Bu günlərdə rəqqasə Fatihə Fətəliyeva İranın Məşhəd şəhərinə səfər edib.
Yenixeber.org: O , “Instagram” profilində Məşhəd ziyarətgahının kompleksindən fotolar və videolar paylaşıb.
Fatimənin rəqqasə olmasını əsas gətirən bəzi izləyicilər onu qınayıblar. Əslində tənqid edənlər müəyyən mənada haqlıdırlar. Çünki bəzi sənət adamları müqəddəs məkanlara ziyarətlə Bodrum gəzintisi arasındakı fərqi anlamırlar.
Rəqqasə müsəlman dünyası üçün müqəddəs sayılan yerləri ziyarət edən ilk şou-biznes nümayəndəmiz deyil.
Məşhəd və Həcc ziyarətində olmuş məşhurlarımız barədə məlumat veririk.
Müğənni Kərim Abbasov 2014-cü ildə Məşhədə səfər edib. O, İmam Rzanın (ə) qəbrini ziyarətə getdiyini bildirib.
Əməkdar artist Mətanət İsgəndərli 2017-ci ilin iyununda müqəddəs torpaqlara yollanıb. O, bacısı ilə birgə getdiyi Həcc ziyarətindən qayıtdıqdan sonra “O qədər göz yaşı və Allaha inamla bu ziyarəti etdim ki… İllərdir mən bunu arzulayırdım. İnşallah, davamlı olacaq” – deyə bildirib.
Eynilə rəqqasə Fatimə kimi sənətçinin müqəddəs ziyarətgaha getməsi sosial şəbəkədə müzakirəyə səbəb olub. Bəzi şəxslər Mətanət İsgəndərlinin keçmişi barədə xoşagəlməz ifadələr yazıblar. Hətta rəy yazanlar arasında İsgəndərli haqda təhqiramiz ifadələr yazanlar da olub.
Hər zaman qalmaqallardan uzaq qaçan müğənni Elnur Məmmədov 2014-cü ildə qonşu dövlət İranda yerləşən Məşhəd şəhərinə, ziyarətə yollanıb. Müğənni sözügedən ziyarətgahda çəkdiyi fotoları sosial şəbəkələrdəki rəsmi səhifəsində də paylaşıb.
2016-cı ildə ATV-in tanınmış aparıcısı Lalə Azərtaş da Mədinə şəhərinə ziyarətə gedib. O, Həcc ziyarətindən çəkdirdiyi şəkillərin üzərinə “Cüməniz mübarək. Həyatımın ən gözəl cüməsini yaşadım. Bunun necə gözəl hiss olduğunu yaşayanlar bilər. Allah hər kəsə nəsib etsin. İnşallah, yaradan qəlbində Tanrı sevgisi olan hər kəsə bura gəlməyi qismət edər. Cümə namazını burada qılmaq ən gözəl hissdir. Məhəmməd Peyğəmbərin dəfn olunduğu yer” də yazmışdı.
Müğənnilər Nazim Məmmədov və Emil Bədəlov iki dəfə Həcc ziyarətində olublar. Onlar daha əvvəl ayrı-ayrılıqda getsələr də, 2015-ci ildə müqəddəs torpaqlara birgə yollanıblar.
Qalmaqallı “əjdaha” Nadir Qafarzadə də Məşhədi olan sənətçilərdən biridir. O, 2011-ci ildə “Məni bu addımı atmağa heç kim məcbur etməyib. Bu arzu sanki daxilimdən gəldi. Bu müqəddəs yeri ziyarət etdiyim üçün çox sevincliyəm” sözləri ilə Məşhədi ziyarət etdiyini təsdiqləyib.
Əməkdar artist Firuzə İbadova da həmin ildə ailə üzvləri ilə birgə Məşhəd ziyarətində olub.
“Planeta Parni iz Baku” KVN teatr komandasının üzvü, Azərbaycanın əməkdar artisti Cabir İmanov 2017-ci ildə Məkkəyə Ümrə ziyarətinə gedib.
Aktrisa Gülşən Hüseynli də 2016-cı ildə anası ilə birgə Məşhədi ziyarət edib. Aktrisa bildirib ki, həmçinin Həccə getmək onun ən böyük arzusudur.
Aparıcı hacı Nuran Hüseynov da bir neçə dəfə Həcc ziyarətində olub. O, 2016 və 2017-ci illərdə müqəddəs torpaqlarda olub.(minval)