Pənah Quliyevin atası bir ay əvvəl qətlə yetirilibmiş, ailənin tək uşağı olan Faiq Rüstəmov isə intihar etdiyi binanın damına tez-tez çıxırmış
Yenixeber.org: Mayın 13-də Sumqayıtda iki abituriyent- 17 yaşlı Pənah Quliyev və Faiq Rüstəmov intihar edib.
Qəbul imtahanından çıxandan sonra gecə saatlarında özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edən 17 yaşlı Pənah Quliyevin atası Mərkəz Quliyevin ötən ay qətlə yetirildiyi məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onu öldürən öz qohumu, bacısının əri Məmmədov Eldar Mayor oğlu olub.
Belə ki, M. Quliyev bu evlilikdən öncə də bir dəfə ailə həyatı qurub. Həmin vaxt bir oğlu olub, uşaq isə 12 yaşında xəstəlikdən vəfat edib. İkinci evliliyindən isə Pənah dünyaya gəlib. Pənahın 6 yaşı olanda Mərkəz Quliyev işləmək, pul qazanmaq üçün Rusiyaya gedib və daha geri qayıtmayıb. Bir müddət əvvəl isə Bakıda yeznesi Eldar Məmmədovun adına özü üçün mənzil alıb.
Bütün bunları “Qafqazinfo”ya P.Quliyevin dayısı Nurlan Bayramov təsdiqləyib. O bildirib ki, E.Məmmədov daha sonra Mərkəzdən külli miqdarda borc pul alıb.
M.Quliyev bir müddət əvvəl Bakıya qayıdıb və E.Məmmədovdan evi onun adına keçirməsini istəyib. Yeznəsi isə ona şərt qoyub: əgər ona olan borcunu tam silərsə, evi geri qaytaracaq. Bir ara mübahisədən sonra Mərkəz onunla razılaşır və aprelin əvvəlində ikisi də sənədlərini götürərək Binəqədi Rayon Məhkəməsinə yola düşüblər. Məhkəmə binasına yaxınlaşanda Eldar Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan Mərkəz Quliyevin başından zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. N.Bayramovun sözlərinə görə, E.Məmmədov yerdə uzanılı vəziyyətdə olan M.Quliyevə daha 9 zərbə endirib. Bundan sonra yaxındakı adamların köməkliyi ilə M.Quliyev xəstəxanaya yerləşdirilib.
Pənah Quliyev
Bu hadisələr baş verərkən isə Pənah hələ də atasını görə bilməmişdi. M.Quliyev Rusiyadan qayıtsa da “Pənahın qarşısına çıxmağa üzüm yoxdur” deyib və onunla görüşə bilməyib. Atası xəstəxanaya yerləşdirildikdən sonra bu barədə Pənaha məlumat verilib və o, 11 ildən sonra atasını ilk dəfə komada görə bilib. Bir neçə gün sonra, aprelin 17-də M.Quliyev komadan ayılmayaraq vəfat edib.
M.Quliyevin yeznəsi Eldarın adına aldığı mənzilin qiyməti təxminən 120-130 min manat olub. Onlar sonuncu məhkəmə prosesində iştirak edə bilmədikləri üçün ev yenə də Eldarın adında qalıb. Məhkəmədən ailəyə bildirilib ki, M.Quliyevin birinci oğlu vəfat etdiyi üçün Pənah yeganə varisdir. Bu dəfə isə ailəyə Pənahın 18 yaşı tamam olmadığı üçün ona vəkil tutmaq və bu yolla evi öz adına keçirməsi məsləhət görülüb. Lakin imtahan günü Pənahın intiharı bu işi də yarımçıq qoyub.
17 yaşında həyatına qəsd edən P.Quliyevin son sözü də bu evlərlə bağlı olub: “Evlərin hamısını anama verirəm, əgər qalsa…”
Yada salaq ki, elə həmin gün Sumqayıt şəhərində daha bir abituriyent intihar edib. 17 yaşlı Faiq Rüstəmov özünü 14-cü mərtəbədən atıb və hadisə yerindəcə vəfat edib.
İntihar edən yeniyetmə az bal topladığı üçün özünü öldürüb.
Lent.az saytı hadisənin təfərrüatını öyrənib.
Yaxınlıqda satıcı işləyən və adının açıqlanmasını istəməyən bir xanım deyib ki, hadisə səhər 11 radələrində baş verib:
“Düz blokun qabağına düşdü. Əvvəlcə tappıltı eşitdim. Çölə çıxanda şoka düşdüm. Hələ də dizlərim əsir. Cavan və yaraşıqlı bir uşaq idi. 14-cü mərtəbədən atıb özünü. Çiynində də çantası vardı. Kitab-dəftərləri yerə dağılmışdı”.
Bina sakinləri bildirir ki, bu, burada baş verən ilk intihar hadisəsi deyil. Belə ki, son beş ayda 3-4 intihar hadisəsi baş verib. Satıcı deyib ki, iki həftə əvvəl də burada intihar hadisəsi olub. Həmin şəxs də Faiqin intihar etdiyi yerdən özünü atıb.
Qohumlar deyiblər ki, Faiq dərslərini çox yaxşı oxuyurmuş, sınaq imtahanlarındakı göstəriciləri də yaxşıymış: “Ailənin aman-zaman, tək uşağı idi. Sınaq imtahanlarında 450-500 bal yığırdı. İstədiyi balı toplaya bilməyib. Deyirlər ki, ona görə özünü öldürüb”.
Qonşuların və yaxınlarının sözlərinə görə, Faiq intihar etdiyi yerə – 14-cü mərtəbəyə ilk dəfə deyil çıxırmış. O, dəfələrlə hazırlıq yoldaşları və dostları ilə həmin yerə qalxıb. Şəkillər çəkdiriblər, selfilər ediblər. Dəfələrlə şəhərin mənzərəsinə məhz buradan baxırlarmış. Nəticəni öyrəndikdən sonra hazırlaşdığı məkana yaxın yerdə olan bu binaya gedib və özünü atıb.
Faiq Rüstəmov bu binanın damından özünü atıb
Faiqin anası onkoloji mərkəzdə həkimdir. Faiq də Tibb Universitetinə qəbul olmaq istəyirmiş, amma balı yetərli olmayıb.
Faiq atasız böyüyüb. Hələ körpə yaşlarından atası ilə anası ayrılıb. Anası övladına təhsil vermək üçün hər cür şərait yaradıb. Dərslərinə birbaşa nəzarət edib.
O, Tağıyev qəsəbəsindəki 32 saylı məktəbdə təhsil alıb. Məktəbin müəllimi Kərim Kərimovun sözlərinə görə, hələ də Faiqin intihar etməsi xəbərinə inana bilmir: “Gözəl bir ailənin uşağı idi. Çox tərbiyəli, fərasətli uşaq olub. Güclü yaddaşı vardı. Sakit uşaq kimi xatırlayıram. Tərbiyəsinə söz ola bilməzdi. Niyə belə edib, bilmirəm. Dərslərini də çox yaxşı oxuyurdu”.
“Valideynlər uşaqlara ”Sən oxumasan, vəziyyətin pis olacaq”, “Hüquq fakültəsinə və ya hansısa fakültəyə daxil olmasan, dilənçi olacaqsan” deməklə düzgün etmirlər. Belə şeylərlə uşağı yükləyirlər. İntiharların da səbəbi budur. Valideyn uşağa demir ki, sən filan peşəni seç, amma məcbur edir ki, filan fakültəyə daxil olmalısan. Onlar uşaqlara düzgün istiqamət verməlidirlər”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Rzayev deyib.
O qeyd edib ki, xarici ölkələrdə bu məsələlər xüsusi diqqətdə saxlanılır: “Uşaqlar niyə intihar etməlidirlər ki? Axı hamı alim ola bilməz… Burada televiziyaların da rolu var. Onlar da bu məsələni diqqətdə saxlamalıdırlar. Valideyn işdə olur, uşaq televiziyaya baxır. Bəzi hallarda verilişlərdə elə yanlışlıqlara yol verilir ki, uşaqlara mənfi təsir edir. ”Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunu qəbul edildikdən sonra tələbləri pozanlar ciddi cəzalandırılmalıdır”.(musavat.com)