“Hibrid ailə”lər Azərbaycana necə ayaq açır: ARAŞDIRMA
“İŞİD”-DƏN DƏ QORXULU ...
(MTN-nin eks rəhbəri Eldar Mahmudov bununla bağlı iki dəfə RF-nın FTX-nə və iki dəfə də Türkiyə Cümhuriyyətinin NİUT-nə etiraz məktubları ilə müraciət edibmiş. Bunun ardınca Respublika DİN-nin rəhbərliyi də bu həyəcanlı proqrama qarşı, Dövlətçilik ənənələrini rəhbər tutaraq ciddi addımlar atıb. Amma məsələ hələ də bağlanmayıb.)
Xeberinfo.com: Biz bu günlərdə respublika ərazisində, əsasən strateji mərkəzlərdə (nazirlik və komitələrdə, şirkətlərdə... cəmiyyətlərdə) apardığımız çox ciddi bir strateji araşdırmanı bitirdik. Maraqlı və həm ciddi, həm də çox vacib bir məsələni öyrəndik. (Şübhəsiz özümüzə görə).
Araşdırmanın strateji xətti belə idi:
1. Azərbaycanda bu gün hansı mərkəz tariximizin bağışlanmaz səhvi olan 1978-ci il olayını yaşaya bilər? Hansı nazirlik ona bu gün daha meyllidir və yaxud meylli görünür? “Nur”çuların qədim “ayaq izləri”...
Söhbət 1978-ci ildə ölkənin Daxili İşlər Nazirliyində baş verən və iki generalın ölümü ilə nəticələnən (nazir A.Heydərov və S.Kazımov) faciədən gedir. Bu Ulu öndər Heydər Əliyevə qarşı atılan ən amansız və dəhşətli güllə idi. O, açılmadı. Nəticədə onun ardınca onlarla işıqlı simaları itirdik...
Biz təəssüf hissi ilə qəzetləri vərəqləyirdik... buna da daha ehtiyac duymadıq. Arada yolumuzu Şirvana da saldıq. Dağılmış, partlamış və yaxud partladılmış “Araz” hərbi zavoduna tamaşa etdik. Bu ölümlə nəticələnən hadisə nədən oldu? – deyib, gözəyarı ölçüb, biçdik... Qənaətə gəldik ki, tələfatı çox olan bu zavodda təhlükəsizlik məsələləri sıfıra bərabər olub.
Ekspertlər iddia edirlər ki, bu təsadüfi hadisədir. Olsun. Amma soruşuruq: cənab ekspert və yaxud politoloq, gedib baxmısanmı? Ümumiyyətlə terror edilmişlə, təsadüfən dağılmış arasında fərqi bilirsənmi?
“Azərbaycanlı ekspertlərin və siyasətçilərin bir çoxu münəccim kimi danışırlar...” Bu sözləri də Ulu öndər Naxçıvanda vaxtilə bizimlə görüşündə deyirdi...
Azərbaycan təhlükəsizlik sistemində kəşfiyyat həmişə iflic vəziyyətində olub və gözləmə mövqeyini tutub. Məsələn MTN-nin kəşfiyyat idarəsində hər gün 20-30 krossvord qəzeti doldurulur... Məsələn “Qara kəmər” əməliyyatı adı altında general rütbəsi alan MTN-nin kəşfiyyat generallarını anlaya bilmədim. Hansı ki, həmin kəşfiyyat generallarından biri MTN – olayından sonra KİV-ə belə bir məlumat ötürür ki, şəxsən (?) eks-nazir Eldar Mahmudov ilahiyyat işləriylə məşğul olan bir şəxsdən tələb edir ki, (?) Şeyxülislamin və ANS TV kanalının rəhbərliyi əleyhinə ifadə versin... (?)
Bu deyim də dərhal xarici telekanallarda və KİV səhifələrində göründü. Fikrimcə Azərbaycanın imicinə zərbə vuran kəşfiyyat generalından soruşmaq lazımdır: Sən bu vaxta qədər kimə işləmisən, cəhənnəm övladı?
Tədqiqat nəticələrinə görə aydın olur ki, eks-naziri dövrələyən saxta generalların və zabitlərin bir qismi Fətullah Gülənin, bir qismi də Vəhabilərin övladları kimi fəaliyyət göstəriblər... Ən təəccüb doğuranı bu oldu ki, eks-nazir bütün bunları bilmədi, pərdə arxasında çörək verdiyi general və digər zabitlərin bir qisminin ona qurulan hörümçək torundan xəbəri olmadı... Yenə sual çıxır: Hansı xidmətlərə görə hörümçək balalarının – generalların övladları, qohum-əqrəbaları hələ də Təhlükəsizlik Xidmətinin Akademiyasında təhsil alırlar? Necə deyərlər: Köhnə cinayətlər üstündə yeni nəsil yetişir...
Aparılan araşdırmalar göstərdi ki, eks-nazir Eldar Mahmudov indiyədək MTN təcridxanasında... istintaq otaqlarında heç vaxt, heç kəsin dindirilməsində iştirak etməyib. Məsələn Tehranda nəşr olunan “Ettelaat” qəzeti Bakı mətbuatına istinadən yazır ki, “eks-nazir Eldar Mahmudov ANS telekanalına qarşı bir islamçıdan ifadə alıb...”
Təhlillər göstərir ki, həm MTN-də və həm də Xüsusi İdarədə istənilən TV-ni dayandırmaq, istənilən telekanalı şəbəkədən çıxarmaq, bağlamaq və nəhayət cinayət işi üçün kifayət qədər material var. Telekanalların buraxdığı siyasi səhvlər, Azərbaycan dövlətçiliyindən kənar hazırlanmış “Nurçu” təlimli proqramların və aparıcıların sayı xeylidir. Azərbaycan KİV və Tel-radio kanallarında bu gün “Doxsan doqquz İmam övladı” (?) adı altında Fətullah Gülənin ideoloqları ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində hazırlanmış proqramları beyinlərə yeritməklə məşğuldurlar. Bəzən düşünürsən: bizdəki bu biganəlik nədəndir? Məlum olur ki, hamısının kökündə Fətullah Gülən Proqramları dayanır və millətə tədricən kimliyini unutduran bu proqramların tele-kanallarda və KİV-də xüsusi “agentlər şəbəkəsi” rahatlıqla işləyirlər.
Biz vaxtilə Prezident yanında Xüsusi İdarədə çalışarkən (söhbət mərhum Şəmsi Rəhimovun dövründən gedir) bütün bunlar ovucumuzun içində idi. Və yaxud Şəmsi Rəhimovun ölümündə, daha sonra Xüsusi İdarənin alverxanaya çevrilməsində və nəhayət iflasa uğramasında Fətullah Gülənçilər xeyli iş gördülər... bunu isə heç kəs araşdırmadı... yəni eks-nazir istəsəydi MTN-ə daxil olan informasiyalar əsasında istər ANS olsun, istər İTV, istər Lider TV dəxli yoxdur... hamısının bağlanması istiqamətində ölkə başçısına bir məktubu kifayət edərdi. Yəni ANS-in ləğv olunması üçün eks-nazirin bir sözü bəs edərdi. Onda ANS bir aylığa yox, əbədi bağlanardı... Saxta, yalan məlumatları, insanları alçaldan və kiçildən xəbərlərlə ehtiyatlı olun, cənablar.
Digər tərəfdən eks-nazirin Şeyxülislam problemi olmayıb və heç bunu yaşamayıb da. Onun, daha doğrusu dövlətçiliyimizin qorunması naminə bütövlükdə “...Cənub problemi” olub və o hələlik həll olunmayıb.
Çox maraqlı bir məsələni də demək maraqlı olar. Məsələn qəzetlər MTN-də baş verən ən adi, xırda hadisədən də danışanda eks-nazirin şəklini verib məsələyə keçirlər. Hiss olunur ki, qəzetlərin informasiya qıtlığı var. Mətbuat cəmiyyəti o günə qoydu ki, daha heç qaşınan yerdən də qan çıxmır. Yaxşı olardı ki, haqqında söhbət gedən MTN müstəntiqinin, əməkdaşının, generalının şəklini verəsiz... Bu daha yaxşı olardı. Çünki insanlar onlara zülm edənlərin foto-şəklini görmək istəyirlər. Və MTN-dən gecə-gündüz yazanlardan yenə soruşuram: MTN-də nə baş verib?
Digər tərəfdən bizim xarici kəşfiyyat dayaqlarımız hiss olunur ki, çox zəifdir və ola bilsin ki, sıfırdan başlanır. Bu kəşfiyyatın faciəsi odur ki, onun heç bir dövlətçilik ənənəsi olmayıb.
Yenə düşünürəm. 1978-ci ilin abu-havası hansı nazirlik üçün formalaşır. Düşmən oyaqdır. O, hələlik yatmayıb. Nəfəs alır. Bəzən onun nəfəsini, hənirini qulağımızın dibində hiss edirik. Çünki bizdə təhlükəsizlik sistemi öz qədim ənənələrindən hələlik ayrı düşüb...
Araşdırmalar göstərir ki, Azərbaycanın Təhlükəsizlik sistemini viran qoyan, onun sütunlarını dağıdan... Fətullah Gülənin təlimatları ilə orqanlara rüşvətlə soxulan və “Nur”çu pulları ilə general rütbəsinədək qalxan nökərlər olub. Onlar üçün Azərbaycan anlayışı olmayıb. Onlar üçün Ulu öndər Heydər Əliyev məktəbi olmayıb. Arxiv materiallarına görə “Nurçular” Azərbaycanın canına 1920-ci ildən çöküb... o artıq qana işləyib., genetik dəyişmələrədək gedib çıxıb. Məsələn, Xüsusi İdarədə işləyərkən Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsində apardığımız araşdırmaların nəticəsində Fətullah Gülənin nə qədər “Öyüd-nəsihəti” var idi... Onlar ləğv olunubmu?..
Və yaxud bu gün apardığımız araşdırmaların daha ağır bir nəticəsi var. Bu nəticə Azərbaycan üçün “İŞİD” - dediyimiz terror təşkilatından da güclü və faciəli ola bilər.
Məsələn, 1990-cı ildən Azərbaycanın erməni terrorçuları tərəfindən işğal olunmuş ərazilərində - yəni Dağlıq Qarabağda, həmçinin ölkəmizin Türkiyə və RF-ilə sərhəd zolaqlarında Fətullah Gülənçilərin, Vəhabilərin birgə proqramları ilə hazırlanmış “Xüsusi inkubasiya mərkəzləri” (buna “Xüsusi bazalar”da deyirlər) çox qapalı və məxfi qaydada fəaliyyət göstərirdi. Artıq daha məxfilik prinsipi pozulub.
Məlumata görə həmin bazalarda razılaşdırılmış proqramlara əsasən Nurçularla Vəhabilər arasında qanuni izdivaclar icra olunur. Nurçularla Vəhabilər aralarındakı qadağaları götürərək, rahatlıqla ailə qura bilərlər. Təhlillərə görə bu çox təhlükəli olan “HİBRİD ailələr”indən artıq 47 ailə Azərbaycana köçürülüblər. Ümumiyyətlə türkdilli ölkələrdə öz dağıdıcı proqramlarını icra etməyə hazırlaşan bu HİBRİD ailənin övladları üçün heç bir din, inanc yeri, müqəddəs kitab, imam, peyğəmbər, ata-ana, vətən, torpaq, cəsarət, mərdlik, igidlik, şücaət, şəhidlik, əxlaq və ləyaqət... anlayışları yoxdur. ABŞ Dövlət Departamentindəki kəşfiyyat məsələlərini araşdıran qrup ölkənin MKİ-nə etiraz məktubunu hazırlasalar da, bu bazaların fəaliyyətini dayandırmaq mümkün olmayıb.
Azərbaycan tərəfi ərazilərimizə daimi yaşamaq üçün soxulan, xüsusi təyinatlar alan HİBRİD ailələrini hazırlayan, onları sərhədlərimizdən içəri ötürənlərlə bağlı Rusiya Federasiyasının Təhlükəsizlik orqanlarına ciddi xəbərdarlıq məktubları da göndərilib. Eks-nazir Eldar Mahmudovun imzası ilə iki etiraz məktubu (2005-ci il avqustun 4-ü, 2006-cı il fevralın 16-sı) Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə, ölkənin Təhlükəsizlik Şurasına göndərilib. Məhz bundan sonra Moskva həmin məktəblərdən – bazalardan ikisini məhv etsə də, tam qələbə əldə edə bilməyib. Maraqlıdır ki, RF-nin Prezidenti V.Putin də bununla bağlı araşdırma aparmağı ölkənin Ədliyyə Nazirliyinə göstəriş verib.
HİBRİD ailələrinin törədə biləcəyi cinayətlərlə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin də həm RF-ilə, həm Türkiyə Cümhuriyyəti ilə birgə tədbirlər planları da mövcuddur. Bütün bunlar beynəlxalq terrorçuluğa qarşı mübarizə proqramının tərkib hissəsi olaraq qalır. Lakin bu proseslərdə maraqlı məqamlara rast gəldik. Məlum oldu ki, Nurçularla – Vəhabilərin “HİBRİD” ailələrinə qarşı mübarizəyə başlayan MTN və DİN arasındakı qarşıdurmaların da kökünü Fətullah Gülənçilərin həmin nazirliklərə soxulmuş general və zabitlərini də axtarmaq yerinə düşər. Axı necə ola bilər ki, MTN-generalının Almaniyada və Türkiyədə fəaliyyətdə olan klinikalarında ancaq Fətullah Gülənə məxsus şirkətlərin malları satılır?..
Eks-nazir Eldar Mahmudovun Nurçularla – Vəhabilərin məqsədli şəkildə evlənmə, ailə qurmaq planlarına qarşı “Xüsusi Tədbirlər Planı”da hazır idi. Azərbaycanda dövlətçiliyə təhlükə yaradan islahatlara mane olan Nurçu və Vəhabi cütlüyündən yaranan “HİBRİD” ailələrinə qarşı mübarizə Sumqayıtdan başlanmalı... Qusarda və Balakəndə bitməli idi...
Bu arada mənim Azərbaycanın say-seçmə övladlarına, xüsusən Hüquq Mühafizə və Təhlükəsizlik Sistemində, Müdafiə Nazirliyinin... qoşun kontingentində çalışan vicdanlı, ölkəsini, torpağını, prezidentini sevənlərə mesajım var:
- Düşmən ölməyib və o hələ güclüdür. Özünüzü düşmən hiyləsindən, düşmən fitnəsindən qoruyun.
Yenə düşünürəm: 1978-ci ilin abu-havası hansı nazirlikdə, hansı qurumda daha çox hiss olunur?...
Politoloq.