Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yeni qazanc mənbəyi: parkomatların başına oyun açanlar kimdir? -ARAŞDIRMA

 

 

Yeni aparatlarla yalnız şəkil çəkərək qəbz vermək mümkündür ki, bunu köhnə aparatlar vasitəsilə də etmək mümkün idi

Yenixeber.org: Bakıda parklanma aparatlarının ləğv olunması və parkinq üçün ödənişlərin nəzarətçilərə paylanan cihazlar vasitəsilə həyata keçirilməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

"Report"un məsələ ilə bağlı hazırladığı yazıdan nəzarətçilərin yeni cihazların təyinatı və istifadə qaydalarından tam məlumatlı olmadığı, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) və Bakı Nəqliyyat Agentliyinin bu sistemdən xəbərsiz olduğu üzə çıxmışdı. 

Son yeniliklə parklama nəzarətçilərinin səlahiyyəti daha da genişlənib. Dünyanın inkişaf etmiş ölkələrində parklanmanın online aparıldığı, nəzarətçilərin işi minimuma endirildiyi halda Azərbaycanda onların səlahiyyətinin artırılması bir qədər təəccüb doğurur.

Xatırladaq ki, Prezident İlham Əliyev hələ 4 il bundan əvvəl, aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı avtomobillərin park olunması məsələsinə toxunmuş və müvafiq tapşırıqlarını vermişdi:

“Bakı gözəl, müasir, inkişafda olan şəhərdir. Əlbəttə ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyildir. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər. Mən başa düşürəm ki, indi yerüstü parkinq olmadığı üçün bunların sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park avtomatları quraşdırılandan sonra əlbəttə ki, əlində çubuq olan vətəndaşları biz gərək digər işlərlə təmin edək”.

Ötən müddət ərzində bütün parklanma əraziləri müəyyən edilərək müvafiq apartlar quraşdırıldı, hər bir sürücü üçün ödənişi edərək qəbz almaq imkanı yarandı. İlkin vaxtlarda vətəndaşlara ödənişin həyata keçirməsində yardım etmək üçün fəaliyyət göstərən şəxslər isə sonradan nəzarətçi kimi öz işlərini davam etdirdilər və sürücülərin parkomata yaxınlaşmadan qabaqlarına qaçaraq ödənişi nağd almağa başladılar. Tətbiq olunan son yeniliklə isə ümumiyyətlə, sürücülərin ödənişi nağd şəkildə nəzarətçilərə verməsi məcburi hal alıb. Bu bir sıra problemlərin yaranmasına da səbəb olacaq. Məsələn, hazırda bir çox küçələrdə parkomat aparatları var və sürücülər həmin yerlərdə avtomobil saxlamağın qanuni olduğunu bilirlər. Lakin cihazla ödəniş tətbiq olunanda nəzarətçilər qanunsuz yerlərdə maşın saxlatdıra biləcəklər. Yol polisi əməkdaşları qanunsuz yerlərdə dayanan avtomobillərin sürücülərini cərimə edəndə buna görə kim məsuliyyət daşıyacaq? Yaxud, cərimə hansı formada yazılacaq?

Digər tərəfdən, axşamlar, təxminən, saat 22.00-dan sonra küçədə parkovkalara nəzarət edən şəxsləri yerlərində tapmaq olmur. Həmin işçi haradan biləcək ki, sürücü saat neçədən həmin ərazidə maşınını saxlayıb?

Hazırkı qanunvericiliyə görə, Bakıda parklanmanın ilk 15 dəqiqəsi ödənişsizdir. Tutaq ki, sürücü yarım saatın ödənişini edib gedir, lakin işini tez bitirib 10 dəqiqəyə geri qayıdır və maşınını parkovkadan çıxarır. Bəs belə olanda vətəndaşın ödədiyi pulunun qalığı necə geri qaytarılacaq?

Qeyd edək ki, müvəqqəti saxlama dayanacaqları bir neçə gün əvvəl Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilib.

Azərbaycan Prezidenti İlham Əliyev bu ilin aprelin 2-də Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, növbəti iki ay müddətində Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində müntəzəm sərnişindaşıma xidməti göstərən avtomobil nəqliyyatı vasitələri üçün dayanacaq məntəqələrinin, parklanma yerlərinin və taksi minik avtomobilləri üçün duracaq yerlərinin Bakı Nəqliyyat Agentliyinin idarəetməsinə verilməsini təmin etməlidir.

İki qurum arasında təhvil-təslim aparılan zaman yeni cihazların təcrübədən keçirilməsi isə müəmmalı haldır.

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı “Report”a açıqlamasında deyib ki, yaranmış vəziyyətə görə Bakı Şəhər İcra Hakimiyyəti məsuliyyət daşıyır: “Bakı Şəhəri İcra Hakimiyyəti özü də baş açmır ki, parklanma aparatlarını əvəz edəcək yeni cihazları ölkəyə gətirənlər nə etmək istəyirlər. Onlar iddia edirlər ki, guya əvvəlki parklanma aparatlarını saxlamaq baha başa gəlir. Beləliklə, dövlətin milyonlarla vəsaiti hesabına alınan aparatları kənara atıb təzə avadanlıq almaq qərarına gəldilər”.

Ekspert yeni cihazların qiymətlərini araşdırdığını və bunun xarici ölkələrdə təxminən 100 dollara satıldığını bildirib: “Bakı Şəhər İcra Hakimiyyəti isə həmin cihazları 5000-6000 manat civarında qeydiyyatdan keçirib. Bakıda 300-dən çox parkomat var idisə, təxmini o qədər də yeni aparat alınıb. Cəmiyyəti inandırırlar ki, bu cihazın foto və video çəkmək imkanı var, DYP-nin mərkəzi məlumat sisteminə inteqrasiya edilib. Bunların hamısı yalan və cəfəngiyatdır. Onlar sürücüləri kütləvi informasiya vasitələri ilə qorxutmağa çalışırlar. Burada məqsəd insanları daha artıq pul ödəməyə məcbur eləməkdi”. 

Onun sözlərinə görə, yeni aparatlarla yalnız şəkil çəkərək qəbz vermək mümkündür: “Bunu köhnə aparatlar vasitəsilə də etmək mümkün idi. Yəni, burda nə yenilik var?! Digər tərəfdən, hələ də parkomatların siyahısı və yeri məlum deyil. Yol polisi də bilməlidir ki, hansı yerlərdə dayanma qanunidir. Bakıda çoxlu sayda qanunsuz parklanma yerləri mövcuddur. Məsələn, DYP nişan qoyur ki, bu ərazidə parklanma qadağandır, amma icra hakimiyyəti aparat yerləşdirib pul yığır. Dəfələrlə müşahidə olunub ki, parkomata ödəniş edən sürücü yol polisləri tərəfindən cərimələnib. Köhnə aparatların funksiyalarını yeniləmək mümkün idi. Xarici mütəxəssislərin köməyindən yararlanmaq olardı. Bunu etmək əvəzinə yeni aparat almağı üstün tutublar. Bir sözlə, yeni cihazlar qanunvericilikdə nəzərdə tutulan funksiyaları yerinə yetirə bilməz”.

"Digesta" hüquq firmasının direktoru, yol-nəqliyyat hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə "Report"a bildirib ki, "Yol hərəkəti haqqında" qanunun 53-cü maddəsi və İnzibati Xətalar Məcəlləsinin 127-2-ci maddəsi parklanma yerlərindən istifadə qaydalarını və bu qaydaları pozanların cərimələnməsi mexanizmini müəyyən edir: “Qanunun tələbinə əsasən, parklanma yerlərində DYP-nin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunan foto və ya video qeydiyyat funksiyalı xüsusi texniki vasitə olmalıdır. Həmin vasitə avtomobilin parklanma yerinə gəlmə vaxtını, onun nömrəsini, ödəniş edilib-edilmədiyini, orada qalma müddətini qeydə alıb real vaxt rejimində (on-line) DYP-yə ötürməlidir. Hazırda Bakının bəzi yerlərində parklanma yerlərində nəzarətçilərin əlindəki qurğunun nə DYP-yə inteqrasiyası, nə də qeyd olunan funksiyalarının hamısı var. Deməli, bu qurğular və onlardan istifadə qanunvericiliyin tələbinə uyğun deyil".

Ekspert qeyd edib ki, ümumiyyətlə, parklanma yerlərində belə tələblərə cavab verən parkomat və ya başqa qurğu olsa da, onların hazırda qanunda göstərilən qaydada tətbiqi mümkün deyil. Onun sözlərinə görə, Nazirlər Kabineti parklanma yerlərinin təşkili və istifadəsi qaydalarını, eləcə də parklanma yerlərinin siyahısını müəyyən etməlidir, amma indiyə qədər bu məsələ həll olunmayıb. Həmçinin, parklanma yerlərindən istifadə haqqı da müəyyən edilməlidir. "Digər tərəfdən, Nazirlər Kabineti parklanma yerləri yaxınlığında yaşayan sakinlər üçün ödənişsiz parklanma talonunun verilməsi qaydalarını müəyyən etməlidir".

Ə.Hüseynovun fikrincə, parklanma yerləri ilə bağlı yayılan bütün məlumatlar, xüsusən parkomatların ləğv edilməsi, yeni cərimələr və s. haqqında söhbətlər qanunvericiliyə uyğun deyil və əsassızdır.

Beləliklə, ekspertlərin dediklərindən də məlum olur ki, parklanma sisteminin dəyişməsi və yeni cihazların alınmasında bir çox qaranlıq məqamlar var və xeyli suallar doğurur. Sürücülərin isə bu sistemlə bağlı əsas şikayətlərindən biri daha çox ödənişin tələb olunması ilə bağlıdır. Belə ki, əvvəllər şəhərin müxtəlif küçə və prospektlərində quraşdırlan dayanacaqlara yaxın ərazilərdə çalışan və ya yaşayan şəxslər avtomobillərini dayanacaqda saxlamaq üçün bir gün ərzində 1 manat ödəniş edirdilər. Çünki, səhər saat 9-dan axşam saat 18-ə qədər avtomobilini dayanacaqda saxlayan sürücü hər saat üçün 0.50 manat ödəniş etsə, gərək gün ərzində dayanacaqda 4-5 manat pul xərcləsin. Ona görə də dayanacaqlara yaxın ərazilərdə yaşayan və işləyən sürücülərə güzəşt olunurdu. İndi isə bu məsələdə güzəşt olmayacağı, hər kəsin bir saat üçün 50 qəpik ödəniş etməli olduğu bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam