Bu gün SSRİ-nin (1922-1991) dağılmasından 26 il ötür. 1991-ci il dekabrın 8-də vaxtilə SSRİ-ni təşkil etmiş – Rusiya SFSR, Ukrayna SSR və Belorusiya SSR SSRİ-nin parçalanması haqqında istəklərini bildirdilər. 1991-ci il dekabrın 25-də Mixail Qorbaçov istefa verdi. Dekabrın 26-da Kreml üzərindən qırmızı bayraq endirildi və SSRİ rəsmən süqut etdi.
Yenixeber.org: SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun və Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin ABŞ prezidenti ata Corc Buşla telefon danışıqlarının stenoqramını təqdim edirik:
8 dekabr 1991-ci il, dairəvi kabinet.
Buş: Salam, Boris. İşləriniz necədir?
Yeltsin: Salam, cənab prezident. Sizinlə danışdığım üçün çox şadam. Cənab prezident, biz sizinlə qərara gəlmişdik ki, hər hansı fövqəladə bir hadisə baş verərsə, bir-birimizə xəbər verək, məlumatlandıraq. Mən sizə, siz də mənə. Bu gün bizim ölkəmizdə çox vacib bir hadisə baş verdi. İstəyirəm ki, KİV-in bundan xəbər tutmasından əvvəl sizi məlumatlandırım.
Buş: Əlbəttə, sağ olun.
Yeltsin: Bu gün biz – Belorusiya, Ukrayna və Rusiyanın rəhbərləri bir yerə yığışdıq. İki gün davam edən diskussiyalardan sonra qərara gəldik ki, mövcud sistem və bizdən imzalanması istənilən İttifaq Müqaviləsi bizi qane etmir.
Ona görə də yığışıb ümumi razılaşma imzaladıq. Cənab prezident, yeni İttifaq haqqında danışıqlar dalana dirəndi, bunun obyektiv səbəbləri olduğunu anladıq, hansı ki, yeni müstəqil dövlətlərin yaranması reallığı var. Bundan əlavə, qeyd etməliyəm ki, mərkəzin uzaqgörənlikdən uzaq olan siyasəti bizi iqtisadi və siyasi böhranlarla üz-üzə qoyub. Bu da bütün istehsalat və əhalinin təbəqələrinə təsirsiz ötüşməyib. Biz müstəqil dövlət olaraq Belorusiya, Ukrayna və Rusiya razılıq əldə etdik, imzaladıq. Bu razılaşma 16 bölümdən ibarətdir, hansı ki, yeni müstəqil dövlətlərin yaranmasından bəhs edir.
Buş: Başa düşürəm…
Yeltsin: Bu dostluğun üzvləri özlərinin bacarıqlarını ortaya qoyacaq ki, beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsinə nail olsunlar. Biz eyni zamanda birlikdə nüvə silahlarına nəzarəti və istifadəsini də öhdəmizə götürmüşük. Bu öhdəliyə və razılaşmaya danışıqlarda iştirak edən hər 3 dövlətin – Belorusiyanın, Ukraynanın və Rusiyanın rəhbərləri imza atıb.
Buş: Yaxşı.
Yeltsin: İndi otaqda mənimlə birlikdə Ukraynanın Prezidenti və Belarus Ali Sovetinin sədri də var. Elə sizə zəng vurana qədər Qazaxıstan Prezidenti Nazarbayevlə də telefon danışığımı yekunlaşdırdım. Ona əldə olunan razılaşmanın bütün mətnini oxudum, 16 bənd də əlavə olunmaqla. O, bütünlüklə bizim bu fikrimizi və atdığımız addımı dəstəkləyir, razılaşmaya imza atmağa hazır olduğunu deyir. O, tezlikə gəlib bu razılaşmaya imza atacaq.
Buş: Başa düşürəm…
Yeltsin: Bu, mütləqdir və təxirəsalınmaz qədər vacibdir. Bu dörd respublika Sovet İttifaqının bütün istehsalatının və kənd təsərrüfatının 90 faizini təşkil edir. Bizim bu cəhdimiz mərkəzin totalitar nəzarətindən bizi xilas edir, hansı ki, 70 il ancaq əmr və göstəriş verirdi. Bu, çox ciddi addımdır. Ümid edirik, əminik, bu yeganə yoldur ki, yaşadığımız mövcud böhrandan qurtula bilərik.
Buş: Boris, siz…
Yeltsin: Cənab Prezident, prezident Qorbaçov əldə olunan bu nəticədən xəbərsizdir. O bizim bir yerə toplaşmağımızı bilir, bu haqda ona özüm demişəm. Əlbəttə, biz gecikdirmədən əldə olunan razılaşmanın mətnini ona da göndərəcəyik. Sözsüz, o özünün səlahiyyətləri çərçivəsində qərar qəbul etməlidir. Cənab prezident, mən bu gün sizinlə həddindən artıq açıq oldum. Biz 4 dövlət düşünürük ki, yaranmış kritik məqamdan çıxmağın təkcə bir yolu var. Heç nəyi gizlin etmək istəmirik – indi tez bir zamanda məlumatları da KİV-ə ötürəcəyik. Ümid edirik ki, bizi başa düşürsünüz.
Buş: Boris, mən sizin zənginizə və hər şeyi açıq deməyinizə görə minnətdaram. Biz indi sizin dediyiniz 16 bölümün hamısına baxacağıq? Necə düşünürsünüz, mərkəzin buna reaksiyası necə ola bilər?
Yeltsin: Birincisi, mən Müdafiə naziri Şapoşnikovla danışmışam. 6-cı bölümü oxumaq istəyirəm. Şapoşnikov öz növbəsində bizimlə razıdır və bizə dəstək verir. İndi isə 6-cı bəndi oxuyuram…
Buş: Biz, əlbəttə ki, bütün bunları diqqətlə oxumaq, öyrənmək istəyirik. Biz başa düşürük ki, bu məsələləri iştirakçılar özləri həll etməlidirlər, 3-cü tərəf lazım deyil. Elə ABŞ olaraq biz də…
Yeltsin: Biz buna zəmanət verə bilərik.
Buş: Nə edək, sizə uğurlar. Zənginizə görə təşəkkür edirəm. Mərkəzin və digər respublikaların reaksiyasını gözləyək. Hər şeyi zaman göstərəcək.
Yeltsin: Mən əminəm ki, digər respublikalar da bizi başa düşəcək və tezliklə bizimlə birləşəcək.
Buş: Bir daha bu tarixi hadisəyə və etdiyiniz zəngə görə sizə təşəkkür edirəm.
Yeltsin: Görüşənə qədər.
Buş: Görüşənə qədər…
(Danışıq bitdi)
Növbəti danışıqda ABŞ Prezidenti Corc Buş və SSRİ Prezidenti M.Qorbaçov iştirak edir.
25 dekabr 1991-ci il, saat 10:03-10:25, Kreml-Devid.
Buş: Salam, Mixail.
Qorbaçov: Corc, əziz dostum, səsini eşitmək xoşdur.
Buş: Mən də sizi belə əlamətdar gündə, belə tarixi bir gündə salamlamaqdan xoş oldum. Təşəkkür edirəm ki, zəng etmisiniz.
Qorbaçov: İcazə verin, ilk öncə yaxşı şeylərdən bəhs edim: Sizi, Barbaranı və bütün ailə üzvlərinizi Yeni ilin gəlişi münasibəti ilə təbrik edirəm. İstədim bəyanatımı ikinci gün verəm. Amma qərara gəldim ki, bunu elə bu gün günün sonunda edəm. Elə buna görə də əvvəlcədən istədim ki, sizi Yeni il münasibəti ilə təbrik edəm və sizə bütün yaxşılıqları, xoş günləri arzulayam.
İndi isə deməliyəm ki, təxminən iki saatdan sonra mən Moskva televiziyası ilə qəbul etdiyim qərarla bağlı çıxış edəcəm. Corc, mən sizə məktub göndərmişəm. Ümid edirəm, tezliklə onu alacaqsınız. Məktubda ən mühüm olanları qeyd etmişəm. Bir daha vurğulamaq istərdim ki, sizinlə birgə işlədiyimiz zaman əldə etdiyimiz nailiyyətləri yüksək qiymətləndirirəm. Ümid edirəm ki, yeni Birliyin bütün liderləri, ilk növbədə Rusiya iki ölkə rəhbərliyinin əldə etdiyi birgə təcrübənin qiymətini anlayır.
Bizim İttifaqda dövlət yaratmaq barədə debatlarımız mənim düzgün hesab etdiyim istiqamətdə getmədi. Amma əmin etmək istəyirəm ki, öz siyasi nüfuzumdan istifadə edəcəm ki, yeni Birlik uğurlu olsun. Yeni Birliyin Alma-Atada nüvə və strateji məsələlər üzrə razılıq əldə etmələri məni sevindirir. İnanıram ki, Minskdə respublikalar arasında əməkdaşlıq mexanizmini təmin edəcək digər məsələlər üzrə də qərarlar qəbul ediləcək.
Corc, icazə verin, çox mühüm hesab etdiyim məsələlər barədə sizə danışım.
Buş: Buyurun…
Qorbaçov: Bütün bu ölkələri (MDB ölkələrini – red.) izləmək lazımdır. Amma bir tərəfdən Birliyin gələcəyi üçün dezinteqrasiya və dağılma prosesinin kəskinləşməsinə yol verilməməsi mühümdür. Bizim vəzifəmiz respublikalar arasında əməkdaşlıq qurmaq prosesinə kömək etməkdir. Bu nöqtəni vurğulamaq istərdim.
İndi də Rusiya barədə… Bu, danışığımızda ikinci əsas mövzudur. İndi stolumun üstündə SSRİ Prezidentinin mənim istefam barədə olan fərmanı var. Mən ali baş komandan səlahiyyətini də öz üzərimdən götürürəm və nüvə silahı üzərində səlahiyyətimi Rusiya Federasiyası Prezidentinə verirəm.
Mən prosesin Konstitusiya çərçivəsində yekunlaşmasına rəhbərik edirəm. Sizi əmin edirəm ki, hər şey nəzarət altındadır. İstefa qərarını elan edən kimi bu fərmanlar qüvvəyə minəcək. Siz milad gecənizi rahat keçirə bilərsiniz. Rusiya məsələsinə qayıdaraq bir daha demək istəyirəm ki, biz bunu dəstəkləmək üçün hər şeyi etməliyik. Mən Rusiya üçün gücüm çatan hər şeyi edəcəm. Amma tərəfdaşlarımız da bu dəstəyin göstərilməsində rol oynamalıdırlar.
Mənə gəldikdə isə Tayqada, meşədə gizlənməyəcəm. Siyasətçi kimi aktiv qalacağam. Mənim əsas məqsədim yenidənqurma ilə başlanan proseslərə kömək etməkdir. Sizin KİV-lər burda məndən sizinlə olan şəxsi münasibətlər barədə suallar verirlər. Sizinlə əməkdaşlığımızı və dostluğumuzu yüksək qiymətləndirirəm. Bizim rollar dəyişə bilər, ancaq əldə etdiyimiz nailiyyətlər heç vaxt dəyişməyəcək. Xanımım Raisa ilə birgə sizə və Barbaraya ən yaxşı arzularımı çatdırıram.
Buş: Mixail, telefon zənginiz üçün minnətdarlığımı bildirmək istəyirəm. Mesajınızı maraqla dinlədim. Xüsusilə Rusiya Federasiyası ilə bağlı dediklərinizi. Mən sizin meşədə gizlənməyəcəyinizdən çox məmnunam, siyasi fəaliyyətdə fəal olmağa davam etməyinizi istərdim. Əminəm ki, bu, yeni birliyə fayda gətirəcək.
Nüvə silahına dair şərhlərinizə görə minnətdaram. Bu, beynəlxalq əhəmiyyətli bir məsələdir və mən prosesin mükəmməl təşkili və həyata keçirilməsi üçün sizə və respublikaların liderlərinə minnətdaram. Bu məsələyə dair konstitusiya məsuliyyətini Boris Yeltsinə ötürdüyünüzü qeyd etdiniz. Mən əminəm ki, biz bu sahədə sıx əməkdaşlığımızı davam etdirəcəyik.
Mixail, indi isə şəxsi işlər haqda danışım. Sizin münasibətlərimiz barədə çox gözəl çağırışınız diqqətdən kənarda qalmayıb. Sözlərinizi çox yüksək qiymətləndirirəm, çünki tamamilə mənim hisslərimi ifadə edir. Ümid edirəm, bizim yollarımız yenə birləşəcək. Siz ABŞ-da həmişə arzulanan qonaqsınız. Yəqin ki, işlərinizi sahmana saldıqdan sonra biz Kemp-Deviddə görüşə bilərik. Bizim dostluğumuz əvvəlki kimi möhkəmdir və daima belə qalacaq.
Mən Rusiyanın və digər respublikaların rəhbərləri ilə müsbət əlaqələr quracam.
Biz hər respublikanın suverenliyinin tanınması istiqamətində hərəkət edəcəyik. Biz onlarla əməkdaşlıq edəcəyik. Sizin yeni rolunuzun necəliyi heç bir halda əlaqələrimizə təsir etməyəcək. Mən həqiqətən dostluğumuzu qoruyub saxlamaq istəyirəm. Beləliklə, biz bu bayram günlərində və belə tarixi məqamda sizin xidmətlərinizi qiymətləndirir, dünyada sülh üçün etdiklərinizə görə təşəkkür edirik.
Qorbaçov: Təşəkkür edirəm, Corc. Bu gün sizdən eşitdiklərimə görə çox sevindim. Mənə çox əhəmiyyətli şeylər söylədiniz və bunun üçün minnətdaram.
Buş: Sağlıqla qalın, Mixail.
Qorbaçov: Sağ olun.
(Danışıq bitdi)(kult)