XAMENEİ ÜÇÜN ÖLÜM-QALIM SAVAŞI... – O, Trampın hədəsinə niyə ”döyüş yeni başlayır” cavabını verdi?

“Geriyə yol yoxdur” faktoru İran rejiminin müqavimət hissini artırır
İsrail-İran müharibəsi getdikcə yeni rəng alaraq daha da dramatikləşir. Hər iki tərəf bir-birini hədələyərək, həqiqi məqsədlərini artıq açıq şəkildə ortaya qoyurlar.
Yenixeber.org: İsrail ABŞ-nin münaqişəyə qoşulacağına böyük ümid bəsləyir. Amma məsələ ondadır ki, ABŞ Prezidenti Donald Tramp hər gün bir-birini təkzib edən bəyanatlar səsləndirir. Əlbəttə, ola bilər ki, Tramp bunu qəsdən edir. O, əvvəl bildirdi ki, ABŞ bu müharibəyə qarışmayacaq, sonra isə İranı nüvə silahından imtina etməyə çağırdı. İndi də deyir ki, İranın ali dini lideri Xameneinin harada gizləndiyini bilirik və o, bizim üçün asan hədəfdir, onu öldürmək istəmirik, amma səbrimiz də tükənir. Ona görə də Xameneini qeyd-şərtsiz təslim olmağa çağırır.
Əgər İranın ali dini rəhbəri kapitulyasiyaya getsə, o zaman böyük ehtimalla rejimin çöküşü qaçılmaz olacaq. Bu isə nəinki sadəcə rejim dəyişkliyinə gətirib çıxaracaq, eyni zamanda bütün ali ruhanilərin və onları dəstəkləyən “SEPAH” və “Bəsic” üzvlərinin həyatda qalmasını sual altına alır. Çünki İranda baş vermiş kütləvi etirazlar zamanı törədilmiş represiyyalar unudulmayıb və qisas hissi ilə yaşayan böyük bir kütlə var. Deyilənlərə bariz nümunə kimi bir neçə gün əvvəl İranın tanınmış futbolçusu Əli Kəriminin mövqeyini göstərmək olar.
O, yazıb: ”İndi siz öz axmaq hərəkətlərinizin ucbatından dalana dirəndiyiniz bir vaxtda xalqa müraciət etməyin. İsrailin hücumu sizin 46 illik qanunsuzluğunuzun, vəhşiliyinizin, quldurluğunuzun hesabıdır. Bu hesabı siz və sizin ətrafınızdakı quldurlar ödəməlidir, İranın və iranlıların əsl düşməni sizsiniz”.
Beləliklə, rejimin geriyə yolu yoxdur, elə bu səbəbdən də Xamenei Trampın sözlərini cavabsız qoya bilməzdi. Ali lider sosial mediada İsrailə və ABŞ-yə təhdidlər yağdıraraq, ”Döyüş yeni başlayır” mesajını yollayıb.

Geostrateji baxımdan Avrasiyada mühüm mövqedə yerləşən İranın yaxın 46 illik tarixinə qısa nəzər yetirmədən baş verən proseslərin mahiyyətinə varmaq çətindir. İslam inqilabının necə və hansı səbəblərdən baş verməsini, güclü xəfiyyəyə malik şahın Xomeyni tərəfdarları qarşısında niyə duruş gətirə bilməməsini bir kənara qoyaq və diqqətlərimizi inqilabdan sonrakı proseslərə yönəldək.
İran 1979-cu il inqilabından sonra İslam dininin Yaxın Şərqdəki təəssübkeşi və müdafiəçisi olacağını bəyan etdi. İrandakı klerikallar İslam dünyasında önə çıxmaq üçün soyqrıma məruz qalan fələstinlilərin haqlarının carçısı kimi çıxış etməyə qərar verdilər. Teokratik rejim daxildə hakimiyyətini gücləndirmək və kütləni ətrafında pərçimləmək üçün haqq-ədalət və ictimai bərabərlik şüarları ilə yanaşı, mütləq özünə bir düşmən də tapmalıydı. İran-İraq müharibəsi bitəndən sonra İran bu kontekstdə Fələstin məsələsi ilə bağlı İsrailə qarşı mübarizəyə girişdi və onu düşmən elan etdi.
İran həmişə bildirib ki, sionistlər Yer üzündən silinməlidir ki, müsəlmanlar rahat yaşasın. Ancaq İran yəhudi xalqına qarşı heç bir pis niyyət bəsləmədiyini də bəyan edib. Söz yox ki, təkcə bununla kifayətlənmək olmazdı, İran daha böyük masada oynamalı, onun dini rəhbərlərinin “misilsiz fəaliyyətləri” dünyanı imperializm caynağından qurtarmalıydı.

İran ölkənin bütün potensialını “qlobal imperializmin lokomotivi və böyük şər qüvvə” adlandırdığı ABŞ-nin Yaxın Şərq maraqlarına qarşı yönəltmək qəraına gəldi. Məsələ təkcə sözlərlə yekunlaşmamalıydı və konkret əməli fəaliyyətə keçilməliydi. Bunun üçün regionda proksi hərbi qüvvələr yaratmaq və onları silahlandırmaq lazımıydı. İran Livanda “Hizbullah”ı, Yəməndə husiləri silah-sursat, təlimatçı və böyük maliyyə ilə təmin etdi.
İranın dini-siyasi komandası onu da başa düşürdü ki, ABŞ ilə təkbaşına mübarizə aparmaq dikbaşlıqdır və qlobal müstəvidə iri çəkili müttəfiqlərə ehtiyac var. Ali dini rəhbər Əli Xameneidən birbaşa təlimat alan İran diplomatiyası Rusiya ilə intensiv yaxınlaşma siyasəti yürütməyə başladı. Suriyada Rusiya ilə birgə işbirliyindən məmnun qalan İran Kremlin Ukraynaya qarşı təcavüzünü dəstəklədi.
İran hər vəchlə Çini müttəfiq kimi Yaxın Şərqdəkı münaqişələrdə iştiraka təhrik etdi, lakin Çin Tehrana “Bir yol, bir zolaq” layihəsi çərçivəsində yeni infrastrukturlar yaradılması üçün 400 milyard dollar vəd etməklə, hərbi münaqişələrdən yan keçməyi üstün tutdu. Düzdür, İran Çindən hərbi təyinatlı xeyli avadanlıq və texniki təchizat materialları alıb, amma bu, hərbi ittifaq yox, sadəcə, ticarətdir. Ümimiyyətlə, İran bu illər ərzində uranın zənginləşdirilməsi ilə yanaşı, müxtəlif atəş gücünə malik olan xeyli ballistik raket istehsal edib. Həmin silah arsenalına tam arxayın olan Xamenei və digər yükəsk vəzifəli şəxslər ABŞ-yə meydan oxumağa başlamışdı.
İranın Yaxın Şərqdəki və qlobal çapdakı strategiyasının yekunu ondan ibarətdir ki, o, şiə doktrinasını yaya bilmədi, ”Hizbullah” və “HƏMAS” praktiki olaraq müqavimət göstərmək gücündə deyil, Suriya itirilib, husilər ağır bombardman altındadır, ABŞ isə regionun hər tərəfində hərbi bazalar qurub. İranın nüvə silahı üçün vacib olan strukturlarının bir qismi artıq dağıdılıb, ölkənin hərbi sənayesi və mülki istehsal obyektləri İsrail tərəfindən mütəmadi hücuma məruz qalır və s.
Xarici strateji tərəfdaşlara gəldikdə isə indiki məqamda İranın ən yaxın dostu olan Rusiya yalnız bəyanatla kifayətlənir. İndi İranın ümidi ancaq illər ərzində topladğı ballistik raketlərə qalıb ki, o da tükənməz deyil. Deməli, İran üçün vəziyyət o qədərdə ürəkaçan deyil və onun gələcəyi Donald Trampın verəcəyi qərardan asılıdır.

Bu müharibədə dönüş yarada biləcək ən önəmli faktor İranın ali dini rəhbəri ayatullah Əli Xameneinin öldürülməsi ola bilər. Artıq ABŞ İranın ali dini rəhbərinin təslim olmasını və beləliklə də, teokratik sistemin çökməsini istəyir. İranın yer altındakı nüvə obyektlərini tam məhv etmək üçün ABŞ-nin iştirakına zərurət yaranıb və Tramp ilk günlərdən fərqli olaraq, neytral qalmayacağını bəyan edir.
İsrail İran səmasında nə qədər sərbəst hərəkət etsə də, onun öz ərazisi də sarsıdıcı zərbələrə məruz qalır. İranın ballistik raketləri “Dəmir qübbə”ni yarmağa müvəffəq olub. Müharibə göstərdi ki, İran ballistik raketlərin hazırlanması texnologiyasında xeyli irəli gedib.

Bəs, hadisələrın dimanikası nəyi göstərir? İran rəhbərliyi təzyiqlərə nə qədər tab gətirə bilər? Əli Xamenei üçün daha bir qorxulu ssenari daxildəki elitanın və narazı kütlənin rejimə qarşı etirazlara qalxmasıdır. Bunun baş verməsi üçün isə təşkilatçı olmalıdır, çünki təkansız spontan heç nə olmur. İndiki şəraitdə etirazların baş tutması üçün bütün vacib faktorlar üst-üstə düşməlidir.Ancaq belə bir şərait görünmür. Qəzzada törətdiyi qətliamlara görə dünya ictimaiyyəti tərəfindən ittihamlara məruz qalan, Beynəlxalq Cinayət Məhkəməsinin hərbi cinayətlər törətməkdə ittiham edərək həbs olunmasına order verdiyi İsrail hökumətinin başçısı Binyamin Netanyahunun İran xalqına müraciəti isə əks effekt verə bilər. Bu, xarici düşmənə qarşı İran daxilində birliyi gücləındirə bilər.
İran hakimiyyəti də bundan istifadə edərək müqaviməti artıracaq. Xeyli sayda generalın öldürülməsinə baxmayaraq, İran hakimiyyəti dirəniş göstərəcək, çünki onların əllərində xeyli miqdarda ballistik raket var. Bu raketlər bitməyənəcən və ya onların atəş imkanları susdurulmayınca müharibə sürəcək. Çünki “geriyə yol yoxdur” faktoru müqavimət hissini artırır və özünüqoruma instinktini işə salır...(Azpolitika)
Vaqif Nəsibov