KREML VATİKANA “YOX”, İSTANBULA “HƏ” DEYİR - Putin “buffer zonası” yaradır

ABŞ və Avropa liderləri Rusiya və Ukraynanı sülh danışıqlarına cəlb etmək üçün Vatikana ümid bağlayır. Donald Trampın yeni Papanın bu ideyaya maraq göstərdiyini deməsi və İtaliyanın Baş naziri Giorgia Meloninin də bunu təsdiqləməsindən sonra danışıqların Vatikanda keçirilməsi aktuallaşıb. Lakin Kreml Vladimir Putinin danışıqlar üçün Vatikana getməsində maraqlı deyil.
Yenixeber.org: “Bloomberg”-in məlumatında belə deyilir.
Nəşrin mənbələrinə görə, Putin danışıqlar üçün Vatikana və ya başqa yerə səfər etməyi planlaşdırmır, bunun əvəzinə keçən həftə İstanbulda başlayan texniki səviyyəli danışıqların davamına diqqət yetirir. Eyni zamanda, Kreml bu danışıqların məhz İstanbulda bərpa olunacağını gözləyir.
Bununla belə, Avropa rəsmiləri tərəfindən Vatikanın danışıqlarda potensial ev sahibi və ya vasitəçi rolunun müzakirə edildiyi deyilir. Danışıqlar gələn həftə baş tuta bilər və bu, indi daha çox Rusiyanın onlarda nə dərəcədə iştirak etmək istəyindən asılıdır.
Nəşrin mənbələrinə görə, ABŞ nümayəndələri danışıqların baş tutmasını təmin etmək üçün ukraynalılarla əlaqə saxlayır. Yazıda o da qeyd olunur ki, amerikalılar rusiyalı həmkarlarına danışıqlara Putinin köməkçisi Vladimir Medinski kimi sərt xətt tərəfdarlarının iştirakının arzuolunmaz olduğu barədə siqnal verirlər.
Kremlə yaxın politoloq Sergey Markov qeyd edir ki, Putin təhlükəsizlik baxımından NATO üzvü olan İtaliyaya səfər etməyəcək. Həmçinin, Rusiya münaqişədə Vatikanı neytral hesab etmir.
Məsələni Putinin və Ukraynadakı müharibənin qızğın tərəfdarı olan Patriarx Kirilin rəhbərlik etdiyi Rus Pravoslav Kilsəsi ilə Roma Katolik Kilsəsi arasındakı münasibətlər daha da mürəkkəbləşdirir: “Mənbələrə görə, rus kilsəsi Vatikanın Ukraynadakı tarixi rəqibi hesab edərək onun sülh danışıqlarında iştirakına qarşı çıxır”.

İtaliya həm də Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür. Bu məhkəmə isə 2023-cü ilin martında Ukraynada hərbi cinayətlər törətməkdə ittiham olunan Putinin həbsinə order verib. Bu baxımdan İtaliya tərəfi Putin Romaya gəlsə, onu həbs etməyə borclu olacaq: "Bütün bu maneələr aradan qaldırılsa belə, danışıqlar hələ də Tramp, Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında müharibəyə son qoymaq üçün saziş imzalanmasından çox uzaqdır. Eyni zamanda, Kremlə yaxın üç şəxsin fikrincə, Rusiya Putinin Trampla görüşü zamanı müzakirə etdiyi sülh memorandumu üzrə danışıqları davam etdirmək üçün ən yaxşı yer kimi Türkiyəni görür”.
Lakin qeyd edək ki, bütün bu danışıqlar imitasiyası fonunda müharibənin tezliklə bitəcəyi və Rusiyanın bunda maraqlı olduğuna dair heç bir real işarə yoxdur. Əksinə, Vladimir Putin ötən gün Rusiya-Ukrayna sərhədində “bufer zonası” yaradılması barədə qərar verib. Bunu şəxsən elan edən Rusiya başçısı artıq məsələ ilə bağlı hərbçilərə tapşırıqlar verildiyini deyib. Bu, o deməkdir Rusiya qoşunları əsas etibarilə Ukraynanın Xarkov, Sumı və Çerniqov vilayətlərinə qarşı yeni ərazi iddiaları irəli sürür və bunu “bufer zonası” adı ilə “legitimləşdirmək” istəyir.
Xatırladaq ki, vaxtilə erməni işğalı zamanı da Ermənistan Azərbaycanın Qarabağ ətrafındakı bir neçə rayonunun işğalını da “bufer zonası” adı ilə legitimləşdirməyə çalışırdı...
Artıq yuxarıda qeyd edilən Ukrayna vilayətləri istiqamətində rus ordusunun aktivləşdiyi və hücum əməliyyatları həyata keçirməyə başladığı barədə məlumatlar var. Bu istiqamətdə Rusiyanın xeyli hərbi texnika və canlı qüvvə topladığı və buradakı qruplaşmasını azı iki dəfəyədək artırdığı bildirilir.
Putinin “bufer zonası” adı altında açıq yeni işğal bəyanatı əlbəttə ki, Trampın “Putin müharibəni bitirmək istəyir” şüarı ilə tam ziddiyyət təşkil edir və bir daha Rusiyanın əsas məqəsdinin sadəcə, danışıqların imitasiyasını yaratmaq, buna paralel olaraq isə Ukraynanın işğalını və bu dövlətin potensialını tükəndirməyə yönələn üzücü müharibəni davam etdirmək olduğunu təsdiqləyir. Tramp isə özünün ziddiyyətli və məntiqsiz siyasəti ilə bu işdə hələlik Kremlin əlində bir vasitə kimi görünür.(Azpolitika)