İranın son şansı -Xəqani Cəfərli yazır
Böyük Britaniya, Fransa və Almaniya ilə İran arasında nüvə proqramı bağlı danışıqlar yekun nəticə olmadan başa çatıb.
Yenixeber.org: Əgər avqust ayının sonuna kimi danışıqlarda irəliləyiş olmasa Böyük Britaniya, Fransa və Almaniya 2015-ci ildə Tehranla əldə olunmuş nüvə sazişindən sonra ləğv edilmiş BMT-nin İrana qarşı sanksiyalarının bərpası mexanizmi olan snopback-dən istifadə edəcəklər. İranın güzəştə getməməsinin səbəbi Çin və Rusiyayanın Tehrana verdiyi dəstəkdir. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Rusiya və Çinlə birlikdə snapback-a qarşı cavab mexanizmi hazırlayıblar. Əraqçi bildirib ki, snapback mexanizmi işə salınsa belə, İran heç bir problem olmadan öz neftini (Çinə) satmağa davam edəcək. Əraqçinin Çin və Rusiyaya güvənərək dünyaya meydan oxuması teokratik rejimin 12 günlük müharibədən dərs çıxarmadığını göstərir.
Fəlakətli vəziyyətdə olan İran iqtisadiyyatına son zərbə olacaq snopback-ın işə düşməsi ərəfəsində teokratik rejimə növbəti ağır zərbəni Avstraliya vurub. Avstraliya hökuməti Sidney və Melburnda iki antisemit hücumun arxasında Tehranın dayandığına dair kəşfiyyat məlumatı aldıqdan sonra İranın səfirini ölkədən qovub. Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Xidməti (ASIO) 2024-cü ildə Sidneydə yəhudi restoranı və Melburndakı sinaqoqda törədilən yanğınların arxasında SEPAH-ın dayandığını təsdiq edən məlumatlar əldə edib. İranın səfirinə və digər üç diplomatik işçiyə ölkəni tərk etmək üçün 7 gün vaxt verən Avstraliya hökuməti Tehrandakı səfirliyini bağlayıb və vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb. Rəsmi Kanberra bu tədbirlərlə yanaşı SEPAH-ı terror təşkilatları siyahısına salacağını açıqlayıb. Qeyd edim ki, teokratik rejimin əsas dayağı olan SEPAH-ı terror təşkilatı kimi tanıyan ölkələrin sayı artmaqdadır. Ən son olaraq ötən ay Belçika Xarici Əlaqələr Komitəsi SEPAH-ı terror təşkilatı elan edib. Avstraliyanın belə qərar verməsi SEPAH-ın “Əl-Kaida” və İŞİD” vəziyyətinə düşməsini sürətləndirir. Bu isə o deməkdir ki, SEPAH-a qarşı hərbi əməliyyatlar ligitimləşməyə başlayır.
SEPAH ətrafında yaranan vəziyyət isə İran qarşı növbəti, həm də daha geniş hərbi əməliyyatlar üçün ABŞ-ın razılığını almağa çalışan İsrailin işini asanlaşdıracaq. Avqust ayının sonuna kimi Böyük Britaniya, Fransa və Almaniya ilə aparılan danışıqlarda irəlilləyiş İran sərt iqtisadi sanksiyalarla yanaşı hərbi müdaxiləyə də hazır olmalıdır.
İranı gözləyən fəlakətlərdən yayındırmağa çalışan Prezident Məsud Pezeşkianın tərəfdarı olan “İslahat Cəbhəsi” fraksiyası bəyanatla çıxış edərək, ölkənin idarəçiliyində dəyişikliklərə çağrırıblar. “İslahat Cəbhəsi” sanksiyaların ləğvi müqabilində nüvə proqramının dayandırılması, bütün siyasi məhbusların azad edilməsi, qadınlar üçün məcburi olan dini geyim qaydasının ləğvi və Yaxın Şərq üçün sülh planının tanınmasını istəyiblər. İslahatçılar SEPAH-ın dövlət strukturundan çıxarılması, bu təşkilatın İranın daxili və xarici siyasətinə təsirini ləğv etməyi də təklif ediblər. Bu təkliflər İranın son şansıdır.
Lakin bu təkliflərin gerçəkləşmə ehtimalı çox azdır. Belə ki, dini rəhbər Əli Xamneyinin tərəfdarları “İslahat Cəbhəsi”ni Qərblə əlbir olmaqda ittiham edib. SEPAH-a bağlı Fars xəbər agentliyi “Islahat Cəbhəsi”nin təklifini “xarici düşmənlərə təslim olma xartiyası” adlandırıb. Radikallar artıq Prezident Məsud Pezeşkianın istefaya göndərilməsinə çağrışları ilə də çıxış etməyə başlayıblar.
İran xaricində və daxilində gərginlik partlayış həddinə çatmaqdadır. Bu elə bir mərhələdir ki, İran cəmiyyətini təşkil edən bütün xalqlar kimi Azərbaycan türkləri də yalnız özlərinin, Güney Azərbaycanın gələcəyi haqqında düşünmək məcburiyyətindədirlər. Yaranmış vəziyyət “Dərbənd İttifaqı”nın yaranmasını həyati əhəmiyyətli məsələyə çevirməkdədir. “Dərbənd İttifaqı” güneyli-quzeyli 50 milyonluq Azərbaycanı birləşdirərək 200 illik əsarət və zülmə son qoyaraq böyük bir xalqın istiqlal və istiqbalına çevrilməlidir.