Redaktor seçimi
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
Günün xəbəri

PUTİN VURUR, TRAMP SUSUR... – Dünyanı təhqir edən ABŞ Prezidentindən daha nə gözləmək olar?

Bu, Kreml başçısının növbəti dəfə ABŞ Prezidenti sayılan şəxsi barmağına doladığını bir daha təsdiqlədi...

Rusiyanın daha bir hərbi cinayəti – Ukraynanın Sumı şəhərinin mərkəzinə dünən endirdiyi raket zərbəsi nəticəsində ikisi uşaq olmaqla 34 nəfər həlak olub. Raketlər şəhərin tam mərkəzinə, dinc əhalinin sıx olduğu əraziyə atılıb. İkinci raket isə, birinci partlayışdan sonra hadisə yerinə toplaşan insanların hədəfə alınması məqsədilə göndərilib. Bu üsuldan adətən terrorçular istifadə edir...

Yenixeber.org: bir neçə gün əvvəl eyni üsulla Krıvoy Roq şəhəri vurulmuş, orada 18 dinc sakin, o cümlədən 9 uşaq həyatını itirmişdi.

Bütün bunlar baş verərkən, Ukraynanı ümidləndirib ortada qoyan ABŞ özünü heç nə baş verməmiş kimi aparır. ABŞ Dövlət katibi Mark Rubionun bu qanlı terror aktına reaksiyası sadəcə bu olub: “Bu, Prezident Tramp və onun administrasiyasının bu müharibəyə son qoymaq və davamlı sülhə nail olmaq üçün niyə bu qədər vaxt və səy sərf etdiklərinin faciəvi bir xatırlatmasıdır”. Vəssalam!

Trampın xüsusi nümayəndələrindən biri – Ukraynanın, İkinci Dünya müharibəsindən sonra Berlinin bölüşdürüldüyü kimi, bölüşdürülməsini təklif edən Keyt Kelloq isə sadəcə “Rusiya bütün ədəb xətlərini keçib” deməklə kifayətlənib. Yəni, Rusiya hərbi cinayət, qətliam törətmir, sadəcə “ədəbsizlik edir”...

Tramp özü isə həmin gün özünə aid qolf klubunda onun heykəlinin açılışına qatılıb...

Nəhayət, onu Sumıdakı qətliam barədə suallarla sıxışdıran jurnalistlərə Trampın cavabı belə olub: bunu edənlər “səhv ediblər” və ümumiyyətlə, bu müharibə onun yox, Baydenin müharibəsidir...

Onsuz da Trampın hakimiyyətə qayıdışı beynəlxalq hüququn ayaqlar altına atıldığı bir dövrdə bütün ədalət prinsiplərinin daha da tapdalanacağının siqnalı idi. Lakin vəziyyətin bu qədər mənəviyyatsızlıq, prinsipsizlik, fürsətcillik, hətta əxlaqsızlıq dərəcəsinə çatacağını gözləmək çətin idi.

İndi vəziyyət o həddə çatıb ki, bir zamanlar bütün dünyanın “azad dünyanın lideri”, “əsas sivilizasiya daşıyıcısı” kimi baxdığı ABŞ Prezidenti digər dövlət başçılarını tarifləri artırmaqla şantaj edir və sonra da məmnuniyyətlə bildirir: “Onlar mənim arxamı öpür, yalvarırlar”.

Bu çıxışını izləyən respublikaçı senatorlar və tərəfdarları isə bunu alqışlayır, gülürlər. Hətta bizdəki bəzi siyasi şərhçilər, politoloqlar və siyasətçilər belə özündənrazı, narsist, ziddiyyətli bir şəxsin davranışlarında və sözlərində məntiq və dərin strategiya axtarırlar.

ABŞ-nin başındakı Tramp və trampkimilər nə qədər kobuddurlarsa, yalançı demokratlar da bir o qədər riyakar, ikiüzlü və qorxaqdır. Və dünya da başını, ağlını, reallıq hissini itirmiş bu “mədəniyyət” və “əxlaq” sahiblərindən ədalət və insanlıq gözləyir...

Nə qədər inanmaq istəməsək də, təbiətin özündə belə ədalət yoxdur – zəif olan hər zaman güclü üçün yemdir. Odur ki, ədalət sanki insan tərəfindən uydurulmuş bir anlayışdır. Nə qədər “ilahi ədalət” desələr də, “qeyri-ilahi ədalətsizlik” daha güclüdür – var, möhkəmdir və getdikcə daha da güclənir. Bunu görmək üçün sadəcə dünyada, xüsusilə Ukraynada və Fələstində baş verənlərə baxmaq kifayətdir...

Təəssüf ki, Ukrayna ətrafında baş verənlərdən və böyük dövlətlərin bununla bağlı davranışlarından çıxarıla biləcək yeganə nəticə budur: nüvə silahı olmayan istənilən ölkə, nüvə silahı olan bir dövlət tərəfindən həyasızcasına işğal oluna və sonradan digər nüvə dövlətləri ilə birlikdə bölüşdürülə bilər...

Bu arada Ukraynadakı açıq qətliamlara, terrora susan Tramp, öz “elçisi” Uitkoffun Putinlə görüşündən bir gün sonra Rusiyaya qarşı sanksiyaları uzadan fərman imzaladı. Bu, Uitkoffun Putinlə görüşünün uğursuz olduğunu və gözlənilən nəticə vermədiyini göstərir. Eyni zamanda Kreml başçısının növbəti dəfə ABŞ Prezidenti sayılan şəxsi barmağına doladığını bir daha sübut edir.

Çoxları ümid edirdi ki, anlaşma olacağı təqdirdə Tramp sanksiyaları uzatmayacaq. Amma uzatmaq məcburiyyətində qaldı. Bu da Rusiyaya və Putinə qarşı qəti mövqe sərgilədiyindən deyil. Sadəcə, apardığı mənasız, lakin Rusiyanın işğalını, təcavüzünü, terrorunu legitimləşdirən danışıqlarda əlində bir kart olsun deyə...

Ən maraqlısı isə odur ki, Tramp sanksiyaları uzatmaq barədə fərmanı imzalayarkən, adət etdiyi kimi özünü reklam etmədi, jurnalistləri Ağ Evə toplayaraq pozalar vermədi, saxta gülüşlə baş barmağını göyə qaldıraraq şəkil çəkdirmədi...

Bir sözlə, Putin Rusiyası vurur – beynəlxalq hüququ, bəşəri dəyərləri, ədalətə və insanlığa olan inamı vurur. ABŞ və Tramp isə susur...

Yəqin ki, Tramp ABŞ Prezidenti olduğu müddətcə, ABŞ-nin Oriqon ştatından olan məşhur senator Ceff Merklinin Konqresdə verdiyi sual aktual olaraq qalacaq: “Mən təsəvvür edə bilmirəm ki, o (Tramp) Rusiya agenti olsaydı, Rusiya üçün daha artıq nə edə bilərdi? Hansısa Rusiya agenti daha nə edə bilərdi ki, bunu Tramp indiyə qədər etməyib?”(Azpolitika)

Cəlal Məmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam