“MEDVEDEVƏ 3 DƏFƏ ZƏNG ETDİM, İKİSİNDƏ PUTİN GÖTÜRDÜ…” –Saakaşvili baş naziri yerdən-yerə vurdu
“Nazarbayevin təşkil etdiyi diskotekada o mənə müharibə planları barədə məlumat verdi”
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rusiyanın “Exo Moskvı” radiostansiyasına maraqlı açıqlamalar verib.
Yenixeber.org: Rusiya mətbuatı bildirir ki, əsasən 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən hərbi qarşıdurmaya həsr olunan açıqlamalarda indiyə kimi cəmiyyətə məlum olmayan bir sıra məqamlara yer verilib.
Saakaşvili müsahibəsində həmin dövrdə Rusiyanın prezidenti olmuş hazırkı baş nazir Dmitri Medvedevi hədəfə götürüb və onu təhqir etməkdən də çəkinməyib: “Medvedev… Əlbəttə ki, o əslində heç nədir. Əvvəlcə Astanada mən onun ardınca xeyli qaçdım. Nazarbayevin təşkil etdiyi diskotekada o mənə müharibə planları barədə məlumat verdi. Lakin bundan dərhal sonra tualetə qaçdı ki, mən onunla bu haqda söhbəti davam etdirə bilməyim…”
Rusiya mətbuatı yazır ki, Saakaşvilinin söhbət açdığı hadisə 2008-ci il iyulun 6-da Qazaxıstanda ölkə paytaxtına həsr olunmuş və MDB ölkələri rəhbərlərinin qatıldığı tədbirdə baş verib.
“O, Rusiya tarixində bir anlaşılmazlıqdır…”
Medvedev barəsində fikirlərini davam etdirən Saakaşvili daha sonra deyir: “Medvedev özü-özlüyündə sıfırdır. Mən elə bilirdim ki, Rusiya prezidenti ilə danışıram, ancaq məlum oldu ki, mən heç kim olan bir şəxslə ünsiyyət qururam. O özü mənə dedi ki, sən bilirsənmi, mən heç bir qərar qəbul etmirəm, orada, yəni Moskvada isə tamamilə başqa janrın qanunları işləyir. Bu, onun mənə dediyi sözlərdir…”
RTVİ kanalına da açıqlama verən Gürcüstanın sabiq prezidenti yenidən bu mövzuya toxunub: “Həmin görüşdə Nazarbayev mənə yaxınlaşdı və dedi: “Mixail, niyə belə həyəcanlanırsan? Mən səni heç vaxt belə əsəbi görməmişəm. Ona (D.Medvedevə-red.) fikir vermə. Sən bilirsən axı, o heç kimdir. Onun Moskvada rəisi var…”
Daha sonra Saakaşvili Vladimir Putinin Medvedevi necə nəzarətdə saxladığına toxunur: “2008-ci ilin 6 iyununda Sankt-Peterburqda keçirilən görüşümüzdən sonra Medvedevə 3 dəfə zəng etmişəm, onların ikisində telefonu Putin götürüb. Bir dəfə Putin mənə dedi ki, Medvedevə niyə zəng edirsən, belə məsələləri mən həll edirəm, onlar mənim kurasiyamdadır…”
Sabiq prezident Medvedevi həbsxanada digər məhbuslar tərəfindən kameranı təmizləməyə məcbur edilən məhbusa bənzədib: “O kimdir? O, Rusiya tarixində bir anlaşılmazlıqdır və Putinin buyruq quludur. Merkeldə belə bir illüziya vardı ki, bəlkə Medvedev Xruşşov olacaq. Elə bilirdi ki, o Putini öz üzərindən atacaq və əridəcək. Ancaq Putin yerinə kimi təyin etdiyini çox yaxşı bilirdi”.
“Ondan özümə qarşı hər hansı hörmətsizlik hiss etməmişəm…”
Saakaşvili daha sonra Putinlə münasibətlərindən söz açıb və maraqlı detallara toxunub:“Cənubi Osetiyadakı konfliktin guya mənimlə Putin arasında baş vermiş hansısa anlaşılmazlıq səbəbindən qaynaqlandığı barədə deyilənlər tamamilə cəfəngiyyatdır. Putin çox soyuqqanlıdır və şəxsi münasibətlər səbəbindən müharibə başlayacaq birisi deyil. Guya mənim onu söydüyüm barədə deyilənlər və sair bu kimi məlumatlar da tamamilə yalandır. Bizim hər zaman çox nəzakətli söhbətlərimiz olub və bir-birimizə həmişə “siz” deyə müraciət etmişik. Ancaq o (V.Putin-red.), MDB ölkələri başçılarının çoxuna “sən” deyirdi və heç də qardaşsayağı olmayan tərzdə söyüş söyürdü. Ancaq mənə münasibətdə özünü saxlayırdı. Ondan özümə qarşı hər hansı hörmətsizlik hiss etməmişəm…”
Xatırladaq ki, bundan az öncə D.Medvedev mətbuata açıqlamasında Saakaşvilinin ünvanına kəskin ifadələr işlətmiş və onu Cənubi Osetiyada 10 il əvvəl baş vermiş hərbi qarşıdurmanın əsas günahkarı adlandırmışdı.(azpolitika)
Cəlal MƏMMƏDOV