“RUSİYASIZ KEÇİNƏ BİLMƏYƏCƏKLƏR...” -Moskva İrəvanı və regionu nə ilə təhdid edir?

Sonradan Donald Trampın adı ilə TRİP adlandırılan Zəngəzur dəhlizi mövzusu, gözlənildiyi kimi, Rusiyanın süni maneələri, hətta təhdidləri ilə üzləşməkdədir.
Yenixeber.org: “İzvestiya” nəşrinə müsahibə verən Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin Zəngəzur dəhlizi başda olmaqla, Cənubi Qafqaz region ilə bağlı Rusiyanın planlarını və təhdidlərini səsləndirib.
Qaluzin deyib ki, Rusiya özünün TRIPP layihəsində iştirakının parametrlərini İrəvanla müzakirə etmək fikrindədir. Baxmayaraq ki, ilkin razılaşmalarda Rusiyanın adı ümumiyyətlə keçmir…
Qaluzin deyib: “"Tramp Yolu" layihəsi ilə bağlı mövqeyimizi saxlamışıq. Ermənistan-Amerika təşəbbüsünün təfərrüatları hələ öyrənilməlidir. Həm parametrləri, həm də Rusiyanın bu və ya digər formada mümkün iştirakını müzakirə etmək üçün İrəvandakı tərəfdaşlarımızla məsləhətləşmələrə hazırıq".
Daha sonra Qaluzin təhdidlərə keçib və iddia edib ki, Zəngəzur dəhlizi Rusiyasız keçinə bilməz. O xatırladıb ki, Ermənistanın dəmir yolu şəbəkəsi 2038-ci ilə qədər Rusiya Dəmir Yollarının törəmə şirkəti tərəfindən idarə olunur, ölkə Rusiya dəmir yolundan istifadə edir və ondan asılıdır. Həmçinin, Rusiya XİN başçısının müavini xüsusi vurğulayıb ki, Ermənistanın İranla sərhədi Rusiya sərhədçilərinin nəzarətindədir. Üstəlik, Ermənistanda məlum Rusiya hərbi bazası var.
Qaluzin Ermənistanı həmçinin, Avrasiya İqtisadi Birliyinin üzvlüyü ilə təhdid edib və eyham vurub ki, Zəngəzur dəhlizinin reallaşması Rusiyasız mümkün deyil: "Ermənistanın AİB-ə üzvlüyü də nəzərə alınmalıdır. Bu şəraitdə tərəfdaşlarımızın Rusiyasız keçinə bilməyəcəyi aydındır".
Lavrovun müavini həmçinin qeyd edib ki, Rusiya, Ermənistan və Azərbaycan üçtərəfli format çərçivəsində baş nazirin müavini səviyyəsində regionda kommunikasiyaların açılmasında əhəmiyyətli irəliləyişlər əldə edib. O, bu amilin də Zəngəzur dəhlizinin reallaşacağı təqdirdə nəzərə alınmasının vacibliyinə eyham vurub.
Ardınca Qaluzin Ermənistanı nüvə enerjisi məsələsində Rusiyanın “quyruğuna bağlayıb”. O qeyd edib ki, Ermənistanda nüvə elektrik stansiyasının tikintisi Moskvanın İrəvanla münasibətlərinin gündəliyində yüksək yer tutur və müntəzəm olaraq müxtəlif səviyyələrdə müzakirə olunur.
“"Rosatom" təbii ki, erməni dostlarımızın istəklərini nəzərə alaraq layihənin həyata keçirilməsinə mümkün qədər tez başlamağa hazırdır” – deyə Qaluzin bildirib.
“İzvestiya” isə xatırladır ki, 6 fevralda "Rosatom"un baş direktoru Aleksey Lixaçyov Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşüb. 2025-ci ilin sentyabrında da Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçirilən Dünya Atom Həftəsində iştirak edib.
Qaluzinin Ermənistan üçün AES mövzusuna toxunması təsadüfi deyil. Bu mövzu ABŞ-nin vitse-prezidenti Cey Di Vensin regiona səfəri kontekstində aktuallaşıb. SSRİ-nin dağılmasından bəri Ermənistan enerji baxımından Moskvadan asılı olaraq qalıb. Metsamor Atom Elektrik Stansiyası Rusiyanın dövlət korporasiyası “Rosatom” tərəfindən idarə olunur və onun nüvə yanacağı Rusiyadan təchiz olunur. Odur ki, Vensin İrəvana səfəri ərəfəsində “Rosatom” nümayəndələrinin Moskvada Alen Simonyanla görüşməsi və nüvə enerjisi sahəsində "hərtərəfli əməkdaşlıq" təklif etməsi Kremlin Ermənistana nüvə enerji təchizatı rıçaqlarını itirməmək məqəsdi daşıyıb.
Beləliklə, Vensin səfəri, eləcə də Zəngəzur dəhlizi və nüvə enerjisi ilə bağlı müzakirələr və razılaşmalar Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması prosesinin açıq göstəricisidir. Qaluzinin son təhdidləri isə reallıqal barışmaq istəməyən Kremlin çırpıntısı təsirini bağışlayır.
İndi hər şey ABŞ-nin və heç də hər zaman sözünün üstündə durması, iradə göstərməsi ilə seçilməyən Ermənistanın qətiyyətindən asılı olacaq. Azərbaycanın açıq, ardıcıl və birmənalı mövqeyi isə hamıya bəllidir… Beləliklə, Zəngəzur dəhlizi mütləq olacaq və ümid edək ki, onun reallaşmasına, normal fəaliyyətinə nə Rusiya, nə də İran mane ola bilməyəcək.(Azpolitika)
C.Məmmədli










AZ
RU