İcra başçısı müavinin iddiasının gizli səbəbi
Məqsəd şikayətçiləri zərərsizləşdirməkdir
“Xeberinfo.com”: Ağcabədi rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov rayonun Avşar kənd sakini Bulud İnqilab oğlu Quliyevə, Taynaq kənd sakini Şükür Mərkəz oğlu Hacıyevə və Aşağı Avşar kənd sakini Nizami İnqilab oğlu Nərimanova qarşı qarşı şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzib edilməsi və mənəvi ziyanın tələbinə dair rayon məhkəməsində iddia qaldırıb. İcra başçısının birinci müavini Rövşən Əhmədov bu şəxslərdən 150 min manat təzminat tələb edir. Bu tələb üzrə keçirilən məhkəmin ilk iclası 23 sentyabr 2014-cü il tarixdə keçirilib.
Diqqətli oxucularımıza da məlum olduğu kimi, biz həm “xeberinfo.com”da, həm də “Yeni xəbər” qəzetində bu mövzuda silsilə yazılar vermişik. Bizim altı dövlət instansiyasına sorğularımız da olub. Məhz bunun nəticəsində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Ağcabədi rayonunda müvafiq yoxlamalar da aparıb. (Bu haqda qarşıdakı günlərdə geniş yazacağıq).
Söz verdiyimiz kimi, mövzu diqqətimizdədir və bu istiqamətdə əldə etdiyimiz hər bir məlumatı araşdırmaqla yazmaqda davam edəcəyik. İndi isə icra başçısının birinci müavinin bu fantastik iddiasının arxasında hansı məqamların dayandığına aydınlıq gətirməyə çalışdıq. Əldə edə bildiyimiz məlumatlara və rəylərə görə Rövşən Əhmədovun məqsədi heç də bu üç şəxsin hesabına varlanmaq deyil. Məlumata görə, əslində Rövşən Əhmədovun bu şəxsləri məhkəməyə vermək fikiri də olmayıb. Ağcabədi rayon icra hakimiyyətində aparılan bir neçə müzakirədən sonra Rövşən Əhmədovun iddiaçı qismində çıxış etməsinə qərar verilib. Bundan əvvəl isə iddiaçı kimi Ağcabədi rayon İcra Hakimiyyətinin və yaxud da icra başçısı Şahin Məmmədovun çıxış etməsi variantları müzakirə olunub. Lakin, İcra Hakimiyyətinin bir yerli idarəetmə orqanı kimi birbaşa hər hansı məsələdə ittiham obyekyi olmaması səbəbindən bu variantdan imtina edilib. İcra başçısı Şahin Məmmədovun özünün iddiaçı çıxış kimi çıxış etməsindən isə onun adının yenidən medianın gündəminə gəlməməsi məqsədilə vaz keçilib. Məlumdur ki, əgər iddiaçı icra başçısı olsaydı və üç nəfərdən 150 min manat tələb etsəydi, bu məqam səfirlik və xarici nümayəndəliklərin diqqətini çəkə, onların hesabatlarına düşə bilərdi. Digər tərəfdən icra başçısının adının uzun müddət medianın gündəmindən düşməməsinin onda ciddi narahatlıq yaratdığı və buna görə də yeni qalmaqalların obyekti olmaması istəyinə görə onun iddiaçı kimi çıxış etməsi gündəmdən çıxarılıb.
Bundan sonra Rövşən Əhmədov irəli verilib. Bunun da bir neçə səbəbi var. Birincisi, Rövşən Əhmədovun adı icra başçısının adı ilə bağlı Bulud Quliyev, Şükür Hacıyev və Nizami Nərimanovun Ağcabədi rayonundakı korrupsiya ilə bağlı müxtəlif dövlət qurumlarına etdikləri şikayətlərdə yer alıb. Yəni bu hal ona hüquqi əsaslar yaradıb. Rövşən Əhmədovun iddiaçı kimi çıxış etməsinin digər səbəbi isə ondan ibarətdir ki, bu şəxs icra başçısına ən yaxın məmur sayılır. Söhbər yalnız vəzifə pilləsindən getmir. Rövşən Əhmədovla icra başçısı Şahin Məmmədovun çox dərin bağlılıqları olması haqqında Ağcabədi rayonunda çox söz-söhbət gəzir. Bu və digər səbəblərdən Rövşən Əhmədov iddiaçı kimi çıxış edir və qeyd etdiyimiz kimi, Bulud Quliyev, Şükür Hacıyev və Nizami Nərimanovdan 150 min manat kompensasiya tələb edir. Bu iddainın hansı səbəbdən meydana gəlməsi ilə bağlı ortaq bir fikir öyrənə bildik. Bu rəyə görə, Rövşən Əhmədovun bu iddiası ilə icra başçısı Şahin Məmmədov Bulud Quliyev, Şükür Hacıyev və Nizami Nərimanovun Ağcabəıdi rayonundakı korrupsiya faktlarını ifşa etmələrinin qarşısını almağa çalışır. Bu fikiri əsaslandırmaq üçün isə qeyd edilir ki, bu üç şəxs qısa zamanda Ağcabədi rayonunda baş vermiş bir neçə korrupsiya faktının üstünü aça biliblər. Bulud Quliyev, Şükür Hacıyev və Nizami Nərimanovun fəaliyyəti nəticəsində icra başçısı və onun komandası çox çətin problemlərlə üzləşiblər. Hətta həmin problemlər tam həll olub, qurtarmayıb. Əksinə, şikayətçilər həmin problemlərin həllinə də mane olurlar. İcra başçısına isə yüksək dairlər tərəfindən bu problemləri həll edə bilməyəcəyi təqdirdə isə, vəzufəsindən gənarlaşdırılacağı ilə bağlı xəbərdarlıq edilib. İndi həmin problemləri həll etmək üçün, şikayətrçilər zərərsizləşdirilməlidir. Buna görə də Rövşən Əhmədovun bu məhkəmə davası gündəmə gəlib. Məhkəmə prosesini izləməyə çalışacağıq.
Adları çəkilən şəxsləri də dinləməyə hazırıq.
Vidadi