HƏLLEDİCİ UKRAYNA-RUSİYA DANIŞIQLARI BAŞLAYIR –Tramp Ukraynaya xəbərdarlıq etdi

Məlum olduğu kimi, bu gün Cenevrədə ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu başlayacaq. Görüşün iki gün davam etməsi gözlənilir.
Yenixeber.org: ABŞ Prezidenti Donald Tramp son mətbuat konfransında Cenevrədə keçiriləcək görüş barədə qısa şərh verib. Jurnalistlər Ağ Evin bu görüşdən hansı nəticələr gözlədiyini və Ukraynanın hansı rol oynamalı olduğunu soruşublar. Cavabında Tramp Kiyevə təzyiq və xəbərdarlıq formasında qısa şərh verməklə kifayətlənib. O, Ukraynaya xəbərdarlıq edərək Kiyevin danışıqlarda fəal iştirak edəcəyini və Rusiya ilə tez bir zamanda razılığa gələcəyinə ümid etdiyini bildirib: "Ukrayna mümkün qədər tez danışıqlar masasına oturmalıdır. Sizə ancaq bunu deyə bilərəm. Biz o mövqedəyik ki, onlar tez danışıqlar masasına otursunlar”.
Tramp Vaşinqtonun Rusiyadan deyil, məhz Kiyevdən bu addımı gözlədiyini və Ukraynanın iştirakını gələcək prosesdə zəruri element hesab etdiyini bildirib.
Maraqlıdır ki, bundan öncə Dövlət katibi Marko Rubio Ağ Evin Rusiyanın danışıqlara ciddi yanaşdığına əmin olmadığını bəyan etmişdi…
Qeyd edək ki, bu arada “The Guardian” qəzetinin məlumatına görə, Tramp Cenevrə danışıqları ərəfəsində Ukraynaya Rusiya ilə tez bir zamanda razılığa gəlməsi üçün təzyiqi artırıb.
Ukrayna nümayəndə heyəti artıq Cenevrəyə gəlib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov görüşün gündəliyinin əvvəlcədən razılaşdırıldığını və Ukrayna nümayəndələrinin görüşə tam hazır olduğunu açıqlayıb. O deyib ki, Ukrayna tərəfi konstruktiv dialoqa, təhlükəsizlik və humanitar məsələlər üzrə əsaslı müzakirələrə sadiqdir. Danışıqların məqsədi "ləyaqətli və davamlı sülhə doğru irəliləməkdir".
Cenevrədə danışıqların növbəti mərhələsi ərəfəsində Rusiya öz nümayəndə heyətinin tərkibini dəyişib. Ona yenidən Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Kreml Medinskinin iştirakını Cenevrə danışıqlarının Əbu-Dabidəki əvvəlki mərhələlərdən daha "daha geniş mövzuları" əhatə edəcəyi ilə izah edib.
ABŞ tərəfini Trampın xüsusi elçisi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner təmsil edəcək.
Qeyd edək ki, sülh səylərinə baxmayaraq, Rusiya Ukraynaya qarşı maksimalist tələblər irəli sürməyə davam etdiyindən, danışıqlarda ciddi irəliləyişə ümid azdır. Ərazi məsələsilə yanaşı, Rusiya və Ukrayna Zaporojye Atom Elektrik Stansiyasına nəzarət və müharibədən sonra Ukraynada Qərb qoşunlarının yerləşdirilməsi məsələlərində razılığa gələ bilmirlər.(Azpolitika)
C.Məmmədli









AZ
RU