Şahin Məmmədov oliqarx-məmurlar sırasında!
İcra başçısının sərvətinin bir hissəsi “xeberinfo.com”da
“xeberinfo.com”: Ağcabədi rayonunda icra hakimiyyətinin başçısı Şahin Məmmədovdan narazıların sayı sürətlə artır və hər gün yüzlərlə insan müxatəlif dövlət orqanlarına müraciət edərək icra başçısı ilə bağlı təcili tədbirlər görülməsini tələb edirlər. Ağcabədililər Şahin Məmmədovu rayonun torpaqlarını oliqarxların şirkətlərinə satmaqdan tutmuş rayondakı gəlirli obyektləri ələ keçirməyə qədər müxtəlif qanun pozuntularında və qanunsuz əməllərdə ittiham edirlər.
Diqqətli oxucularımıza məlumdur ki, biz həm “xeberinfo.com”da, həm də “Yeni xəbər”qəzetində Ağcabədidə korrupsiya şübhəli yaşantılarla bağlı silsilə yazılar dərc edirik. Aktuallığını nəzərə alıb, məlum dövlət orqanlarına sorğular göndərməklə, mövzunu diqqətdə saxlayırıq. Artıq bir müddətdir ki, Maliyyə Nazirliyinin yoxlama komissiyası Rüfət Mehdixanlının rəhbərliyi ilə yoxlamalara başlayıb. Biz Rüfət müəllimlə telefon əlaqəsi yaradıb, müəyyən məlumatlar da almışıq. Amma, hələlik yoxlamaların rəsmi nəticəsini gözləyirik. Bundan sonra əldə etdiyimiz yeni məlumatlarla yeni yazılar hazırlayacağıq. Hələlik isə icra başçısı Şahin Məmmədova məxsusluğu iddia edilən sərvətlərlə bağlı...
Rayon sakinlərinin başda prezident İlham Əliyev olmaqla baş prokuror Zakir Qaralov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, vergilər naziri Fazil Məmmədov, maliyyə naziri Samir Şərifov, baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev və vergilər nazirliyinin vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin rəisi Vidadi Məmmədova ünvanlanmış müraciətləri müxatəlif dövlət orqanlarında araşdırılır. Ağcabədi rayon sakinlərinin araşdırılmasını tələb etdiyi məsələlərdən biri də icra başçısına mənsub olduğu iddia edilən ticarət, xidmət və istehasalat obyektlərinin vergidən yayınması ilə bağlı məqamlardır. Bu tələb həm də rayonda icra başçısı Şahin Məmmədova məxsus obyektlərinin olub-olmamasına aydınlıq gətirmək üçün mənbə sayılır.
Belə ki, “xeberinfo.com”ya daxil olan məlumata görə rayon sakinlərinin yuxarıda adları sadalanan vəzifəli şəxslərə ünvanlanmış müraciətində qeyd edilir ki, Ağcabədi şəhərində xəstəxana ilə üzbə-üz ərazidə yerləşən böyük mağazalar, həmin ərazidə maşın yuma sexi, Ənnağı Bunyatov küçəsində böyük mebel mağazası, həmin küçədə maşınyuma və iri maşınların təmiri sexləri, avtomobillərin ehtiyat hissəslərinin satış mağazası, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin həyətindəki “lepka” sexi, Alman qəsəbəsinin yerində beton zavodu və aqlay sexi, Qarqar çayının yatağında daş, qum və çınqıl sexi icra başçısı Şahin Məmmədova məxsusdur. Bundan başqa rayon sakinləri icra başçısını Alman qəsəbəsinin yerinin 5 hektarını rəsmiləşdirib,ələ keçirməkdə, yerdə qalan ərazsini də icarə adı ilə öz nəzarəti altına almaqda ittiham edirlər. Ağcabədililər iddia edirlər ki, adları sadalanan bu obyektlər icra başçısı Şahin Məmmədovla onun birinci müavini Rövşən Əhmədova məxsus ticarət, iaşə, isteahsal və heyvandarlıq təsərrüfatının yalnız bir qismidir. (Yeri gəlmişkən Rövşən Əhmədovla bağlı da redaksiyamıza ilginc məlumatlar daxil olub. İddialardan belə məlum olur ki, cənab Əhmədovun hazırki vəzifəyə sahib olması müəyyən qanunlara ziddir. Necə? Qarşıdakı günlərdə bu məlumatları dəqiqləşdirib geniş yazacağıq)
Əslində isə icra başçısı Şahin Məmmədov və onun birinci müavini Rövşən Əhmədova məxsus olduğu iddia edilən obyektlər daha çoxdur bir qayda olaraq bu obyektlər başqa şəxslərin, o cümlədən də Rövşən Əhmədovun qardaşının adına sənədləşdirilib. Ağcabədi rayon sakinləri yazırlar ki, icra başçısı Şahin Məmmədov və onun birinci müavini Rövşən Əhmədova məxsus obyektlər vergidən yayınırlar və bu prosesdə Vergilər Nazirliyinin Beyləqan 8 saylı Ərazi Vergilər İdarəsinin üzərinə böyük məsuliyyət düşür. İddialara görə, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov və onun birinci müavini Rövşən Əhmədovun obyetləri vergidən yayınırlar və bu proses Beyləqan 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Eelçin Kazımovun himayəsi ilə həyata keçirilir.
İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, onun birinci müavini Rövşən Əhmədov və digər məmurların fəaliyyəti ilə bağlı redaksiyamıza son zamanlar daxil olan məlumatlara adları çəklilən məmurların mövqeyini öyrənməyə dəfələrlə cəhd etsək də, qarşı tərəfdən hər hansı açıqlama almaq olmur.
Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin həyətində icra başçısı Şahin Məmmədova məxsus aqlay sexinin fəaliyyət göstərməsi ilə bağlı iddialara Meliorasiya və Su Təəsrrüfatı Açıq Səhmdar Cəmiyyətindən də mövqe öyrənməyə çalışacağıq. Ümumiyyətlə, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin fəaliyyəti ilə bağlı redaksiyamıza daxil olan məlumatları araşdırırıq və araşdırma hazır olan kimi oxucularımıza təqdim edəcəyik. Bütövlükdə isə Ağcabədi rayonunda baş verən prosesləri, rayon sakinlərinin korrupsiayaya və rüşvətxorluğa, məmur özbaşınalığına qarşı mübarizəsini izləyərək oxucularımızı məlumatlandırmaqda davam edəcəyik.
Aqil