edir. Sübutlardan biri də məhz Cənub Qaz Dəhlizinin sanksiyalardan kənarda qalmasıdır. Dahası da var. O da ondan ibarətdir ki, rəsmi Vaşinqton faktiki olaraq nümayiş etdirir ki, Azərbaycan dünyada təhlükəsizliyin təmin edilməsi üçün müasir tələblərə cavab verən, demokratik, sivil siyasət yeridir. Azərbaycandan başqa, hansı Cənubi Qafqaz dövlətinin böyük bir layihəsi təhlükəsizliyə xidmət edir? Bu, ən yüksək səviyyələrdə də vurğulanıb. Obyektiv olsaq, görərik ki, Ermənistan və Gürcüstana daim yardımlardan bəhs edirlər, onların konkret bir layihəsinin oynadığı roldan qətiyyən söhbət açmırlar. Çünki elə bir layihə bu ölkələr tərəfindən irəli sürülmür və həyata keçirilmir. Onlara bu ölkələrin nə siyasi müstəqilliyi, nə də iqtisadi qüdrəti yetir.
Təsəvvür edin, Amerikanın sanksiyaları Rusiya, İran, Türkiyə, Aİ kimi böyük və qüdrətli dövlətləri silkələyir, lakin Azərbaycan bütün bu zərbələrdən, çəkişmələrdən kənarda qalır. Özü də Azərbaycan müsəlman ölkəsidir, müstəqil siyasət yeridir. Onun hansısa bir gücə üstünlük verdiyini kimsə deyə bilməz. Belə çıxır ki, “Cənub Qaz Dəhlizi” layihəsinin sanksiyalardan kənarda qalmasını ancaq Amerikanın maraqları ilə izah etmək doğru deyil. Burada həlledici rolu Azərbaycanın beynəlxalq imici oynayır.
Yəni, Azərbaycan dünya tərəfindən qəbul edilən müstəqil dövlətdir. Onun reallaşdırdığı layihələr ümumən dünya xalqlarının rifahına xidmət edir. Bu baxımdan Azərbaycan Cənubi Qafqazın yalnız iqtisadi deyil, həm də geosiyasi lideridir. Onun nümunəsindən mütləq regionun digər dövlətləri də yararlanmalıdırlar. Əks halda, həmin dövlətlər inkişafdan, əməkdaşlıqdan, islahatlardan gec və ya tez kənarda qalacaqlar.
Düşünürük ki, ABŞ rəhbərliyinin Cənub Qaz Dəhlizi ilə bağlı qərarının strateji tərəflərindən biri məhz bu sonuncu tezisdən ibarətdir. Regionun siyasi, iqtisadi, energetik və hərbi təhlükəsizliyi Azərbaycansız mümkün deyildir. Hətta bu, xeyli dərəcədə Azərbaycanın atacağı addımlardan asılıdır!
Newtimes.az