Ağdamda iş adamları qorxuya düşüblər
Nizami Sadıqovun vəzifəsindən alınacağı xəbəri yayıldı
“xeberinfo.com”: Ağdam rayonunda üç iş adamı-Qasım Qasımov, Qalib Həsənov və Tahir Əliyevin icra başçısı ilə birgə korrupsiya şübhəsi doğuran fəaliyyətlərindən yazdıqlarımız gözlənilən reaksiya ilə müşahidə olunmaqdadır. Diqqətli oxucularımıza da məlum olduğu kimi, bir müddət əvvəl həm “xeberinfo.com” saytında, həm də “Yeni xəbər” qəzetində “Ağdamda şok korrupsiya faktları” və “Ağdamada daha bir korrupsiya faktı” başlıqlı yazılar dərc etmişdik. Əldə etdiyimiz məlumatlar əsasında mümkün araşdırmalar aparmış və bu üç iş adamının müxtəlif MMC-lər adı ilə dövlət vəsaitini mənimsəməsi haqqında şübhələri ictimailəşdirmişdik. Aktuallığını nəzərə alıb, aidiyyatı dövlət orqanlarına rəsmi sorğular göndərməklə mövzunu davam etdiririk.
İş adamları nədən narahatdır?
Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovun vəzifəsindən götürləcəyi ilə bağlı yeni məlumatla dolanmaqdadır. Bu arada diqqəti çəkən isə bu xəbərlərin Ağdamın işğal olunmamış ərazilərində təmir-tikinti işlərini həyata keçirən şirkətlərin rəhbərlərini qorxuya salmasıdır.
Bu xəbər Ağdam rayonundakı mənbəmizin “xeberinfo.com”ya verdiyi son məlumatdandır. Tikinti şirkətlərinin rəhbərləri Nizami Sadıqov vəzifəsindən kənarlaşdırılacağı halda ilk növbədə onların fəaliyyətlərinin yoxlanılacağını düşünürlər. Buna görə də bu iş adamları icra başçısından məsafə saxlamağa çalışırlar. Məlumata görə, Ağdam rayonunda ən böyük tikintiləri həyata keçirən “Şəms-95” MMC və “Amin-İnşaat” MMC-nin sahibi Qasım Qasımovla icra başçısı Nizami Sadıqovun münasibətləri son zamanlar pisləşib. Şirkət rəhbəri icra başçısından məsafə saxlamağa çalışır və onun tələblərini yerinə yetirmək istəmir. Məlumata görə də bu tələblər daha çox qeyri-rəsmi ödənişlərlə bağlıdır. İcra başçısının tələblərini yerinə yetirməməsi isə Qasım Qasımovun şirkətinə ayrılan vəsaitlərin ləngiməsinə səbəb olub. Lakin bütün bunlar Qasım Qasımovu icra başçsıının tələblərinin yerinə yetirilməsini məcbur edə bilməyib. Qasım Qasımovla Nizami Sadıqov arasında münasibətlərin pisləşməsi isə şirkət rəhbərinin icra başçısının birinci müavini işləyən qardaşı Zülfi Qasımovun da mövqeyinə təsir edib.
Nizami Sadıqovun vəzifəsindən kənarlaşdırılması digər tikinti şirkətlərinin rəhbərləri Qalib Həsənov və Tahir Əliyevin də problemlə üzləşməsinə səbəb ola bilər. Çünki, bu iki şəxsin nəzarətində olan çoxsaylı tikinti şirkətlərinin fəaliyyəti yoxlanılsa, ciddi qanun poizuntuları üzə çıxa bilər. Xüsusilə də rayon ərazsində kənd yollarının təmiri ilə bağlı görülən işlər və bu işlərlə bağlı maliyyə əməliyyatları yoxlanılsa, Qalib Həsənovun ciddi problemləri olacaq. Ağdam rayon sakinlərinin ən böyük narazılığı da kəndlərarası yolların pis vəziyyətdə olması ilə bağlıdır. Rayon sakinləri bu yolların təmiri üçün ayrılmış vəsaitlərin mənimsənilməsindən şübhələnirlər. Nizami Sadıqov vəzifəsindən kənarlaşdırılsa, rayon sakinləri yeni icra başçısından kənd yollarının təmiri adı altında aparılan əməliyyatıarın yoxlanılmasını tələb edə bilərlər. Nizami Sadıqovun vəzifəsindən kənarlaşdırılacağı ilə bağlı xəbərlər isə hər ötən gün daha da artır. Paralel olaraq tikinti şirkətlərinin rəhbərlərinin də narahatlıqları günbəgün artır.
Lətif