Baş tutan səfərin pərdəarxası –Əsl səbəb nə idi?

Azərbaycan müxtəlif qüvvələrin ziddiyyətli siyasi maraqlarının mərkəzində
Yenixeber.org: Aprelin 28-də İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri baş tutub. Onu birinci vitse-prezident Məhəmmədrza Arif, İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə İcra Aparatının rəhbər müavini Möhsün Komi və bir qrup hökumət rəsmisi müşayiət edib.
IRNA agentliyinin məlumatına görə, Pezeşkian Bakıya yola düşməzdən öncə bildirib ki, İran və Azərbaycan arasında əməkdaşlıq üçün yaxşı imkanlar, şərait və potensial mövcuddur. O, qeyd edib ki, tərəflər ticarət, elm, iqtisadiyyat və İran, Azərbaycan və Rusiya arasında tranzit dəhlizləri məsələlərini müzakirə edəcəklər.
Prezident əlavə edib ki, bu səfər çərçivəsində İranın iş adamları, sənayeçiləri və alimləri azərbaycanlı həmkarları ilə danışıqlar aparacaq və tərəflər əməkdaşlığın genişləndirilməsi üçün səy göstərəcəklər.
“İran və Azərbaycan arasında dərin tarixi və mədəni əlaqələr var. Ümid edirəm ki, bu cür səfərlər ölkələrimizin bütün sahələrdə inkişafına və tərəqqisinə töhfə verəcək, bizə təcrübə mübadiləsi aparmaq imkanı yaradacaq. Ümid edirik ki, bu səfər zamanı biz ticarət və iqtisadiyyat sahəsində təcrübə mübadiləsi aparıb birgə investisiyalar reallaşdıracağıq. Biz artıq birgə tranzit dəhlizlərinə sərmayə qoymuşuq və ümid edirik ki, bu əlaqələr və dostluq münasibətləri hər iki ölkənin inkişafına və tərəqqisinə xidmət edəcək”, – deyə İran Prezidenti bildirib.
Bakıya çatdıqdan sonra Məsud Pəzeşkiyanın rəsmi qarşılanma mərasimi keçirilib.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti arasında məhdud tərkibdə görüş olub. Ardınca geniş tərkibdə görüş baş tutub.
İran və Azərbaycan nümayəndə heyətlərinin birgə iclasında Pəzeşkiyan bəyan edib ki, Qarabağ Azərbaycana məxsusdur və bu prinsipə hörmətlə yanaşdıqlarını vurğulayıb.
“Biz əminik ki, Azərbaycan xalqının hüquqları qorunmalıdır və Qarabağ Azərbaycana məxsusdur. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz buna hörmət edirik”, – deyə Pəzeşkiyan bildirib.
O həmçinin qeyd edib ki, bu səfər və İran nümayəndələrinin danışıqlarda iştirakı iki ölkə arasında əlaqələrin, birliyin və həmrəyliyin möhkəmləndirilməsinə yönəlib.
Prezidentlərin iştirakı ilə ölkələr arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib.
Prezident İlham Əliyev bəyan edib ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri ölkələr arasındakı yüksək səviyyəli münasibətlərin göstəricisidir.
“Xalqlarımız əsrlərdir dostluq və qardaşlıq şəraitində yaşayıb. Bu möhkəm təməl üzərində bu gün dövlətlərarası münasibətlərimiz inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri münasibətlərimizin yüksək səviyyəsinin təzahürüdür”, – deyə Əliyev İran Prezidenti ilə birgə bəyanat zamanı bildirib.
İran Prezidenti isə çıxışında deyib: “Mən Azərbaycanda özümü yad hiss etmirəm, burda özümü Təbrizdə və ya Ərdəbildəki kimi hiss edirəm”.
İran mediasının yaydığı məlumata görə, Pezeşkian Azərbaycanda daha çox qala bilmədiyinə görə təəssüfünü bildirib və İranda baş verən hadisələrlə əlaqədar təcili qayıtmalı olduğunu qeyd edib.
Bununla belə, İran Prezidenti tezliklə yenidən Azərbaycana səfər edəcəyinə söz verib: “Çox yaxın zamanda qardaşım İlham Əliyevlə yenidən görüşəcəyik”.
O qeyd edib ki, ölkələr bir çox məsələdə bir-birinin təcrübəsini öyrənə bilər. “Mədəniyyət, inanc, düşüncə, siyasət və proqramlar baxımından bu regionda ortaq cəhətlərimiz çoxdur və biz bununla fəxr edirik. Əlaqələrimizi fəal şəkildə davam etdirməyə çalışacağıq. Biz bir çox sahədə bir-birimizin təcrübəsini öyrənə bilərik”, – deyə İran Prezidenti vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan-İran biznes forumunda çıxışı zamanı bildirib ki, bu səfər çərçivəsində əldə olunan razılaşmalar və imzalanan sənədlər İran-Azərbaycan dostluq və qardaşlığının daha bir təsdiqidir. “Bu rəsmi səfərin çox yaxşı siyasi nəticələri var”, – deyə o bildirib.
O, imzalanan sənədlər arasında Prezidentlərin Birgə Bəyanatını xüsusilə qeyd edib: “Bu, gələcək əməkdaşlığımız üçün bizə yol göstərən çox ciddi sənəddir”.
Onun sözlərinə görə, Azərbaycan və İran eyni zamanda mühüm beynəlxalq layihələrdə iştirak edir, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi üzrə sıx əməkdaşlıq edirlər.
“Biz istəyirik ki, bu sadəcə nəqliyyat dəhlizi olmasın, yol boyunca həm Azərbaycanda, həm də İranda yeni biznes və sənaye müəssisələrinin yaranması üçün imkanlar yaratsın”, – deyə prezident vurğulayıb.
Əliyev bildirib ki, Azərbaycanda dövlət xətti ilə bir çox infrastruktur layihələri icra olunur. “Biz İran şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət edirik”.
“Dəmir yolları, avtomobil yolları, kommunikasiya xətləri, elektrik xətləri – bütün bu layihələr bu gün bizim əsas gündəliyimizdədir”, – deyə o əlavə edib.
Prezident qeyd edib ki, Araz dəhlizi layihəsi regionda və dünyada böyük maraq doğurur. “Bu layihə ətrafında müxtəlif ehtimallar, söz-söhbətlər gəzir. Əslində buna heç bir əsas yoxdur. Çünki bu sadəcə yeni nəqliyyat layihəsidir”.
Prezident əlavə edib ki, bu layihə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirəcək və geniş tranzit imkanları yaradacaq.
Pezeşkian isə bildirib: “Hazırda dəhlizlərin və avtomobil yollarının, həmçinin Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin keçidi məsələsində Azərbaycan və İran əslində, nəqliyyat marşrutlarının keçə biləcəyi bir qovşaqdır”.
“Əlbəttə ki, Azərbaycan və İran – bu ticarət, elmi biliklər, təcrübə və texnologiyaların mübadiləsi məkanıdır”, – deyə İran Prezidenti əlavə edib.
O vurğulayıb: “Universitetlərimiz bir-biri ilə əlaqə saxlaya bilər, elm, mədəniyyət və texnologiya sahəsində təcrübə və bilik mübadiləsi apara bilər”.
“Bizim iş adamlarımız, sənətkarlarımız istehsal etdikləri məhsulları, bacarıqları və region üçün lazım olan malları mübadilə edə bilərlər. Bu regionda mövcud bazar bütün dünyanın ehtiyaclarını ödəyə bilər. Bu, Azərbaycan, İran, Pakistan və Əfqanıstan üçün bazardır”, – deyə Pezeşkian əlavə edib.
O vurğulayıb: “Biz bu regionda sülh, təhlükəsizlik və rifah məkanı yarada bilərik”.
Prezident Məsud Pezeşkian Prezident İlham Əliyevlə bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını bəyan edərək bildirib: “İran və Azərbaycan Şərq və Qərbi, Şimal və Cənubu birləşdirən qovşaq ola bilərlər. Bizim belə bir coğrafi mövqeyimiz var ki, bu rabitəni yarada bilərik”.
Bakıdakı səfəri zamanı günün sonuna qədər İran Prezidenti bir neçə digər məkanı da ziyarət edib və axşam Tehrana qayıdıb.
Aydındır ki, bu səfərin mahiyyəti tamamilə işgüzardır. Bütün razılaşmalar və bəyanatlar qonşu dövlətlərin həyatının müxtəlif sahələrində əməkdaşlığa aiddir.
Bununla belə, ortaya sual çıxır: Bakı görüşləri və Pezeşkianın bəyanatlarının tonallığı İran-Azərbaycan münasibətlərinin real və tam yaxşılaşmasına ümid üçün əsas verirmi? Bu ehtimal nə qədərdir? Yoxsa bu səfəri sadəcə qonşuluq və protokol səfəri adlandırmaq olar?
Suallarımıza politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu cavab verib.
“Səfərin məqsədi, vəzifələri, əldə olunan razılaşmalar barədə əlimizdə olan məlumata əsasən belə demək olar: hər şey kifayət qədər protokol xarakteri daşıyır. Yəni, əslində yeni heç nə yoxdur. Kommunikasiyaların açılması, iqtisadi əlaqələrin yaxşılaşdırılması və artıq 10-15 ildir ki, aparılan tanış danışıqlar.
Lakin bu müddət ərzində İran tərəfi Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi sayılan Astarayla Rəşt arasında dəmir yolu xəttinin açılmasına xüsusi maraq göstərməyib. Eyni zamanda, İran açıq şəkildə Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. Hətta Azərbaycanla Naxçıvan arasında İran ərazisindən kommunikasiya qurulmasına məmnuniyyətlə şərait yaradır. Bütün bunlar nə deməkdir?
Bu o deməkdir ki, Bakıda aparılan danışıqlar, daha doğrusu, danışıqlarda toxunulan mövzular kifayət qədər formal və yuxarıda da qeyd etdiyim kimi, protokol xarakteri daşıyır”, – deyə araşdırmaçı bildirib.
Onun sözlərinə görə, bu mənzərənin arxasında İran tərəfi üçün daha ciddi məqsəd dayanır.
“Bu da Azərbaycanın İrana qarşı loyal münasibətini təmin etməkdir. Bu, indi Tehran üçün son dərəcə vacibdir. Çünki İran ətrafındakı halqa daralır. Hazırda ABŞ-la İran arasında nüvə proqramı ilə bağlı danışıqlar gedir. Və biz görürük ki, bu prosesin normallaşmasında bütün tərəflər maraqlı deyil. Bəs niyə maraqlı deyillər? Çünki düşünürəm ki, İran və ABŞ sonda nüvə proqramı ilə bağlı müəyyən razılaşmaya gələcəklər. Hər iki tərəf öz siyasətini davam etdirəcək: İran uranın zənginləşdirilməsini, ABŞ isə bu razılaşmalardan ilk növbədə iqtisadi dividendlər qazanmağı.
Bunu İsraildə çox gözəl anlayırlar. Təsadüfi deyil ki, Pezeşkianın Azərbaycana səfəri ilə bağlı xəbər yayıldıqdan dərhal sonra İsrail Baş naziri Netanyahunun da may ayının birinci yarısında Bakıya rəsmi səfər edəcəyi elan olundu.
Bu, guya Azərbaycan vasitəçiliyi ilə İsrail-Türkiyə danışıqlarının təşkil olunacağı adı altında pərdələnir. Əslində isə bu, olduqca primitiv görüntüdür. Fikrimcə, İsrail üçün hazırda ən vacib məsələ İrana qarşı planlarında Azərbaycanın onun tərəfində olmasıdır. İsrailin planının nədən ibarət olduğunu isə bir neçə gün əvvəl verilmiş bəyanat kifayət qədər açıq təsdiqlədi – İsrail heç bir halda İranın nüvə silahına sahib olmasına imkan verməyəcək. Halbuki, İranın artıq bu silaha sahib olduğu ehtimal olunur. Təl-Əvivdə bunu çox gözəl başa düşürlər.
Digər tərəfdən, unutmaq olmaz ki, ölkəni davamlı müharibə vəziyyətində saxlamaq Netanyahunun marağındadır. İsrail HƏMAS-ın bir il yarım əvvəlki hücumundan sonra permanent müharibə vəziyyətinə keçib.
Bəs bu fonda nə baş verir?
Suriyanı qarşıdurma meydanı kimi itirən İsrail və İran yeni qarşıdurma məkanı kimi Cənubi Qafqazı görür. Və bu, heç də yaxşı bir şey vəd etmir. Düşünürəm ki, Pezeşkianın və Netanyahunun səfərləri də eyni məqsədi güdür – hər iki tərəf Bakının loyallığını təmin etməyə çalışır. Yəni iranlılar istəyir ki, Azərbaycan heç bir halda İsrailin İrana qarşı planlarının iştirakçısı olmasın. İsrail isə əksinə, Bakını bu planlara cəlb etməyə çalışır.
Bu səbəbdən də Pezeşkianın Bakıda səfəri zamanı imzalanan, razılaşdırılan, müzakirə olunan məsələlərə diqqətlə baxsaq, orada yeni heç bir şey olmadığını görərik. Bütün bunlar əvvəllər də olub. Azərbaycan və İran arasında kommunikasiya məsələləri üzrə uzun illərdir danışıqlar aparılır.
Fikrimcə, Cənubi Qafqazdan keçməli olan bu kommunikasiya layihələrinin İranla birbaşa əlaqəsi yoxdur. Xüsusilə də Orta Dəhlizdən danışsaq, onun İrana heç bir aidiyyəti yoxdur. Şimal-Cənub beynəlxalq dəhlizi məsələsində isə suallar çoxdur – ümumiyyətlə, İranın bu layihəyə qoşulmağa ehtiyacı varmı? Çünki İran üçün daha sərfəlisi Şərq-Qərb dəhlizinin bir hissəsi olmaqdır. Bu onun Avropa ilə yaxınlaşmasını, həmçinin Çin və Avropa arasındakı iqtisadi münasibətlərə qoşulmasını təmin edə bilər.
Bu, xüsusilə ABŞ-ın hazırda yürütdüyü izolyasiya siyasəti fonunda İran üçün çox vacibdir.
Düşünürəm ki, İran Mərkəzi Asiya ölkələri ilə Avropa İttifaqı arasında imzalanan son saziş fonunda Çin-Avropa kommunikasiya dəhlizinin öz ərazisindən keçməsinə nail olmağa çalışacaq. Ən qısa yolla – Çin-Mərkəzi Asiya-İran marşrutu ilə, ölkənin cənub limanları – Bəndər-Abbas və Çabahar limanlarına qədər. Belə olan halda isə Cənubi Qafqaz və Orta Dəhliz artıq ikinci dərəcəli, köməkçi kommunikasiya rolunda qalacaq.
Hazırda İran məhz bu oyunu oynayır. Və bu plan tamamilə realdır. Çünki Çinlə İran arasında – xüsusilə İranın cənub limanlarının modernləşdirilməsi və yenidən qurulması istiqamətində – çox yaxın əməkdaşlıq mövcuddur.
Bu baxımdan Bəndər-Abbas limanının yaxınlığında baş vermiş o dəhşətli partlayış da təsadüfi deyil. Mən əlbəttə ki, konspiralogiyaya varmaq istəmirəm, amma bunun sırf təsadüf olduğunu düşünmürəm”, – deyə mərkəz direktoru bildirib.
Onun fikrincə, bütün bu səfərlərin və danışıqların görüntü tərəfi var – kommunikasiya layihələri, iqtisadi əlaqələr barədə əməkdaşlıq görüntüsü. Amma əslində isə pərdə arxasında ciddi siyasi danışıqlar gedir.
“Azərbaycan-İran münasibətlərinin konseptual şəkildə yaxşılaşması isə bir çox amillərdən asılıdır. İlk növbədə Azərbaycanın İsraillə münasibətlərindən. Aydın görünür ki, Bakı bu məsələdə balanslı mövqe tutmağa çalışır. Halbuki, zahirən bu mövqe daha çox İsrail yönlü görünür.
Digər tərəfdən, əgər Azərbaycan İrana sərf edən mövqe tutsa, Tehran bundan öz maraqları naminə, Azərbaycana təsir imkanlarını artırmaq üçün istifadə edəcək. Təsadüfi deyil ki, Pezeşkian Bakıda yalnız İran prezidenti kimi deyil, həm də Azərbaycan əsilli İran prezidenti kimi davranırdı. Azərbaycan dilində danışır, şeirlər oxuyur və s. Bütün bunlar səbəbsiz deyil.
İran hazırda belə bir oyun oynayır. Lakin Azərbaycanla İran arasında münasibətlərin tamamilə ziddiyyətsiz olacağı səviyyəyə çatması mümkün deyil. Birincisi, İran Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu öz milli təhlükəsizliyi üçün təhdid hesab edir. Yəni, bu, İranda separatizmə təhrik kimi qəbul edilir. Rəsmi dairələrdə bu məsələyə necə baxıldığını dəqiq bilmək mümkün deyil. Lakin, hər bir halda, bu təxminən belə qəbul olunur.
İkincisi, Cənubi Qafqazda çoxsaylı və müxtəlif maraqlar toqquşur. Balaca bir region olsa da, burada həm qlobal, həm də regional güclərin maraqları üst-üstə düşür və ya toqquşur.
Bu səbəbdən də İran özü də Azərbaycanla münasibətlərin elə-belə yaxşılaşmasına imkan verməz. Buna nə Türkiyə, nə də Rusiya icazə verər. Biz bilirik ki, Qərb, xüsusilə də Avropa, Ermənistan və Gürcüstan vasitəsilə Cənubi Qafqaza daxil olmağa və burada möhkəmlənməyə çalışır. Çin isə dediyim kimi, daha çox Orta Dəhlizdə maraqlıdır.
Çünki Çin heç vaxt bir layihəyə köklənmir. Xüsusilə kommunikasiya, iqtisadi və ticarət əlaqələri sahəsində Çin diversifikasiya strategiyasına üstünlük verir.
Göründüyü kimi, Cənubi Qafqaz bu baxımdan daha çox ziddiyyətli maraqların toqquşduğu regiondur. Halbuki Mərkəzi Asiya həm ərazi, həm də iqtisadi potensial baxımından daha böyük və əhəmiyyətlidir.
Məncə, bütün bu mərkəzlər üçün Azərbaycan daha çox siyasi maraq kəsb edir, nəinki iqtisadi.
İran isə bu kontekstdə daha çox şimal sərhədlərini təminat altına almağı və Cənubi Qafqazda təsir dairəsini genişləndirməyi düşünür”, – deyə Ərəstun Oruclu əminliklə bildirib.(pressklub)
Rauf Orucov