Müasir dövrdə insanlar vücudunda, görünüşündə nəyi bəyənmirsə dəyişə, əməliyyat və ya kiçik plastik müdaxilələr vasitəsilə həmin qüsurları aradan qaldıra bilər. Həmçinin insanların bədənlərinə döymə elətdirmələri, sırğa və ya pirsinq taxmaları adi hal alıb. Ancaq bəzi insanlar var ki, görünüşlərini dəfələrlə dəyişib, tamam ayrı insana çevirilir, bütün bədəni tatularla örtür, hətta dərisinin altına implantlar qoydurur.
Yenixeber.org: Bədənində etdirdiyi dəyişikliklərlə əvvəlki görünüşündən tamamilə uzaqlaşan şəxslər barədə məlumat veririk:
Dörd uşaq anası Marie Cose Kristerna bədənində etdiyi dəyişikliklərə görə “Ginnesin Rekordlar Kitabı”na adını yazdırmağı bacarıb. “Vampir qadın” olaraq tanınan Marie yüzlərlə döyməsi, üzündəki pirsinqləri, dəri altını qabarıq göstərən, buynuzu xatırladan implantları və dəyişdirilmiş göz rəngi ilə “dünyanın ən çox dəyişiklik keçirmiş qadını” adını qazanıb. Marienin atdığı addım kimilərinə dəlilik, kimilərinə özünü ifadə etmək istəyi kimi gəlsə də, ən əsası Marie bu çılğınlığı edən tək insan deyil, onlarla insan əməliyyatlar və bədənə batan rəngli iynələrin köməyi ilə tanınmaz hala salıb.
“Vücudunda ən çox dəyişiklik etmiş gənc” adını alan Etan Brambl bədənindəki ilk dəyişikliyi 10 yaşında sırğa taxmaqla başlayıb. Avstraliyalı Brambl 40 əməliyyat keçirib və 150 döyməsi var. Onun hətta göz ağında belə tatu var. Gözünün içinə edilən tatu proseduru zamanı o azca hərəkət etsə kor qala bilərdi. 21 yaşlı gəncin ən ağır əməliyyatını isə 17 yaşında, dilini iki hissəyə ayırmaq üçün bıçaq altına yatanda keçirib.
Özünü gəlinciyə və ya hansısa cizgi film qəhrəmanına bənzədənlər son zamanların dəbidir. Sadəcə, bəziləri daha gözəl görünməyə cəhd edirlər, bəziləri isə daha qorxunc qəhrəmanlara bənzəməyi üstün tuturlar. Venesueladan olan Henri Rodrigez 70 min manata qədər pul xərcləyərək “Red Skull” personajına oxşadıb. Üzünü qırmızı rənglə tatu etdirən, dərisinin altına dəmir yerləşdirən, burnunu kəsdirən Henri özünü bənzətdiyi faşist personajla eyni xarakterə malik olduğunu bildirib.
Kala Kaivi tatu və bədən modifikasiyası rəssamı olaraq fəaliyyət göstərir. O, qulaq dəliyinin genişliyinə görə (109 mm) “Ginnesin Rekordlar Kitabı”na düşüb. Kalanın “San Siti” adlı tatu və bədən modifikasiyası mərkəzi var və o burada özü kimi fərqli görünmək istəyən gənclərə xırda plastik müdaxilələr həyata keçirir. Onun üzündə özünün də sayını itirdiyi qədər çox pirsinq və əlavə iki burun dəliyi də var.
Beynəlxalq Tatu ustaları konvensiyası tərəfindən “Dünyanın ən çox tatusu olan adamı” adı verilən Mat Qon ilk tatusunu 24 il bundan öncə etdirib. Onun məqsədi bədənindəki yanıq ləkələrini qapatmaq olub, daha sonra isə bütün üzünü də döymə ilə örtmək qərarına gəlib.(minval)
Dəniz Kərimzadə