“Övladımın olması münasibətilə dövlət yoldaşıma guya 99 manat sevinc pulu verməlidir. Bəlkə 99 manat xərcim çıxıb, amma 2 aya yaxındı bu pulu ala bilmirəm”.

Yenixeber.org: Bu sözləri əməkdaşımıza Səmral Quluzadə deyib.

O bildirib ki, əvvəl Sabirabaddakı “Asan xidmət”dən uşaq üçün doğum haqqında şəhadətnamə ala bilməyib:

“”Asan xidmət” də çoxdan mənim üçün “zülm xidmət” olub bu öz yerində. Nə vaxt bu quruma işim düşüm yol pulu, rüsumlarla cibim də boşalıb, əsəblərim də pozulub. İşim də ya həll olmayıb, ya da xeyli get-gəldən sonra gec həll olub”.

Səmral Quluzadənin ailəsi bu səbəbdən “sevinc pulu”nu ala bilmək sevincini yaşamayıb.

“Minval” əməkdaşının sözlərinə görə, daha sonra ortaya çıxıb ki, şəxsiyyət vəsiqəsindən əlavə yaşayış yerindən arayış də lazımdır:

“Buna görə Neftçaladan Sabirabada məktubla arayışım göndərilib. 4 gündür ki, gəlib çıxmır. Bu da “Azərpoçt”un mənə “xeyiri”. Hər iki rayon poçtdan söyləyirlər ki, “bizlik deyil Bakılıqdır”. Bakıdan isə problemin nədən ibarət olduğunu bilmədiklərini deyirlər. Bakı ilə “Azərpoçt”la danışıram, əvvəl məni aldadıb yalandan dedilər ki, məktub Bakıdan Sabirabada yola çıxıb, bu gün-sabah çatar. Sonra gördüm ki, məktub gəlib çıxmır yenə “Azərpoçt”un qaynar xətti “123”-ə zəng elədim. Bu dəfə də bir xeyli ötür-ötür oynadılar. Mənə deyirlər ki, məktubu tapılmır, bilmirik haradadır. 6 ay da tapa bilməsək sizə 6 manat cərimə ödəyəcəyik”.

Qeyd edək ki, Səmral Quluzadə hər ay kirayə haqqı ödədiyindən sosial durumu ürəkaçan deyil. Bu səbəbdən ailəsinin haqqı olan “sevinc pulu”ndan yararlanmaq istəyib. Lakin Səmralın arzusu günlərdir ki, gerçəkləşmir.

Məsələ ilə bağlı minval.info hüquqşünas Əsabəli Mustafayevin fikirlərini öyrənib.

Onun sözlərinə görə, poçtdan məktubun çatıb-çatmamasını xəbərnamə və ya qəbz vasitəsilə öyrənmək olar:

“Əgər oradan bildirilsə ki, məktub xəbərnaməsiz göndərilib, bu zaman qəbz tələb edilməlidir. Həmin şəxs bunu qəbzin üzərindəki şifrə vasitəsilə yoxlaya bilər. Ya özləri, ya da ki bizə verə bilərlər. Bu şifrə ilə “Azərpoçt”un rəsmi saytından öyrənmək olar ki, vəziyyət nə yerdədir”.

Ə.Mustafayev bildirib ki, sevinc pulunun alınması üçün yaşayış yerindən arayışın tələb olunmasına rast gəlməyib: “Ola bilsin, bu sənədi ailəyə ödəniş edəcək müvafiq orqanı həmin ünvana əsasən müəyyən etmək üçün istəyirlər. Bilirsiniz, təcrübə ilə qanunvericilik arasında fərq var. Buna görə əgər arayışda dirəniblərsə, belə qayda ilə həll etmək olar”.

Dövlət Sosial Müdafiə Fondunun rəsmi saytından “uşaq pulunu” almaq üçün tələb olunan sənədlər barədə belə cavab verilib:

“Uşağın doğum haqqında şəhadətnaməsinin surəti, müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı) və sair əlavə olunur”.

Sani