Prezident Volodimir Zelenski Tramp-Putin sövdələşməsini tanımadı, ABŞ-Ukrayna münasibətlərində dərin böhranın qaçılmaz olduğu artıq qətiyyən şübhə doğurmur... İndi Rusiya xofu keçirən, ABŞ-ın isə qorxan Avropa Birliyi bir az cəsarətli olsa, Ukraynaya dəstəyi davam etdirsə, "Tramp-Putin planı" iflasa uğrayar...
Yenixeber.org: Ukrayna savaşı qlobal məkana da keçid edib. Belə ki, Rusiyanın başlatdığı bu müharibə dünyada yeni qarşıdurma istiqamətləri yaratmağa başlayıb. Halbuki, buna qədər yalnız iki tərəf - Ukraynanı dəstəkləyən kollektiv Qərb və Rusiya mövcud idi. Ancaq indi kollektiv Qərb parçalanıb. Ukraynanın əsas müdafiəçiləri sırasında olan ABŞ kollektiv Qərbdən uzaqlaşıb və ənənəvi müttəfiqlərinə qarşı yeni cəbhə açıb. Və bu baxımdan, ABŞ indi Ukraynanın deyil, məhz Rusiyanın müttəfiqinə çevrilmiş kimi görünür.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri Ağ Evin qurduğu bütün geopolitik oyunları ifşa etmiş oldu. Üstəlik, bu səfər Tramp adminstrasiyasının yaxın gələcəyə yönəlik planlarını da böyük risk altına saldı. Hər halda, Ağ Evin bundan sonra öz hədəflərinə düşünüldüyü qədər asan nail ola biləcəyi hazırda elə də inandırıcı görünmür. Və belə vəziyyətin Tramp adminstrasiyası daxilində əsəb gərginliyinə yol açdığı da açıq-aşkar nəzərə çarpır.
Məsələ ondadır ki, prezident Volodimir Zelenskinin Ağ Evə gəlişi ərəfəsində ABŞ lideri Donald Tramp Ukraynaya münasibətdə qeyri-etik açıqlamalar vermişdi. Rusiyanın işğalına məruz qalmış Ukraynanın prezidenti "diktator" və qeyri-legitim dövlət başçısı adlandırılmışdı. Eyni zamanda, Ağ Ev sahibi Ukraynaya heç bir təhlükəsizlik təminatı verilmədən bu ölkənin zəngin təbii sərvətlərini ələ keçirmək niyyətini biruzə vermişdi. Və prezident Volodimir Zelenskidən də məhz hətta Ağ Ev sahibi Donald Trampın dostu, Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun belə, "talançılıq sazişi" adlandırdığı sənədi imzalamaq tələb edilirdi.
Ancaq hər şey Ağ Evin planlarının əksinə inkişaf etmiş oldu. Belə ki, prezident Volodimir Zelenski Ağ Ev sahibi ilə görüşdən əvvəl Ukraynanın əleyhinə olan heç bir sənədə imza atmayacağını vurğulamışdı. Bu isə Tramp adminstrasiyası daxilində olduqca ciddi gərginlik yaratmışdı. Üstəlik, bu gərginlik Tramp-Zelenski görüşündə çox skandal məzmunda ortaya çıxdı. Və həm prezident Donald Trampın, həm də ABŞ-ın bütün dünyada rəzil olduğu indi qətiyyən şübhə doğurmur.
Ağ Evdə prezidentlərin - Donald Tramp və Volodimir Zelenski arasında yaşanan, qlobal məkanda heç vaxt unudulmayacaq dialoq mövcud situasiyanı ən incə detallarına qədər təsəvvür etmək imkanı yaradır. ABŞ prezidenti ukraynalı həmkarına "Sizin ümumiyyətlə kostymunuz varmı" sualı əsl biabırçılıq idi. Ağ Ev sahibi Ukrayna prezidentinin savaş başladıqdan sonrakı bütün xarici səfərlərdə eyni geyimdə olduğunu nəzərə almağa borcluydu. Və prezident Donald Trampın bunu ABŞ-a qarşı hörmətsizlik kimi qabartması Ağ Ev sahibinin mənasız təzyiq cəhdindən başqa bir şey deyildi.
Prezident Volodimir Zelenskinin isə Ağ Ev sahibinə "Mənim də sizin səs tonunuz mənim xoşum gəlmir" cavabı gözlənilməz olmaqla yanaşı, olduqca cəsarətli reaksiya sayıla bilər. Onun ABŞ-a hörmət etdiyini, ancaq atəşkəsə razılıq verməyəcəyini bəyan etməsi isə Ağ Ev sahibində çaşqınlıq yaradan cavab idi. Və bu, Ağ Ev sahibinin Rusiya prezidenti Vladimir Putin ilə ortaq planlarının risk altında olduğunu göstərən xəbərdarlıq anlamı daşıyırdı.
Prezident Donald Trampın “Mən bilirəm ki, siz qalib gələ bilməyəcəksiniz. Siz üstün mövqedə deyilsiniz. Əlinizdə “kart”larınız yoxdur. Əgər, bizim silahlarımız olmasaydı, bu müharibə dərhal bitərdi" deməsi Ağ Ev sahibinin növbəti səhvi hesab oluna bilər. Çünki məhz bu irad Ukrayna prezidenti Volodimir Zekenski üçün "Mən "kart" oynamıram.Sizin bu dediklərinizi mən Putindən artıq eşitmişəm" cavabına əsas yaratdı. Və bununla da Ukrayna prezidenti özünü "diktator" adlandırmış Ağ Ev sahibini, məhz media qarşısında Rusiya lideri Vladimir Putinin müttəfiqi elan etməklə, intiqam almış oldu.
Bütün bunlardan sonra isə Ukrayna prezidentinin Ağ Evdən qovulması ABŞ liderinin situasiyanı öz xeyrinə çevirmək üçün seçilmiş ən uğursuz variant sayıla bilər. Hər halda, dünyaca ünlü "BİLD" nəşri belə bir iddia irəli sürüb və bununla da ABŞ və Ukrayna arasında nadir minerallarla bağlı müqavilənin ləğv edildiyini qabardıb. Və bu baxımdan, yaxın vaxtlarda ABŞ-Ukrayna münasibətlərində dərin böhranın qaçılmaz olduğu artıq qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, Ağ Ev sahibi Donald Tramp artıq Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya-Ukrayna savaşının sülh yolu ilə həllinə maraq göstərmədiyini iddia edib. Onun fikrincə, Ukrayna lideri ABŞ-ın sayəsində Rusiya qarşısında üstünlük qazanmaq istəyir. Üstünlük deyil, sülh axtarışında olduğunu vurğulayan Ağ Ev sahibi Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini "oval kabinet"də ABŞ-a qarşı hörmətsizlik etməkdə suçlayıb. Və bu, o deməkdir ki, ABŞ-Ukrayna münasibətləri qopma nöqtəsinə çox yaxındır.
Prezident Volodimir Zelenskinin ABŞ səfəri bəzi önəmli məqamları ortaya çıxartdı. Belə ki, ABŞ-ın hazırda Ukraynanın deyil, məhz Rusiyanın yanında olduğu birmənalı şəkildə təsdiqləndi. Yəni, prezident Volodimir Zelenski Ağ Evdə əslində, ABŞ lideri Donald Trampın timsalında məhz Kreml sahibi Vladimir Putin ilə görüşmüş oldu.
Ukrayna lideri birmənalı şəkildə mesaj verdi ki, Tramp-Putin sövdələşməsini tanımayacaq. İndi Rusiya xofu keçirən, ABŞ-ın isə qəzəbindən çəkinən Avropa Birliyi bir az cəsarətli olub, Ukraynaya dəstəyi davam etdirmək qərarı verərsə, Tramp-Putin planının iflasa uğrama ehtimalı da qaçılmaz xarakter daşıya bilər. Və bu baxımdan, Ukrayna savaşı ətrafında yaranmış situasiyanın gələcək inkişaf istiqamətləri böyük ölçüdə məhz "qoca qitə" ölkələrinin mövqeyindən asılı vəziyyətə düşmüş oldu.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert