Bakının hər künc-bucağında bir parkomat yerləşdirib avtomobil saxlanmasını pullu etmişdilər.
Yenixeber.org: Və bu pullar hara axırdı, kimlərin cibinə gedirdi, hansı parkomatlar qeydiyyata alınmışdı, hansılar qanunsuz olaraq quraşdırılmışdı, onların idxal olunub gətirilməsinə büdcədən nə qədər maliyyə xərclənmişdi, bu sistemə nəzarət mexanizmi necəydi – bu sualların heç birinə cavab verilmirdi.
Buyurun, gün gəldi, şəhərdə həmin parkomatların “erası” bitdi, fəaliyyəti dayandırıldı, əvəzində təzə cihazlar “zühur” elədi.
► 15 dəqiqə ödənişsizdir, amma…
İndi sınaqçıların hərəsinin əlinə bir elektron cihaz verilib, deyilib ki, daha hansı avtomobil dayanacaqda saxlasa, dərhal pulunu alın, qəbzini verin. Ancaq 15 dəqiqə maşın saxlanması ödənişsizdir.
Halbuki, müşahidələrimiz deməyə əsas verir ki, parkomatlarda işləyənlər bu müddəaya əməl etmirlər: sürücü avtomobildən düşər-düşməz cihazdan qəbzi çıxarıb uzadırlar.
Bəs, nə oldu ki, parkomatlar lazımsızlaşdı, onların işi dayandırıldı? Bu pullar hara getdi? – təbii ki, vaxtilə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun dayanacaqlardakı monitorların pulunu mənimsədiyi kimi, Bakının icra başçısı Hacıbala Abutalıbov da parkomatların maliyyəsini həzm-rabedən keçirdi.
Fransadan gətirilmiş xüsusi parkomatları indi Bakının demək olar ki, əksər mərkəzi küçələrində görmək mümkündür. Ancaq daha işləmirlər.
Təzə cihazları əlində tutub dayanacaqlarda gözləyən sınaqçılar isə deyirlər ki, parkomatlar daha asan idi.
Çünki çox zaman sürücülər özləri aparatlara yaxınlaşıb ödəniş edirdilər. Bu cihazlar isə tələb edir ki, işçilər özləri ödəniş edib, qəbz versinlər.
Sonra məlumat elektron mərkəzə ünvanlanır və yer pulu verməyən sürücü dərhal cərimələnir. Görünür ki, parkomatlara nəzarət etmək mümkün olmurdu və gəliri az imiş.
► Hadı Rəcəblinin anonsu
Sınaqçılarla söhbətimizdə öyrənirik ki, parkomatların ləğvindən sonra bu sahəyə nəzarət Bakı Nəqliyyat Agentliyinə veriləcək.
Vaxtilə deputat Hadı Rəcəbli də bunu elan etmişdi. Belə aydın olur ki, parkomatların ləğvi ilə bu biznes H.Abutalıbovdan alınır. Çünki gəlirlər onun şəxsinə xidmət edirmiş.
2 aprel 2018-ci il fərmanına əsasən isə Bakıdakı bütün parklanma təsərrüfatı 2 ay müddətində Bakı Nəqliyyat Agentliyinə təhvil verilməlidir.
Yada salaq ki, prezident İlham Əliyevin 2012-ci ildə Nazirlər Kabinetinin iclasında Bakıda yol kənarında avtomobillərin saxlanılması və böyük parkinqlər tikilənədək bu məsələnin tənzimlənməsi barədə göstərişi Bakı meri üçün yeni qazanc yerinə çevrilmişdi.
Prezidentin bu iradından sonra Abutalıbov özünə yeni biznes yaratmağa başladı. Belə ki, müəyyən olunmuş ərazilərdə parkomatlar quraşdırıldı və sürücülərə burada maşın saxlamağa icazə verilmişdi.
► Həsən Abdullayevin gediş sirri…
Ardınca şəhərin küçə və prospektlərində, parkların və metro çıxışlarının ətrafında və digər ərazilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən qanunsuz yaradılmış duracaqlar ləğv edildi.
Əvəzində nəqliyyatın hərəkətinə maneçilik törətməyən ərazilər hesab edilən yerlərdə yeni duracaqların yaradılması işinə başlanıldı.
Belə duracaqlarda ödənişlərin elektron formada həyata keçirilməsi üçün ilkin olaraq Fransadan müasir tipli 1000 aparat-parkomat gətirildi və 5 ay ərzində onların 500-ü müəyyən edilmiş müvəqqəti duracaqlarda quraşdırılıb sürücülərin ixtiyarına verildi.
İndiyə qədər sürücülərin 20-30 qəpiyə istifadə etdikləri xidmət illərdir ki, 30 dəqiqə üçün 50 qəpik, hər bir saat isə 1 manatdır. Yığılan pulların isə kimin cibinə getdiyi sirr deyil…
Onu da deyək ki, uzun müddətdir Dövlət Yol Polisi İdarəsi və “Azəravtoyol” ASC bir neçə parkomatın lazımsız yerlərdə quraşdırılması barədə məsələ qaldırmışdı.
Bununla bağlı şikayətlərin sayı artdığı üçün Abutalıbov Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayevi işdən kənarlaşdırmalı oldu.
Bu sahədəki xaos və nəzarətsizliyin saxlanmasında məhz Abutalıbovun maraqları var. Şəhərdə hansı parkomatların qanuni və qanunsuz olduğu bilinmir.
Nəticədə qeyri-rəsmi şəkildə milyonların əldə olunması üçün əlverişli şərait yaranır. Buna görə də nə bir təftiş var, nə də nəzarət sistemi. Üstəlik, vergidən ciddi şəkildə yayınma halları da var.
Abutalıbovun parkomat biznesindən gələn pullar haqda nə bir hesabat verir, nə də vəsaitin büdcəyə yönəlib-yönəlmədiyi mexanizmi açıqlanmır…Emil Salamoğlu/AzEuroNews.com/