“LAVROV İNDİ BİZƏ “DİŞ QICAYIR”, ÇÜNKİ...” –“Guya biz bilmirik ki, bu situasiyanı kim idarə edir?!”

Ramiz Yunus: “Onlar rus əsgərlərini Qarabağdan qovmağımızı bizə bağışlaya bilmirlər”
“Medinskinin vəzifəsi təlxəklikdir…”
Tanınmış azərbaycanlı politoloq Ramiz Yunus Vladimir Putinin köməkçisi Vladimir Medinskinin Qarabağı “mübahisəli ərazi” adlandırmasına tanınmış ukraynalı jurnalist Alyona Kurbanovanın efirində münasibət bildirib.
Yenixeber.org: R.Yunus öncə Rusiya XİN sözçüsü Mariya Zaxarovanın guya Azərbaycan tərəfinin Medinskinin sözlərini “kontekstdən çıxardığı” barədə açıqalmasını cəfəngiyyat adlandırıb.
Yunus xatırladıb ki, Mariya Zaxarovanın nə deməsindən asılı olmayaraq, Azərbaycan-Rusiya münasibətləri hazırda çox mürəkkəb dövrünü yaşayır və bunda Azərbaycanın sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması, bundan sonra isə bu günə qədər Moskvanın adekvat tədbirlər görməməsi, hələ də üzr istəməməsi, günahkarların məsuliyyətə cəlb edilməməsi və s. kimi faktorların da rolu var.
Politoloq Putinin köməkçisi Medinskininsə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini “Dmitri Medvedev kimi təlxək olduğunu” qeyd edib: “Cənab Medinski, hansı mübahisəli ərazidən danışırsan? Bu, Azərbaycanın beynəlxalq birlik tərəfindən rəsmən tanınan ərazisidir və Rusiya tərəfindən də hələ 1991-ci ildə bu cür tanınıb! Baxmayaraq ki, Ermənistanın onu işğal etməsinə kömək etmisiniz. İndi də o sizin boğanızda sümük kimi qalıb, çünki biz sizin əsgərlərinizi də oradan qovduq! İndi bunu bizə bağışlaya bilmirsiniz…”
Yunus Qarabağın Krım və Donbasla müqayisə edilməsinin həyasızlıq olduğunu bildirib və Azərbaycan XİN-in Medinskinin timsalında Rusiyaya cavabını “şillə” adlandırıb.
Bununla yanaşı, qeyd edib ki, Krım yarımadası başda olmaqla işğal olunan Ukrayna əraziləri də dünyanın heç bir dövləti tərəfindən Rusiya ərazisi kimi tanınmayıb: “Bunlar da mübahisəli ərazilər deyil, Ukrayna torpaqlarıdır. Ukraynadakı işğalı da, Birinci Qarabağ Müharibəsindəki işğalı da siz törətmisiniz. Xocalıdakı qətliamı da siz, sizin 366-cı alayınız, Boris Yeltsinin, Qraçovun, Ter-Petrosyanın, Sarqsyanın göstərişilə törədib. Bunlar sizin qoyduğunuz adamlar olub. Elə bilirsiniz biz bunu unutmuşuq, yaxud unudacağıq? 44 günlük müharibənin də hər bir günündə siz İran vasitəsilə Ermənistana silah ötürmüsünüz və Lavrov özü də bunu Ermənistana son səfərində açıq bəyan edib. Lavrov indiyə qədər bunu niyə demirdi? Çünki münasibətlərimiz gərginləşib və indi o, bizə “diş qıcayır”. Baxın, dişiniz sınmasın…”
Yunus qeyd edib ki, bir neçə gün əvvəl eyni vaxtda Lavrovun Ermənistana, Ukrayna XİN başçısınınsa Azərbaycana səfər etməsi təsadüfi deyil. Onun dediyi kimi, Azərbaycan müharibənin davam etdiyi illər ərzində Ukraynanı rəsmi və qeyri-rəsmi səviyyədə hər zaman dəstəkləyib. Buyna baxmayaraq, Ukrayna XİN başçısı bu dövrdə ilk dəfə Azərbaycana səfər edib. Onun dediyinə görə, bunun da Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsilə əlaqəsi var…
Həmçinin, politoloqun qeyd etdiyi kimi, Violodimir Zelenski bu dövrdə müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycan Prezidentilə görüşdüyü qədər heç bir MDB ölkəsi başçısıyla görüşməyib ki, bu da təsadüfi deyil və Azərbaycanın Ukraynaya göstərdiyi dəstəkdən irəli gəlir.
Medinskinin dediklərinə gəlincə, onu həm də “idiot” adlandıran Yunus əlavə edib ki, Putinin köməkçisinin Qarabağla bağlı dedikləri özünün şəxsi yox, Kremlin mövqeyidir: “Daha doğrusu, Kremlin “qüllələrindən birinin” mövqeyidir. Rusiya XİN və Zaxarovanın aid olduğu digər “Kreml qülləsi” isə Medinskinin dediklərini malalamağa çalışır. Guya biz bunların oyununu anlamırıq və bilmirik ki, bu situasiyanı kim idarə edir?! Jirinovski kimi Medvedev və Medinskinin də vəzifəsi təlxəklikdir. Lakin onlar öz sözlərini yox, Kremlin sözünü deyirlər”.
Sonda Yunus qeyd edib ki, Rusiyanın nə deməsindən, öz konstitusiyasında nə yazmasından asılı olmayaraq, Qarabağ Azərbaycandır, Krım və Donbas isə əvvəl-axır Ukraynaya qayıdacaq.(Azpolitika)
C.Məmmədli